Əsas Səhifə > Ölkə, Manşet > Səadət Bəktaşi Naxçıvanda da ƏDALƏTİ BELƏ QORUYACAQ?
Səadət Bəktaşi Naxçıvanda da ƏDALƏTİ BELƏ QORUYACAQ?17-03-2023, 09:49 |
DİA.AZ: - Bir neçə gün əvvəl Naxçıvan Ali Məhkəməsinə sədr təyin olunan Səadət Bəktaşi ilə bağlı qalmaqal səngimək bilmir. DİA.AZ bildirir ki, bu dəfə də Qarabağ Qaziləri xanım Bəktaşi haqda verilən təkzib mətninə etirazlarını ifadə ediblər. "Bakı Apellyasiya Məhkəməsi ağ yalan danışır" deyə vurğulanan Qarabağ qazilərinin DİA.AZ-a ünvanladıqları müraciətdə "03.08.2021 tarixli qərar hələ də Qarabağ qazisinə verilməyib" deyə iddia səslənir. Qazilərin redaksiyamıza yolladıqları müraciəti olduğu kimi təqdim edirik: "Mediada Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Səadət Bəktaşi) Qarabağ qazisi Xaliq Abbaszadənin DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası üzrə Bakı İnzibati Məhkəməsinin (h. Nəriman Abıyev) qərarını qüvvədə saxlayan 03.08.2021 tarixli qərarının 2 ildir verilmədiyindən bu günlərdə dərc olunan yazı sözügedən yuxarı instansiya tərəfindən yalanlanıb. Bakı Apellyasiya Məhkəməsi qərarın 20.08.2021-ci ildə tərəflərə təqdim edildiyini bildirib. Bu təkzib – yalanlama ağ yalandır. Birincisi, Qarabağ qazisi bu iki ildə dəfələrlə qərarın verilməsini tələb edib və verilmədiyindən dəfələrlə mətbuatda bu özbaşınalıqla bağlı çıxış edib. İndi sədrlik edən hakim Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə sədr təyin edilməsi haqqında məlumat haqlı olaraq pensiyasından və kassasiya hüququndan məhrum edilən iddiaçı Qarabağ əlilində haqlı sual doğurub : Səadət Bəktaşi 03.08.2021 tarixli qərarını da özü ilə Naxçıvana aparıbmı? Bakı Apellyasiya Məhkəməsinin yalançı yalanlamasından - təkzibindən belə bəlli olur ki, Səadət xanım qərarı özü ilə aparmayıb, Bakı İnzibati Məhkəməsinə qaytarıb. Qarabağ qazilərinin şikayəti isə qərarın iddiaçıya verilməməsindəndir. Yalançı təkzib etməklə iş bitmir, hanı qərarın təqdim edilməsinin sübutu? Xatırladırıq ki, məhkəmə sənədləri – birinci instansiya, apellyasiya və ali məhkəmənin aktları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 134-cü maddəsinə əsasən rəsmi qaydada verilməlidir. MPM-in 135.1 maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Çatdırılıbmı? Bakı Apellyasiya Məhkəməsinin həmin sifarişli poçt məktubu hanı? MPM-in 135.2 maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan ..qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə , rabitə orqanları tərəfindən ŞƏXSƏN VERİLİR. Verilibmi? Hanı məhkəməyə qaytarılan qəbzin və sənədin kötüyü? Qarabağ qazisinin sənədi alması barədə imzası? Yoxdur! Olsaydı, Bakı Apellyasiya Məhkəməsi “təkzibi”nə əlavə edərdi. Bir də Qarabağ qazisinə qərar verilsə idi, niyə mətbuata verilməməsindən şikayət edirdi, elə kassasiya şikayəti vermək üçün vəkillə təminatı üçün müraciət edərdi. Bütün bunlar və məntiq Bakı Apellyasiya Məhkəməsinin təkzibinin də yalan olduğunu üzə çıxarır. Qarabağ qaziləri məhkəmə aktının verilməsini tələb edir. Gec də olsa, kassasiya şikayəti hüquqlarından yararlanmaq üçün . Qarabağ qaziləri : Məğrur Bədəlsoy Xaliq Abbaszadə Müşfiq İsmayılov Eldar Hüseynov Rövşən Cəfərov Güloğlan Süleymanov və b." Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |