Əsas Səhifə > Ölkə, Manşet > Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi dələduzların işinə gizli baxır

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi dələduzların işinə gizli baxır


6-04-2023, 10:22
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi dələduzların işinə gizli baxır
Paytaxtda bir mənzili bir neçə nəfərə sataraq dələduzluğa görə həbs edilmiş "Sahil S İnşaat" tikinti şirkətinin rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlayıb. Bu barədə Anaxeber.info-ya məlumat verən tikinti şirkətinin zərər çəkənləri qeyd edirlər ki, indiyə qədər artıq üç məhkəmə prosesi keçirilib. Onların sözlərinə görə, məhkəmə prosesinə hakim Əli Məmmədov sədrlik edir. Sakinlər bildirirlər ki, növbəti məhkəmə prosesi aprelin 10-da keçiriləcək. "Lakin nə keçirilmiş üç məhkəmə prosesində iştirak etməyimiz üçün bizə bildiriş göndərilib, nə də ayın 10-da baxılacaq işlə bağlı hələ də bildiriş almamışıq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov gizli şəkildə prosesi başlayıb və elə çıxır ki, məsələni bizdən xəbərsiz başa vurmaq istəyir. Bu işdə zərər çəkən vətəndaşlar var və hakim Əli Məmmədovun borcudur ki, bildiriş göndərilsin, iştirakımız təmin edilsin, təqsirləndirilən şəxslərin əməlləri ilə bağlı məhkəmə proseslərində ifadə verək. Eyni zamanda, bizim hüquqi nümayəndəmiz, vəkilimiz olmalıdır ki, hüquqlarımızı müdafiə etsin, vəsatətlər qaldırsın. Ancaq hakim Əli Məmmədov tam qanunsuzluq edərək işə birtərəfli qaydada baxır. Biz yaxşı xatırlayırıq ki, bundan əvvəl bir dəfə şirkətdə vəzifə tutan Pənah Kərimovu azad etmişdilər. Sonra bizim protestimiz əsasında yenidən həbs edildi. Hakim Əli Məmmədovun işə zərər çəkən şəxslərin iştirakı olmadan baxması bizdə şübhələr yaradır ki, təqsirləndirilənlərin azad olunması üçün iş gedir" - deyə tikinti şirkətinin aldadılmış sakinləri Ədliyyə naziri Fikrət Məmmədova müraciətdə qeyd ediblər. Onlar ədliyyə naziri Fikrət Məmmədova müraciətdə hakim Əli Məmmədovun bildiriş göndərilmədən oğrun-oğrun, xəlvəti şəkildə məhkəmə proseslərini aparmasına diqqət yetirməsini xahiş ediblər: "Biz cənab nazirin bu işi nəzarətə götürməsini rica edirik. Çünki hakim Əli Məmmədovun həmin dələduz şirkət rəhbərləri olan Taley Alaverdiyev və Pənah Kərimovla hansısa formada sövdələşməyə getmədiyinə bizə kim zəmanət verə bilər? Kim deyə bilər ki, hakim onlarla öz marağının təmin olunması müqabilində anlaşma qurub və yüngül bir cəza kəsəcək, yaxud şərti cəza ilə ev dustaqlığına buraxmayacaq? Yəni üç məhkəmə prosesi gizli keçirilib, bizim xəbərimiz olmayıb, zərər çəkənlərin fikri soruşulmayıb, növbəti prosesə 4 gün qalır və hələ də bildiriş gəlməyib, o zaman hakim Əli Məmmədov necə baxır ? Onun gizli şəkildə məhkəmə-istintaq aparmaqla məqsədi nədir ? Ona görə cənab ədliyyə nazirindən xahiş edirik ki, bu hakimin fəaliyyəti araşdırılsın, eləcə də bizim prosesdə iştirakımız təmin edilsin".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi dələduzların işinə gizli baxır

Vətəndaşlar yeni təyin olunan Ali Məhkəmənin sədri İnam Kərimovun da bu məsələyə diqqət yetirməsini xahiş ediblər. Sakinlərin sözlərinə görə, MTK rəhbərliyinin məhkəmə prosesi açıq keçirilməlidir, burada bütün tərəflərin, o cümlədən medianın iştirakı təmin edilməlidir: "Onlar terror törətmiş, yaxud vətənə xəyanət ittihamı ilə həbs edilmiş şəxslər deyil ki, hakim Əli Məmmədov işə qapalı iclasda baxır. Biz görmüşük ki, casusluq və ya terror ittihamı ilə tutulanların işinə qapalı iclasda baxılır. Bizim işimizdə dələduzluq əməlindən söhbət gedir, 165 ailə fırıldağın qurbanı olub və indi hüquqlarını tələb edirlər. Hakim Əli Məmmədov bizim iştirakımızı təmin etməklə yanaşı, həm də Taley Alaverdiyevin şirkət üzərində səlahiyyətlərinə xitam verməlidir. Biz tələb edirik ki, bu haqda məhkəmədə iştirak edəcəyimiz halda vəsatət qaldıraq və onun şirkət üzərində hüquqdan məhrum edilsin. Çünki istintaq altında olanda kreditlərin ödənişi ilə bağlı maliyyə arayışlarını qol çəkirdi, indi məhkəməsi gedir deyə möhür vurmaqdan imtina edir. Nəticədə biz sakinlər binanın yarımçıq qalmış işlərini Taleyin ucbatından tamamlaya bilmirik. Dələduzluq etmiş şəxsin həbsdə ola-ola şirkət üzərində hələ də səlahiyyətinin qalması absurddur və hakim Əli Məmmədov hə şirkətdə rəhbər hüququndan onu məhrum etməli, həm də məhkəmədə iştirakımız təmin olunmalı, vətəndaşların ifadəsi alınmalıdır. Ümidvarıq ki, cənab Fikrət Məmmədov bu faktı dərhal nəzarətə götürəcək".
//anaxeber.info//
Geri qayıt