Əsas Səhifə > Ölkə, Manşet > TƏHMƏZOV MÖCÜZƏSİ...

TƏHMƏZOV MÖCÜZƏSİ...


13-04-2023, 08:22
TƏHMƏZOV MÖCÜZƏSİ...
AQTA-nın aprelin 6-da ölkənin kolbasa və sosiska istehsalçısı olan nüfuzlu şirkətlərinə qarşı «Səlib yürüşü» barədə özünün yaydığı rəsmi məlumatından tanışsınız. Lakin AQTA-nın bu rəsmi məlumatının, necə deyərlər, heç mürəkkəbi qurumamış öz qərarını ictimaiyyətdən gizli saxlayaraq dəyişməsindən isə yəqinki qəti xəbəriniz yoxdur. Niyə yoxdur, bu artıq başqa bir söhbətin mövzusudur.

Budur, AQTA məlum bəyanat-hədə dolu məlumatında yazırdı ki, «…AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan bu kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər!!!».

Bu, əslində, əhalidən daha çox istehsalçı müəssisələr üçün ölüm hökmü demək idi! O mənada ki, istehsal olunan və yararlıq müddəti az bir zamanla ölçülən məhsulu alan yoxdursa, şirkət dərhal bağlanmalı, müflis olmalıdır. Ərzaq məhsulları sırasında isə əhalinin daim sevərək istifadə etdiyi kolbasa və sosiskalara aid bu xəbərdarlıq artıq ciddi idi. Amma və lakin… «Təzadlar»ın əməkdaşlarının fəallığı və sayıqlığı sayəsində aşkar olundu ki, AQTA, sərt səslənsə də, istehlakçılarla məzələnib, istehsalçılarla isə əməllicə oyun oynayıb. Biz bunu faktlarla söyləyirik və ötən yazıda bunu sübut edən rəsmi cədvəlləri müqayisəli şəkildə təqdim etmişik.

***

Beləliklə, AQTA «Səhliyalı» MMC-nin ardınca, "Mir 2016" MMC ilə də, deyəsən, dil tapıb. O mənada ki, dünən əhaliyə sərt müraciətlə məhsullarını yeməməyi tapşırdığı bu şirkətin adına yazılmış ciddi mənfi məlumatda görün 6 aprel tarixindəki bəyanatında əvvəl nə yazmışdır: «"Mir 2016" MMC-nin "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının 04.02.2023-də laborator analizi nəticəsində məlum olmuşdur ki, üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb».

Hə, sən saydığını say, gör AQTA nə sayır! Bir gün sonra həmin bu məlumat hansısa «danışıqlardan» sonra indi görün, özü də ictimaiyyətə-əhaliyə xəbər verilmədən xəlvətcə necə təhrif edilərək dəyişdirilib: «"Mir 2016" MMC-nin "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının 04.02.2023-də laborator analizi nəticəsində məlum oldu ki, üzərində mal əti və donuz piyi bəyan edilsə də, tərkibində yalnız donuz DNT-si aşkarlanıb».

Vallah, ayıblı bir işdir! Prezident Fərmanı ilə yaradılmış, rəhbərliyinin gələcək fəaliyyətinə etibar və etimad olunmuş AQTA-dan bunları heç kim gözləmirdi. Elə istehlakçılar da, gözü yolda, qulağı səsdə olan istehsalçılar da. Hansı ki, son vaxtlar AQTA barədə inanmaq istəmədiyimiz xəbərlər gəlir…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Geri qayıt