Əsas Səhifə > Ölkə, Manşet > Səlim Müslümovun Qazaxdakı adamı öz iştahasını necə ram edə bilmədi...

Səlim Müslümovun Qazaxdakı adamı öz iştahasını necə ram edə bilmədi...


29-01-2014, 10:30
Səlim Müslümovun Qazaxdakı adamı öz iştahasını necə ram edə bilmədi...
DİA.AZ: - Redaksiyamıza Qazax rayonunda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzində baş alıb gedən özbaşnalıqlardan, bu ƏSMM-nin rəhbərliyi tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması hallarından bəhs edən material daxil olub. Bildirək ki, bu faktları DİA.AZ-a açıqlayan qaynaq özünü “bir qrup rayon sakini” kimi təqdim edir.

Daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, Qazax rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Akif Vəliyev işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Məlumatda deyilir:

“Plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir üsul, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Akif Vəliyev tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Qazax ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Qazax şəhər sakini Abbasov Azər İsgəndər oğlu öz ərizəsi ilə dəfələrlə ayrı-ayrı yerlərə müraciət edib və ona məxsus olan sosial yardım kartının artıq 3 aydır ki, Akif Vəliyev tərəfindən saxlanılaraq sahibinə verilmədiyini iddia edir. Azər Abbasov dəfələrlə ƏSMM rəhbərinə müraciət etsə də, hər dəfə aldığı cavab bu olmuşdur ki, vaxtı çatanda kartı alacaqsan. Bu vaxtın nə zaman tamam olacağı isə Azər Abbasova hələ də məlum deyil”.

Daha sonra daxil olan məlumatda A.Vəliyevin vətəndaşlara ayrılan sosial yardımın bir hissəsini mənimsəməyə yönəlmiş növbəti cəhdinin hətta Qazax ƏSMM-də xoşagəlməz insidentin yaşanmasına səbəb olması barədə də məlumat verilir. Belə ki, bir müddət əvvəl, rayonun Bağanis Ayrım kəndindən məcburi köçkün düşmüş və ailəsi ilə birgə Qazax şəhərində yaşayan vətəndaş Yoloğlu Məmmədov sosial yardım almaq məqsədilə ƏSMM-nə müraciət etmişdi. Vətəndaşı qəbul edən Akif Vəliyev isə ilk növbədə yardım ayrılması “şərtləri” ilə Y.Məmmədovu tanış etmişdi. Başqa sözlə, ƏSMM rəhbəri ilk altı ay ərzində yardım pullarını özü götürəcəyini bildirmişdi. Yoloğlu Məmmədov isə dövlət yardımının aztəminatlı vətəndaşlar üçün ayrıldığını əsas gətirərək bu pulu heç kimlə bölüşmək fikrində olmadığını bildirib. Nəticədə, tərəflər arasında yaranan münaqişə zəminində Akif Vəliyev məcburi köçkün statusu olan vətəndaşı qəddarcasına döyərək, otağından qovmuşdu. Lakin, Yoloğlu Məmmədov da bu vəziyyətlə barışmayaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə zəng vurmuş, baş vermiş hadisə barədə məlumat vermişdi.

Məlumatlarda həmçinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qazax rayonu ƏSMM-də müvafiq yoxlamaların aparıldığı bildirilir. Qeyd etməyə bilmərik ki, belə bir insidentin araşdırıldığı məqamda Akif Vəliyevin digər bir vətəndaşla da eyni problemin yaradılması, ƏSMM rəhbərinin özünə, daha dəqiq desək himayədarlarına olan sonsuz güvəncindən xəbər verir. Hər halda, Akif Vəliyev bu dəfə də törətdiyi əməllərə görə heç bir cəza almayacağından tam əmin olmasaydı, ən azından Yoloğlu Məmmədovla baş vermiş insident öz həllini tapana qədər ƏSMM rəhbəri öz nəfsini bir qədər cilovlamağa çalışardı...

Bütün bu ittihamlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt