Əsas Səhifə > Ölkə, Manşet > Ruslan müəllim sayğac dəyişdirilməsini BİZNESİNƏ ÇEVİRİB
Ruslan müəllim sayğac dəyişdirilməsini BİZNESİNƏ ÇEVİRİB8-05-2023, 09:57 |
“Bu günlərdə “Azəriqaz” İB smart tipli sayğacların ağıllı sayğaclarla əvəzlənəcəyi barədə bəh-bəhlə məlumat yaydı. Və qürurla bütün xərclərin “Azəriqaz” tərəfindən qarşılanacağını bildirdi. Şəxsən mənim evimdə son 5-6 ildə təxminən 2-3 dəfə sayğac dəyişib”. DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu fikirləri sosial media hesabında tanınmış jurnalist Azər Cabbarov yazıb. “Bu zaman vətəndaşdan hər hansı bir ödəniş alınmaması müsbət haldır, amma bu fantastik məbləğlər vaxtaşırı dövlətə yüklənirsə, bunun nəyi yaxşıdır? Ümumiyyətlə, bu iri dövlət qurumları niyə işini elə qurmur ki, hər 3-5 ildən bir sayğaclar və ya bunabənzər avadanlıqlar kütləvi halda dəyişdirilməsin? Axı dövlətin adı ilə xərclədiyiniz vəsait biz vətəndaşların vergiləri və başqa ödəmələri hesabına formalaşır? Sualım daha yaxşı anlaşılsın deyə, loru dildə belə səsləndirim: Əziz dövlət qurumları, dövlətimizin pullarını niyə və hansı haqla havaya sovurursunuz? Bu işləri elə görmək olmazmı, hər 3-5 ildən bir sayğac dəyişdirmək, yeni avadanlıq qurmaq, təmir-quraşdırma və ya bunlara bənzər min cür bəhanələrlə xalqın pulunu dağıtmayasınız? Mən Bakının “Sovetski” adlanan yerində yaşayırdım. 10 il əvvəl artıq oraların söküləcəyini az qala məhəllənin pişikləri də bilirdi. Təsəvvür edirsinizmi, camaat əşyalarını topladığı, köçməyə hazırlaşdığı günlərdə orada küçələrə tələm-tələsik işıq dirəkləri basdırdılar! Söküləcək əraziyə! İndi də “Azəriqaz” smart tipli sayğacların ağıllı sayğaclara dəyişdiriləcəyini bəyan edir. Əzizlərim, 3 ildən sonra da daha super ağıllı sayğaclarla qapımıza gələcəyinizi gözləyəkmi? Nədənsə ziyanla çalışan iri dövlət qurumlarının belə irimiqyaslı “əməliyyatları” əhalidə haqlı şübhələr doğurur. Bu sayğaclara xərclənəcək vəsaitin miqdarı, işçilik qiyməti, tender şərtləri və şəffaflığını təmin edəcək məlumatları da belə əliaçıqlıqla sağa-sola paylaşacaqsınızmı? Bəlkə xərclənəcək bu vəsaiti vətəndaşlara satılan mavi yanacağın qiymətinin aşağı salınmasına, yaxud limitin ləğv edilməsinə sərf edəsiniz? Deyəsən, bu, sizə sərf etmir? Hesablama Palatasının son məlumatında dövlət qurumlarında aparılmış bütün auditlər zamanı maliyyə pozuntularının aşkarlandığı bildirilib. Sabah növbəti auditlər zamanı sizin də adınızın o siyahıda olmayacağına zəmanət verirsinizmi?”, – deyə jurnalist bildirib. Geri qayıt |