Əsas Səhifə > Ölkə, Manşet > Vasif Talıbova SÜNİ NƏFƏSLİK...
Vasif Talıbova SÜNİ NƏFƏSLİK...12-05-2023, 10:46 |
Vasif Talıbov ötən il dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri postundan istefa verəndən sonra muxtar respublikada köklü kadr dəyişiklikləri aparıldı. Başda Naxçıvan prokurorunun köməkçisi vəzifəsində çalışan qardaşı Məhərrəm Talıbov və Naxçıvan Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsini tutan oğlu Seymur Talıbov olmaqla, keçmiş sədrə yaxın olan xeyli adam muxtar respublikadakı postları ilə vidalaşmalı oldu. DİA.AZ Yenisabah.az-a istinadla bildirir ki, Fuad Nəcəflinin prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi təyin edilməsindən sonra islahat dalğası daha geniş vüsət aldı. Naxçıvan Muxtar Respublikasında hökumət üzvü olan bir neçə nazir, komitə sədri və digər rəsmi şəxslər işdən çıxarıldı. Adı Vasif Talıbovla işbirliyində hallanmayan yeni kadrlar Naxçıvanda müxtəlif qurumların başına gətirildi. Qeyd edək ki, V.Talıbov və yaxın ətrafı əvvəlcə baş verənləri seyr etməklə kifayətləndi. “Xan” və çevrəsi muxtar respublikada gedən dəyişikliklərə münasibət bildirməkdən hər vəchlə yayındı. Hətta ilk vaxtlar onlar cəmiyyətdən tamamilə təcrid olunmağa üstünlük verdilər. Ötən 5 ay ərzində V.Talıbovun heç bir ictimai məkanda görünməməsi hətta xeyir-şər məclislərinə belə qatılmaması bunu sübut edir. Vasif Talıbovun və adamlarının həmişə belə qalacağı və heç vaxt sükutu pozmayacağı gözlənilsə də, hazırda bunun əksi baş verir. Naxçıvandakı mənbələrin saytımıza bildirdiyinə görə, talıbovçular son günlər yerli idarəçilikdən narazılıqlarını açıq şəkildə dilə gətirməyə başlayıblar. Onlar xeyir-şər məclislərində, iaşə obyektlərində Naxçıvanda vəziyyətin gündən-günə pisləşdiyini deməkdən çəkinmirlər. Talıbov dövrünün xiffəti ilə yaşayan bu adamlar ötən günlərə qayıtmaq arzularını gizlətmirlər. İndi onların dilindən “Vasif Talıbovun vaxtında vəziyyət bundan qat-qat yaxşı idi” məzmunlu iradları tez-tez eşitmək mümkündür. Aldığımız məlumata görə, talıbovçular sosial şəbəkələrdə də açıq və gizli profillərdən yerli rəhbərlik əleyhinə təbliğat aparırlar. Onlar ətin, meyvə-tərəvəzin, digər ərzaq məhsullarının qiymətinin artmasından şikayətlənirlər. Tez-tez V.Talıbovun dövründə ətin qiymətinin 9 manat olduğunu, indi isə 15 manata qalxdığını deyərək Naxçıvanın indiki rəhbərliyini tənqid edirlər. Mənbə həmin şəxslərin birbaşa Vasif Talıbovdan təlimat aldığını iddia edib. Onun sözlərinə görə, “xan” özünü “heç nəyə qarışmayan adam” kimi göstərsə də, prosesləri dirijor çubuğu ilə məharətlə idarə edir. Geri qayıt |