Əsas Səhifə > Ölkə, Manşet > “Bir qalanın sirri”: Seymur Talıbovun “Naxtel”i digər operatorlardan niyə ucuz imiş?
“Bir qalanın sirri”: Seymur Talıbovun “Naxtel”i digər operatorlardan niyə ucuz imiş?20-06-2023, 08:33 |
Naxçıvanın bir mobil telefon operatoru var – “Naxtel”. 2015-ci ilin iyul ayında “xanzadə” Seymur Talıbov tərəfindən Naxçıvan şəhərində təsis olunub. "Naxtel" 4-cü nəsil GSM + LTE operatorudur. Hazırda 118 baza stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. Azərbaycanda ən ucuz xidmət göstərən mobil telefon operatorudur. Sual oluna bilər: “Naxtel” amansız rəqabət şəraitində xeyli dar abunəçi potensialı ilə hər kəsdən daha ucuz xidməti necə göstərə bilib? Əldə etdiyimiz sənədlər bu ucuz və keyfiyyətli fəaliyyətin heç də Seymur Talıbovun qeyri-adi istedadından irəli gəlmədiyini təsdiqləyir. Sən demə, digər mobil telefon operatorları fəaliyyət göstərmək üçün hər ay Rabitə və Yeni Texnologiyalar Nazirliyinə pul ödədiyi halda, “Naxtel”in bütün xərclərini nazirlik öz öhdəsinə götürübmüş. Özü də texnologiyaların alınmasından elektrik enerjisi xərclərinə qədər. “Naxtel”in abunələrdən yığdığı pul isə Seymur “xanzadə”nin cibinə axırmış. Beləcə, Naxçıvan MR nəinki öz büdcəsini təmin edə bilmirmiş, hətta Azərbaycanın ona ayırdığı dotasiyaları da yeyirmiş. Maraqlıdır ki, “xan” həzrətlərinin taxtı laxlayan kimi, Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyi “Naxtel”ə rəsmi məktublar yazaraq, müxtəlif vaxtlarda ona verdiyi pulları geri istəməyə başlayıb. Həmin məktublara Seymur Talıbovun hansı cavablar verdiyi barədə hər hansı informasiyaya malik deyilik. Ancaq rəsmi məktublardan bir neçəsini ələ keçirə bilmişik. Buyurun, abunəçi sayının “Bakcell” və ya “Azercell”lə müqayisədə xeyli az olmasına baxmayaraq, “Naxtel”in niyə bu qədər ucuz xidmət göstərdiyinin sirlərini təsdiqləyən sənədlərlə tanış olun. Sonda onu da bəyan edək ki, “Naxtel”ə yaradılmış bu şərait azad rəqabət imkanlarını məhdudlaşdırdığı üçün Azərbaycanda qüvvədə olan bütün iqtisadi qanunvericiliyə ziddir. Bu cinayətlərə yol verən Naxçıvan MR Rabitə və Yüksək Texnologiyalar naziri Vüsal Sevdimalıyev isə hələ də postundadır və “xan” həzrətlərinin nə vaxt geri qayıdacağını səbrsizliklə gözləyir. //ovqat.com// Geri qayıt |