Əsas Səhifə > Ölkə, Manşet > Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir...

Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir...


7-07-2023, 09:05
Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir...
Açığını deyim, Naxçıvanda hələ də iməcliklərin keçirilməsini dünən Prime TV-dəki növbəti debatımız zamanı eşitdim və çox təəccübləndim. Mən elə bilirdim ki, “xan” həzrətləri ilə bərabər iməcliklər də tarixə qovuşub. Sən demə, elə deyilmiş.

Yəqin ki, iməcliklərin istirahət günlərində keçirilməsi heç kimə sirr deyil. Bu isə o deməkdir ki, Naxçıvan əhalisi hələ də istirahət hüququndan istifadə edə bilmir. Halbuki istirahət hüququ Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş ən fundamental insan haqlarından biridir. Konstitusiyanın 37-ci maddəsində deyilir:

“I. Hər kəsin istirahət hüququ vardır.

II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir”.

Göründüyü kimi bu maddədə istirahət hüququ deyilərkən əsas 3 prinsip müəyyən olunur: “gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günü”. Bu konstitusion hüquq Azərbaycanın Əmək Məcəlləsinin 104-cü maddəsində daha aydın şəkildə ifadə olunur:

“1. Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır”.

Deməli, Naxçıvanda vətəndaşların hər həftə sonu zorla iməcliklərə cəlb olunması Konstitusiyanın və Əmək Məcəlləsinin onlara verdiyi istirahət hüququnun kobud şəkildə pozulmasıdır.

Naxçıvanda Vasif Talıbov ənənələri davam və inkişaf etdirilir...

Ən dəhşətlisi isə odur ki, iməcliklərə zorla cəlb olunan Naxçıvan camaatı bu xüsusiyyəti ilə nəinki müasir çağımızın, hətta insanlıq tarixinin ən hüquqsuz təbəələri qismində görünürlər. Çünki həftə sonlarının istirahət günü elan olunması, bir çoxlarının düşündüyü kimi, 19 əsrin sonlarında ortaya çıxmayıb. Biz qədim tarixi məxəzlərdə də bu iş vaxtı bölgüsünə rast gəlirik. Məsələn, Tövrata görə, yəhudilər Şabbat günü heç bir iş görməməli, hətta əllərini əmək alətlərinə və pula vurmamalıdırlar. Əks halda bu, bağışlanmaz günah kimi onların əməl dəftərinə yazılacaq və şabbat qanunlarını pozanlar axirətdə bunun hesabını verəcəklər. Tövratın istirahət günündə hətta pul müqabilində işləməyi belə, bu dərəcədə qəti hökmlə qadağan etməsi onu göstərir ki, istirahət hüququnun insanlara verilməsi bəşər tarixində ən qədim dövrlərə qədər gedib çıxır.

Bəs onu da bilirsinizmi ki, Tövrata bu qadağanın əlavə olunması yəhudilərin Fələstin torpaqlarından Babilə sürgün edilməsindən sonrakı dövrlərə düşür? Hardasa 2600 il əvvələ. Belə ki, Yerusəlim bizim eradan əvvəl 600-ci illərdə Babil kralı Nebuchadnezzar tərəfindən işğal olunandan sonra bütün yəhudilər imperatorluğun mərkəzi əyalətlərinə köçürülmüş və bu hadisə onların dini dünyagörüşündə də kəskin qırılmalara yol açmışdı. Məğlubiyyəti öz tanrıları Yəhudanın Babil tanrısı Marduka uduzması kimi alqılayan yəhudilər Babil həyatına inteqrasiya olunmağa başlamış və onların bəzi dini adət-ənənələrini də mənimsəmişlər. Bir çox tarixçilər şabbat günü anlayışının da Babillərdən yəhudilərə keçdiyinə inanırlar. Babillər isə bu inanışı şumerlərdən almışlar. Bugünkü şumer mətnlərində də istirahət günü anlayışının yer alması tarixçilərin bu təsbitini doğrulayır.

Məşhur amerikalı alim Samuel Noah Kramerin ən çox tanınan bir kitabı var: “Tarix şumerlərdən başlayır”. Kitabın adı belə sübut edir ki, bəşər tarixinin başlanğıc nöqtəsi şumerlərdir. Belə çıxır ki, bu gün zavallı Naxçıvan insanının zorla əlindən alınan istirahət hüququ da şumerlərdən başlayır. Şumerlərin b.e.ə. 4-cı minillikdə ortaya çıxıb 2-ci minilliyə qədər hökm sürdüyünü və daha sonra öz ənənələrini Babillərə ötürərək tarixə qovuşduqlarını nəzər alsaq, görərik ki, istirahət hüququnun ən azı 4000-5000 illik yaşı var. Naxçıvana isə bu hüquq hələ də gəlib çıxa bilməyib.

Bir çoxları Naxçıvanda yaşanan bütün neqativ halları onun blokada vəziyyətində qalması ilə izah edirlər. Əslində haqlıdırlar: Naxçıvan təkcə Azərbaycanla əlaqədə blokada vəziyyətində deyil. O, həm də bəşər tarixi ilə blokada vəziyyətindədir. İnsanoğlunun minilliklərlə üst-üstə toplanıb bərqərar olmuş indiki inkişaf mərhələsi nə yazıq ki, Naxçıvandan yan keçib. İstirahət günlərində keçirilən zorən iməcliklər də bunun ən bariz sübutudur.

Heydər Oğuz,
Ovqat.com

Geri qayıt