Əsas Səhifə > Ölkə, Manşet > Külüslü direktor indi də HƏRBƏ-ZORBA GƏLİR...

Külüslü direktor indi də HƏRBƏ-ZORBA GƏLİR...


13-11-2023, 10:49
Külüslü direktor indi də HƏRBƏ-ZORBA GƏLİR...
Şahbuz rayon Külüs kənd orta məktəbində direktorun müəllimlərə yaratdığı internet problemi ictimailəşdikdən sonra qismən həll olunub. Lakin, məktəb direktoru Nicat Abdullayev problemi ictimailəşdirən müəllimləri üzə çıxarmaq üçün bütün kollektivi polislə hədələyir. Bu haqda „Gündəlik Naxçıvan“a müəllimlər özləri məlumat verib.
Bir neçə gün öncə Külüs kənd orta məktəbinin müəllimləri bildirmişdi ki, direktor internetə giriş şifrəsini gizli saxladığından, virtual dərs vəsaitlərindən istifadə edə bilmirlər. İnternetə giriş qadağasına səbəb isə, müəllimlərdən birinin məktəbdəki pozuntularla bağlı canlı yayıma cəhd etməsi olub. Səhifəmiz təhlükəszlik səbəbindən internet qadağası ilə bağlı məlumatı verən müəllimlərin adlarını açıqlamayıb.
Müəllimlər bildirir ki, problem ictimailəşdikdən sonra Şahbuz Rayon Təhsil Şöbəsi direktoru tənbeh edib və məsələnin dərhal həll olunması göstərişini verib:
„Ictimailəşdikdən sonra məktəbdə internet problem qismən həll olunub. Tam sərbəst giriş olmasa da, artıq məktəbdəki bəzi vacib siniflərdə kompüterlər internetlə təmin olunub. Lakin, direktor tənbeh olunmasından çox acıqlıdır və problemi ictimailəşdirənləri tapıb, cəzalandırmaq istəyir. Bizə dedi ki, ya məlumat verənlər özləri üzə çıxsın, ya da polis çağırıb, bütün müəllimlərdən bir-bir izahat aldıracaq, istintaq vasitəsi ilə „günahkarlar”ı tapacaq. Məktəb müəllimlərinin əksəriyyəti qadınlardır. Bu hədədən sonra ən çox onlar qorxuya düşüb”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat sözçüsü Novruz Məmmədov müəllimlərin hədələnmə ilə bağlı iddialarını rədd edir:
“Elə bir şey ola bilməz, biz bu məsələni diqqətdə saxlayırıq. Bundan əlavə, bizim bütün məktəblərimizdə internet var. Sadəcə, məktəbdə bəzi müəllimlər var ki, onların məqsədləri bilinmir“.

Mənbə: „Gündəlik Naxçıvan“
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt