Əsas Səhifə > Ölkə, Manşet > Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir?
Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir?9-03-2024, 17:25 |
Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşaraq komaya düşdü. Bu hadisədən sonra uşağın atası Zamin Babayev mediaya açıqlama verərək Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkildiyini bildirdi. Bəs, doğrudanmı Bakı sağlamlıq Mərkəzinin stomatoloji kabinetində baş verən biabırçı hadisəyədək oksigen xətti olmayıb? Axı hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılan, şəhərin mərkəzində yerləşən, digər tibb müəssisələri ilə müqayisədə yalnız və yalnız ödənişli xidmət göstərən Bakı Sağlamlıq Mərkəzində ümumiyyətlə vəziyyət nə yerdədir? Büdcədən hər il bu tibb müəssisəsinə nə qədər pul ayrılır? Baş direktoru nun adı illərdir müxtəlif qalmaqallarda, maxinasiyalarda hallanan Bakı Sağlamlıq Mərkəzində reallıq necədir? AzFakt.com saytı Bakı Sağlamlıq Mərkəzinin sifarişçi olduğu bir neçə satınalma üzərində araşdırma aparıb. Araşdırmamız zamanı məlum oldu ki, bu müəssisə cari ilin ilk 2 ayında xərclədiyi vəsait on milyon manata yaxındır: Bakı Sağlamlıq Mərkəzi bu ilin yanvar ayının 15-də "Tibbi avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub. Tenderin məbləği 4.9 milyon manat, qalibi isə "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. Bakı Sağlamlıq Mərkəzi bu tenderdən 9 gün sonra- yanvar ayının 24-də "Dərman preparatları, laboratoriya tibbi sərf malları və kardioloji invaziv əməliyyatlarda istifadə edilən xüsusi tibbi sərf mallarının satınalınması" lotu üzrə daha bir tenderə yekun vurub. Bu tenderin məbləği 4.6 milyon manat olub. Tenderdə bu dəfə də "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. Mərkəzin ötən ilin sentyabr ayının 27-də yekunlaşdırdığı "Informasiya texnologiyaları avadanlıqlarının satınalınması" adlı tenderin məbləği isə nə az -nə çox - 557.669 manat təşkil edib. Bu tenderdə isə "Az Services" MMC qalib seçilib. Bakı Sağlamlıq Mərkəzinin çoxrəqəmli tenderlərindən biri isə 2023-cü aprel ayının 17-də keçirilib. "Maye oksigenin satınalınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 120,360 manat, tenderin qalibi isə "Çinar-Servis" İstehsalam Kommersiya Firması olub. Bəs yuxarıda da qeyd etdiyimiz kimi büdcədən milyonlar ayrılan Bakı Sağlamlıq Mərkəzinin real durumu necədir? Araşdırmamız zamanı məlum oldu ki, hər il milyonlarla manat xərclənən Bakı Sağlamlıq Mərkəzində vəziyyət heç də ürəkaçan deyil. Belə ki, Mərkəzə ayaq basan ilk adam burada döşəmədə oynayan sınıq-salxaq daşların üzəri ilə birtəhər özünü qeydiyyat şöbəsinə çatdırmalıdır. Sınıq-salxaq, yerindən qopan döşəmə daşların üzərindən qeydiyyat şöbəsinə çatan şəxs allahına şükür eləməyə macal tapmamış soyğun başlanır. Qiymətlər heç də özəl xəstəxanalardan fərqlənmir. Keyfiyyət sıfır olan Mərkəzdə həkimlərin əksəriyyətinin savadsız olduğu bildirilir. Məlumata görə Bakı Sağlamlıq Mərkəzində savadlı həkimlərin çalışmaq istəməməsinin əsl səbəblərindən biri müəssisənin rəhbərliyi ilə bağlıdır. Belə ki, Mərkəzin baş direktoru Asiman Həsənovun burada əsl avtoritar rejim yaratdığı deyilir. Mərkəzə üz tutan xəstələrin əsasən Asiman Həsənova xüsusi yaxınlığı ilə seçilən həkimlərə yönləndirilir. Günün bir neçə saatını Mərkəzdə keçirən Asiman Həsənovu əsas maraqlandıran məsələ burada yığılan vəsaitlərin miqdarıdır. Araşdırmamız zamanı o da məlum oldu ki, Bakı Sağlamlıq Mərkəzində illərdir həkimlik karyerası olanların yox, baş direktora yaxın olan çevrənin sözü daha keçərlidir. Hətta bu "çevrə"nin Mərkəzdə işə qəbul məsələlərinə də baxdığı vurğulanır. Əlbəttə ki, bizi Bakı Sağlamlıq Mərkəzini kimlərin idarə etdiyi, daha doğrusu "fırlatdı" yox, bu müəssisənin əhalinin sağlamlığı keşiyində necə dayandığı, ayrılan milyonlarla vəsaiti necə xərclədiyi daha çox maraqlandırır. Qeyd etdiyimiz kimi Bakı Sağlamlıq Mərkəzi son iki ayda dərman vasitələri və preparatlarına, tibbi sərf materiallarına üst-üstə on milyon manata yaxın vəsait xərcləyib. Amma bu müəssisədə əməliyyata alınan şəxslərin əksəriyyətinə kənardan dava-dərman aldırırlar. Bu barədə sosial şəbəkələrdə xeyli sayda məlumatlar yer alır. O zaman sual olunur, bazada əməliyyat olunan xəstələr üçün dərman preparatı çatmırsa büdcədən ayrılan milyonlar nəyə xərclənir? Daha bir sual olunan məsələ isə Bakı Sağlamlıq Mərkəzinin tenderlərinin qeyri-şəffaf keçirilməsi, daha dəqiqi qalib edilən şirkətlərin rəhbər şəxslərinin Asiman Həsənovla müəyyən maraqlarının birləşməsidir. Bakı Sağlamlıq Mərkəzinin baş direktorunun son illər artan mal-mülklərinin nəyin hesabına əldə edilməsinə gəlincə isə... Bu barədə növbəti araşdırmamızda daha geniş bəhs edəcəyik. Xatırladaq ki, Bakı Sağlamlıq Mərkəzində 19 şöbə fəaliyyət göstərir. Mərkəzə 2019-cu ildən Asiman Həsənov rəhbərlik edir. Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən mövqe ala bilmədik. Geri qayıt |