Əsas Səhifə > Ölkə, Manşet > Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir...
Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir...28-03-2024, 10:27 |
Qusarın Minəxür, Cağaqışlaq, Kuzunqışlaq, Urvaqışlaq kəndləri də daxil olmaqla əksər ərazisində qaz yoxdur. Kəndlilər deyirlər ki, bir maşın odun 350-400 manata qədər bahalaşıb. Buna görə də yanacaq kimi odun ala bilmirlər. Kəndlilərdən Tahir Məmmədəliyev bildirib ki, bu ərazidə heç vaxt qaz xətti olmayıb, amma dağ kəndlərinə qaz xətti çəkilib. Qusarın əksər kəndləri meyvəçiliklə dolanır. Kəndlilər deyirlər ki, hava şəraitinə görə məhsuldarlıq yüksək olmayanda, yaxud məhsulları istədiyi qiymətə sata bilməyəndə dolanışıqları çətinləşir. Əksəriyyət bar verməyən ağacları, qurumuş meyvə ağaclarını doğrayıb qışda odun kimi istifadə edir. “Azərbaycan kimi ölkədə hələ də qazlaşdırılmayan kəndlər var. Qazın olmaması işıq xətlərini də yükləyir, soyuq havalarda xətlər yükləndiyindən işıq tez-tez sönür. Qarşıdan isti havalar gəlir, heç olmasa gələn qış mövsümünə qədər qaz xətti çəkiləydi”,- Məmmədəliyev bildirib. Kuzunqışlaq Kənd Bələdiyyəsinin keçmiş sədri Elman Quliyev Meydan TV-yə deyib ki, 6 kənd qazlaşdırmadan kənarda qalıb. İllərdir hər qış mövsümü qaz xətti çəkiləcəyi ilə bağlı vəd verilir, amma həyata keçirilmir. Altı kəndin 6 mindən çox əhalisi var. Qusarda yalnız turizm obyektlərinin çox olduğu ərazilər qazlaşdırılıb. Elman Quliyev deyib ki, kəndlilər alma, gilas, şaftalı yetişdirməklə dolanır. Qaz xətti çəkilərsə, onların işi asanlaşar. “Azəriqaz” İstehsalat Birliyindən Meydan TV-yə bildiriblər ki, adları çəkilən bir neçə kəndə qaz çəkilməsi bu il üçün nəzərdə tutulub. Geri qayıt |