Əsas Səhifə > Ölkə, Manşet > Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə...
Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə...20-04-2024, 11:45 |
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları tərəfindən satınalmanın planlaşdırılması və icrasına başlanılmazdan əvvəl nəzarət məqsədilə elektron sistem yaradılıb. TNS xəbər verir ki, maliyyə nazirinin müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinə müraciət edərək dövlət satınalmalarına nəzarətin gücləndilməsi, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadənin təmin olunması məqsədilə muxtar respublikanın müəssisə və təşkilatlarına elektron sistemə məlumatların təqdim edilməsi üçün göstəriş verilməsini xahiş edib. Naziri əvəzi 12 fevral 2024-cü il tarixli məktubunda bu elektron sitemin yaradılmasını onunla əsaslandırıb ki, 2023-cü il Naxçıvan Muxtar Respublikası büdcəsinin icrası prosesində bəzi büdcə təşkilatları tərəfindən ciddi zərurət olmadan smeta xərclərində nəzərdə tutulmuş xərclərin israfçılıqla xərclənməsi ilə bağlı satınalma prosesləri həyata keçirilib və lüzumsuz öhdəliklər götürülüb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin imzası ilə muxtar respublikanın dövlət orqanlarının rəhbərlərinə göndərilən məktubda Maliyyə Nazirliyinin müvafiq məktubunun gələcək fəaliyyətlərində nəzərə alınması xahiş olunub. Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qanunun 3.2 – 3.11-ci, 15.7-ci və 47.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanun satınalan təşkilatlar tərəfindən keçirilən bütün satınalmalara şamil edilir. Qanunda dövlət satınalmalarına nəzarət və vahid internet portalı ilə bağlı maddələr var. Qanunun “Dövlət satınalmalarının vahid internet portalı” adlı 15-ci maddəsində göstərilir ki, bu Qanunun 15.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli Qərarı ilə “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə və elektron satınalmanın keçirilməsi Qaydaları” təsdiq edilib. Azərbaycan Respublikasında dövlət satınalmalarına nəzarət funksiyasını həyata keçirən orqan və vahid internet portalının operatoru Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Mövcud qanunvericiliyə görə, satınalma prosedurları yalnız bu portal vasitəsilə həyata keçirilməlidir. Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi başqa dövlət orqanının səlahiyyətlərini mənimsəməyib, dövlət satınalamaları ilə bağlı ikinci bir elektron sistem yaradıb. Halbuki, bu, qanunla qadağandır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi isə muxtar respublikanın dövlət orqanlarını həmin elektron sistemdən istifadəyə təşviq edib. Bu məsələyə aydınlıq gətirilməsi üçün Səlahiyyətli Nümayəndəliyin rəsmi şəxslərinə müraciət etdik. Ancaq suallarımız cavabsız qaldı. Bizə Maliyyə Nazirliyinə müraciət etməyimiz tövsiyə olundu. Rəsmi şəxslər bu məsələnin ictimailəşdirilməsinə isə etiraz etmədilər. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə bundan əvvəl müxtəlif mövzularla bağlı göndərdiyimiz sorğulara cavab verilməyib. Ona görə də biz suallarımızı ictimailəşdirərək aidiyyəti dövlət orqanlarına yönəltməyə qərar verdik. Maliyyə Nazirliyində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq elektron sistem niyə yaradılıb? Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi bu qanunsuzluğun qarşısının alınması əvəzinə dövlət orqanlarını elektron sitemdən istifadəyə niyə təşviq edib? Maliyyə Nazirliyi nəyə görə tabe olduğu Naxçıvan Muxtar Respubliasının Ali Məclisinə və Nazirlər Kabinetinə müraciət etməyib? Ali Məclis və Nazirlər Kabineti Maliyyə Nazirliyinin səlahiyyət həddini aşmasına niyə göz yumub? Ümid edirik ki, aidiyyəti dövlət orqanları bizim suallarımızı cavablandıracaq və bu məsələyə aydınlıq gətirəcəkdir. Geri qayıt |