Əsas Səhifə > Ölkə, Manşet > Böyüklərimizin göz hədəsi ilə ötürülən milli yaddaşımız

Böyüklərimizin göz hədəsi ilə ötürülən milli yaddaşımız


31-03-2014, 09:35
Böyüklərimizin göz hədəsi ilə ötürülən milli yaddaşımız
DİA.AZ: - Doğulub, boya-başa çatdığım Mingəçevirdə onlardan çox idi. Yaşadığımız 70 evlik 5 mərtəbəli binanın bəlkə də tən yarısında onlar yaşayırdı. Can-bir… bəlkə də qəlb-bir də olmuşduq. Amma isinişə bilməmişdik. Eyni auranı, eyni atmosferi təşkil etmədiyimizi yaxşı başa düşürdük… O zaman uşaq olsaq da, belə…

Uşaq olsaq da belə, yaxşı bilirdik ki, ermənilər bizdən biri deyillər. Bunu hiss edirdik.

Onların toylarına da qatılırdıq, onlara qonaq da gedirdik, onları qonaq da qəbul edirdik… Amma…

Ammalar çox idi.

…Bu gün oğlum Domrul məndən 31 mart soyqırımı ilə bağlı soruşdu. 2-ci sinifdə oxuyan uşağın anlayacağı bir dildə ona başa saldım. Amma gördüm ki, anlatdıqlarım da yetərli deyil. Halbuki hələ sovet dönəmlərindən ermənilərin evlərində beşikdə olan körpələrinə də TÜRKLƏR bir düşmən olaraq anladılırdı. Amma mən bu boyda erməni vəhşiliyilə dolu tarixi keçmişin, dünənin olduğu təqdirdə belə oğlumu onun anlayacığı şəkildə başa sala bilmədim.

Sualları yarandı. Dedim ki, ermənilər ata-babalarımızı öldürüblər. Soruşdu ki, bəs bizim əsgərlərimiz harda idi?

Deyim ki, Domrul üçün Azərbaycan əsgərindən qüdrətlisi yoxdur. Elə tanıtmışam. Və ona çox maraqlı oldu ki, Azərbaycan əsgəri harda idi həmin vaxtı? O harda idi ki, bizim başımıza müsibətlər gəlib…

Sualları çox oldu. Dedim ki, ermənilər 31 Mart tarixində Bakıda da qırğınlar törədiblər… Çaşqın gözləri ilə mənə baxdı… Qorxduğunu da duydum. Elə zənn etdi ki, ermənilər Bakını bu dəqiqə işğal ediblər. Yenə də əsgərlərimizi soruşdu. Onların gücü ilə maraqlandı. Ordumuzun kimdən zəif, kimdən güclü olduğunu soruşdu…

Sonra da dedi ki, mən də əsgər olacam. Dedim, niyə? Cavabı sadə oldu: «Əsgərlərimizin sayı çox olsun ki, bizi kimsə öldürə bilməsin»…

…Mingəçeivrdə - sovet dövrünün Mingəçevirində isə biz ermənilərlə birgə yaşayırdıq. Yaxşı yadımdadır. Bir yerdə yaşasaq da, onların bizdən biri olmadıqlarını hər addımda hiss edirdik. Doğrudur, böyüklərimiz bizə ermənilərin bu millətin başına açdığı oyunlardan danışmırdı, danışmamışdı… Yalan deyə bilmərəm, uydura bilmərəm…

Amma hiss edirdik ki, ermənilərə bizim böyüklərimiz məsələn, malakanlara, Ukraynadan Mingəçevirə köçürülən xaxollara bəslədikləri münasibəti bəsləmirlər. Məsələn, malakan qonşumuz Tyot Anyanın bişirdiyini yeyə bilərdik. Amma erməni Veranın gətirdiyi bahalı konfetlərə əl vura bilməzdik. Böyüklərimizin bir göz hədəsi yetərli idi. Səbəbini soruşanda yalnız bir şey deyirdilər: ONLAR MURDARDIRLAR…

Bəli, ermənilərin illər ərzində başımıza açdığı müsibətləri böyüklərimiz bu iki kəlmə ilə bizə ötürürdülər… Bizdən fərqli olaraq isə erməni uşaqlarına evlərində nəinki biz düşmən kimi təqdim olunurduq, hətta bizim gerçək kimliyimiz - TÜRK KİMLİYİMİZ barədə də onlar bilgiləndirilirdilər… Erməni fəhləsiin də evində belə idi, ziyalısının da…

…Bu gün daha bir faciəni anırıq. Bəlkə də təqivimin hər günündə bu cür anılacaq faciələrimiz var. Adam bu səbəbdən tarixi qurcalamağa da qorxur.

İnsanıq axı… Sevinmək də istəyirik… Doğrudur, bu gün arını yeyib, şıllaq atanlarımız yetərincədir və onlar üçün sevinə bilməmə qorxusu mövcud deyil.

Amma bizim gerçəkdəən də bir millət olaraq sevinməyə haqqımız, ehtiyacımız var. Çünki mən məndən «Ata, ermənilərin Xocalısı yoxdurmu ki, biz də onları öldürək» deyən oğluma izahat verməkdən yorulmuşam. Bu gün Azərbaycanda oğul böyütmək çox çətindir. Buna görə, ən azından bu səbəbdən bizlər millət olaraq sevinəcəiyimiz gün uğrunda - Qarabağı öz evimizdə - Azərbaycanımızda görəcəyimiz gün uğrunda savaşmalıyıq…

Sevinmək bizim də haqqımızdır, qardaşlar…

Məhəmməd ƏRSOY

Geri qayıt