Əsas Səhifə > Ölkə, Manşet > Rövnəq Abdullayevə başına yığdığı qohumları problem yarada bilər

Rövnəq Abdullayevə başına yığdığı qohumları problem yarada bilər


2-05-2014, 11:42
Rövnəq Abdullayevə başına yığdığı qohumları problem yarada bilər
«Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 7-ci maddəsində yazılır ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Yəni qohum şəxslərin eyni idarədə işləməsi yolverilməzdir. Bəzi məmurlar isə buna əhəmiyyət verməyərək yaxın qohumlarını rəhbəri olduqları qurumlarda işə düzəldirlər. Xatırladaq ki, keçən ilin dekabrında Böyük Britaniyanın "Global Witnes” təşkilatının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə bağlı təqdim etdiyi hesabatdan sonra cəmiyyətdə bir müddət müzakirələr getmişdi. Məsələdə adı hallanan Anar Əliyevin kimliyi, dövlət büdcəsinə hansı formada zərbə vurması barədə müxtəlif yönümlü məlumatlar yayıldı. Sonradan aydın oldu ki, gənc Anar Əliyev sən demə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin dayısı oğlu imiş. Şirkət rəhbəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun tələblərini pozaraq yaxın qohumlarını müxtəlif işlərə yerləşdirib. Bu barədə mətbuat səhifələrində də yazılıb. Məsələn, Anar Əliyevin qardaşlarından biri, başqa sözlə Rövnəq Abdullayevin dayısı oğlu Bədəl Əliyev SOCAR-ın İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır. Abdullayevin digər dayısı oğlu Nihad Əliyev isə SOCAR-da satış direktoru vəzifəsini tutur. Neft Şirkətinin prezidentinin dayısı Nüsrət Əliyev isə Neft Emalı zavodunda Qaz sektorunun müdiridir. Məmurun digər qohumu Azad adlı şəxs isə Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir. Rəsul adlı qohumu SOCAR-da yüksək vəzifədə işləyir. Rövnəq Abdullayevinn qaynatası, həm də əmisi Adəm müəllim SOCAR-da Demontaj sektorunun rəisidir. Bir sözlə, Dövlət Neft Şirkətinin rəhbəri yaxın qohumlarının bir çoxunu ətrafına yığıb və onların işə qəbul edilmələri barədə əmr imzalayıb. «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda isə göstərilir ki, qohum şəxslərin eyni idarədə çalışmaları yolverilməzdir. Qeyd edək ki, qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlib. Habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Buna baxmayaraq, Rövnəq Abdullayev qanuna əməl etməyərək yaxın qohumlarını özünün rəhbərlik etdiyi qurumda ayrı-ayrı vəzifələrə yerləşdirib. Hesab edirik ki, Korrupsiyaya Qarşı Müubarizə İdarəsi məsələyə öz münasibətini bildirməlidir. Çünki R.Abdullayevin qohumlarını öz çətiri altına yığması haqda bir müddət əvvəl məlumat yayılmışdı. Amma aidiyyəti qurumların biganə münasibəti üzündən ARDNŞ şefinin korrupsiya hüquqpozması ilə bağlı əməlinə hüquqi qiymət verilmədi. Yəqin ki, bu dəfə fərqli qərar qəbul ediləcək. \\ gundelik-bakı \\

Qarşı tərəf münasibət bildirmək istəsə, şərait yaradarıq.

Geri qayıt