Əsas Səhifə > Ölkə, Manşet > Nazim İbrahimovun topdağltmaz biznes imperiyası

Nazim İbrahimovun topdağltmaz biznes imperiyası


14-08-2014, 11:54
Nazim İbrahimovun topdağltmaz biznes imperiyası
Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması məqsədilə prezidentin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verib. Prezidentin 2008-ci ildə imzaladağı sərəncamla Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) yaradılıb.

Həmin ildən quruma Nazim İbrahimov sədrlik edir. Komitə sədrinin xaricdə yaşayan azərbaycanlılarla işləyə bilməməsi, diasporamızın daha da səfərbər edilməsi istiqamətindəki fəaliyyəti ilə bağlı dəfələrlə tənqidi fikirlər səsləndirilib. Hətta çıxışlarının birində ölkə başçısı İlham Əliyev diaspor təşkilatlarını səfirliklərlə əməkdaşlıq etməməkdə qınayıb. Həqiqətən də, bu gün Azərbaycanın xarici ölkələrdə diaspor təşkilatlarının fəaliyyəti qənaətbəxş deyil. Bu məsələdə komitənin fəaliyyəti məqbul hesab oluna bilməz. Ümumiyyətlə, komitə nümayəndələri ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın problemlərinin həllinə yönələn irimiqyaslı layihələr həyata keçirmirlər. Dövlət büdcəsindən hər il Diasporla İş üzrə Dövlət Komitəsinə müəyyən miqdarda vəsaitin ayrılmasına baxmayaraq, xaricdəki diaspor təşkilatlarımızın fəaliyyəti yox dərəcəsindədir. Bu baxımdan Nazim İbrahimovun tənqidlərə tuş gəlməsi təbiidir. Sədrin adı iş fəaliyyətindən daha çox biznes məsələlərində hallanır. Əldə etdiyimiz məlumatlara görə, komitə sədri digər qardaşları ilə əl-ələ verərək, tikinti sektoruna iri yatırımlar edir. Deyilənə görə, Nazim İbrahimov və qardaşları hazırda ölkənin tikinti sektorunun əsas simalarından hesab olunurlar. Belə ki, dövlət məmuru qardaşları ilə birlikdə paytaxtın bəzi yerlərində hündürmərtəbəli binaların, komplekslərin və digər qurğuların tikintisi ilə məşğul olur. İbrahimovlar Bakıda onlarla göydələn tikib istifadəyə veriblər. Bununla yanaşı, məmur və qardaşları böyük torpaq sahələri götürərək istirahət mərkəzləri və villalar tikdirirlər. Bayıl yamacındakı çoxsaylı villaların məhz Nazim İbrahimov tərəfindən tikilib satılması da, əldə edilən məlumatlar sırasındadır. Digər bir məlumata əsasən isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ölkə xaricində də biznes obyektlərinə sahibdir.

Qeyd edək ki, Nazim İbrahimov barədə deyilənlər bunlarla bitmir. Təxminən, 4 il öncəyə nəzər salsaq, görərik ki, Nazim İbrahimovun hələ o zamanlarda da, adı bəzi durumlarda hallanırdı. Belə ki, Türkiyənin "Fox" TV kanalında Diaspor Məsələləri üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla bağlı olduqca diqqət çəkən xəbər yayılmışdı. Məlumata görə, türkiyəli iş adamı Hüseyn Kurtoğulları "VIP tekne" ("VİP yaxta") dizayn edib. İş adamı ilə görüşən Nazim İbrahimov isə Kurtoğullarını Bakıya dəvət edib. Daha sonra komitə sədrinin Türkiyədən nə az, nə də çox, düz 400 yaxta sifariş etdiyi bildirilir. Yaxtalar gülləkeçirməz şüşələrdən hazırlanıb və onların içində komfort şərait var. Lakin saytda yaxtaların hansı məqsədlə sifariş edildiyi barədə bilgilər verilməyib və daha çox satış məqsədilə onların alınması versiyası üzərində dayanılıb.

Göründüyü kimi, komitə sədri vəzifə borcundan çox, digər işlərlə məşğuldur. Onun adı zaman-zaman müxtəlif hadisələrdə hallanır. Halbuki, bu dövlətin məmuru olduğunu xatırlasa, ona həvalə edilən işlərə azacıq da olsa vaxt ayırsa, yəqin ki, daha yaxşı olar.

Geri qayıt