Əsas Səhifə > Ölkə, Manşet > Neftçala sakinləri Səlim Müslümova işçisindən şikayət etdilər
Neftçala sakinləri Səlim Müslümova işçisindən şikayət etdilər24-09-2014, 12:19 |
Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyindən uzaqlaşdırılması aztəminatlı ailələrin yetərli hissəsini ümidləndirdi. Çünki sabiq nazirin dövründə ünvanlı sosial yardımların verilməsi məsələsində neqativ hallar hökm sürürdü. Səlim Müslümovun nazir təyin edilməsi bu sahədə mövcud olan problemlərin qarşısını xeyli dərəcədə almış oldu. Belə ki, ƏƏSMN-in rəhbərliyindəki dəyişiklikdən sonra qurumun yerlərdəki mərkəzlərinin məsul şəxsləri ünvanlı sosial yardımları qanunlara uyğun şəkildə verməyə başlayıblar. Yəni "6 ay sənin, 6 ay mənim" şərti demək olar ki, yığışdırılıb. Qeyd edək ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Ailənin orta aylıq gəliri hesablanan zaman rəsmi və qeyri-rəsmi mənbələrdən ailəyə daxil olan pul və natura formasında bütün gəlirlər nəzərə alınır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Göründüyü kimi, qanunda hər bir məsələ öz aydınlığı ilə əksini tapıb. Di gəl ki, Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun tələblərinə əməl olunmur. Rayondakı mənbələrdən aldığımız məlumatlara görə, mərkəzin direktoru Zaur Kərimov aztəminatlı ailələrə yardım etmək əvəzinə, onları incidir və sosial yardım vermir: "Neftçalada əhalinin sosial vəziyyəti istənilən səviyyədə deyil. Vətəndaşların işlə təmini məsələsində üzə çıxan problemlər aztəminatlı ailələrin sayını bir qədər də artırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Neftçala rayon mərkəzində qanunsuzluq adi hala çevrilib. Aztəminatlı ailələrin ünvanlı sosial yardımla təmin olunması məsələsində müxtəlif problemlər var. Yardım almaq ümidi ilə mərkəzə üz tutan yoxsul ailələrin bir çoxu heç bir əsas olmadan və sənədlərinə baxılmadan geri qaytarılır. Zaur Kərimov dövlət büdcəsi hesabına ayrılan ünvanlı yardımları özünə məxsus "qaydalar" əsasında verir. Yardım almaq istəyən vətəndaş bunun yarısını mütləq direktora verməlidir. Əgər vətəndaş bu şərtlə razılaşırsa, direktor onun sənədlərinə baxıb ünvanlı yardım təyin edir. Əgər kimsə bu hala etirazını bildirirsə, Zaur müəllim həmin ailənin yardım almasına şərait yaratmır". Məlumat üçün bildirək ki, Neftçala rayonunda 1118 nəfərə ünvanlı sosial yardımlar verilir. Mənbə deyir ki, bu şəxslərin hamısı aldıqları yardımın 6 ayını Zaur Kərimova verirlər: "Mərkəz direktoru ünvanlı sosial yardım almaq hüququ əldə edən ailələrin kartını 6 ay özündə saxlayır. Hər ay həmin kartları direktorun yaxın adamları bankomata salıb pul çıxarır. Beləcə, mərkəz direktoru ölkə qanunlarını ayaqlar altına atır". Yazının əvvəlində qeyd etdik ki, Səlim Müslümov nazir vəzifəsinə keçəndən sonra bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirib. Amma Zaur Kərimov kimi məmurların imza atdığı qanunsuzluqlar əhali arasında ƏƏSMN rəhbərliyinə qarşı inamsızlıq yaradır. Odur ki, hörmətli Səlim müəllim tezliklə Neftçala ƏƏSMM-də kadr islahatları aparmalı və direktor ən ağır formada cəzalandırılmalıdır. Yoxsa bu gedişlə Neftçalada aztəminatlı ailələrin durumu daha da ağırlaşa bilər. \\ gundelik-baki \\ Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |