Əsas Səhifə > Ölkə, Manşet > Qazaxın icra başçısı rayon sakinlərinin üzünə çıxmır...
Qazaxın icra başçısı rayon sakinlərinin üzünə çıxmır...9-10-2014, 13:14 |
Qərb bölgəsinin ən böyük rayonlarından hesab edilən Qazaxda əhali müxtəlif problemlərdən əziyyət çəkir. 100 min nəfərdən çox əhalisi olan rayonda məmur özbaşınalıqları ərşə dirənib. İddialara görə, Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ayaz Əsgərov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. İcra başçısının fəaliyyətindəki neqativ məqamlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Həmin informasiyalara keçid almamışdan öncə qeyd edək ki, Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olub. Ali təhsillidir. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışıb. 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. 6 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, Qazax rayonu Ayaz Əsgərovun rəhbərliyi altında bu vaxta kimi çox ağır günlər keçirib və hazırda həmin proses davam edir: "Rayonda mövcud olan çoxsaylı problemlər vətəndaşların rahat yaşamasına imkan vermir. Qərb bölgəsinin digər rayonlarından fərqli olaraq Qazaxda inkişaf ləng gedir. İcra başçısı 3 il ərzində rayonun abadlaşması istiqamətində nəzərəçarpacaq işlər görməyib. Mərkəzi küçə və prospektlər, o cümlədən parklar bərbad vəziyyətdədir. Dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılan irihəcmli vəsaitlərin hara xərcləndiyi bilinmir. Məlum olduğu kimi, rayon sakinlərinin əsas hissəsi Rusiya və digər ölkələrdə biznes fəaliyyəti ilə məşğul olurlar. Həmin şəxslər doğma rayonlarının abadlaşması üçün Ayaz Əsgərovdan qat-qat artıq iş görüblər. Qazaxda indiyə qədər hansı abadlıq-quruculuq işləri həyata keçirilibsə, bu Rusiyada çalışan şəxslərin hesabınadır". Mənbənin dediyinə görə, yerli idarə və müəssisələrin rəhbərləri vətəndaşlara qarşı aqressivlik nümayiş etdirirlər: "İcra başçısının qəbul günləri yalnız kağız üzərindədir. Ayaz müəllim nadir hallarda vətəndaşları qəbul edib onların şikayətini dinləyir. Rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərin sakinləri başçının üzünü görmürlər. Ayaz müəllimin başı maliyyə imkanlarını genişləndirməyə qarışıb. Qazaxda həqiqətən də, acınacaqlı vəziyyət hökm sürür. Münasib iş yerləri olmadığından rayon camaatı Rusiyaya axın edir. Yerli idarə rəhbərlərinin demək olar ki, hamısı şəxsi mənafeyi naminə çalışır, camaatı fikirləşən yoxdur. Mövcud olan problemlər özünü rayonun təhsil, səhiyyə və maliyyə sistemində açıq-aşkar şəkildə büruzə verir. Təhsil müəssisələrinin bir çoxunda qanun pozuntuları meydana çıxır. Məktəb direktorları hər ay müxtəlif bəhanələrlə müəllimlərin əməkhaqqından tutur. Bunun səbəbini soruşanda direktorlar başçının tapşırığını yerinə yetirdiklərini deyirlər. Bir sözlə, rayonda fəaliyyət göstərən bütün təhsil ocaqlarının rəhbərləri icra hakiminə vaxtı-vaxtında "çox sağ ol" deyirlər. Qazaxın səhiyyə sistemində də bu tip problemlər qeydə alınır. Digər tərəfdən, əhali normal şəkildə mavi yanacaq və içməli su ilə təmin edilmir. Vətəndaşların bir hissəsi hələ də yanacaq növü kimi odundan istifadə edir. Qaz və su xətlərinin yenilənməsi, çəkilməsi üçün ayrılan vəsaitlər göyə sovrulur. Hələ bu nədir ki. İcra hakimi rayonun mərkəzində ticarət obyektlərinin tikilməsi üçün əlverişli olan yaşıllıq sahələrini kimlərəsə verir. Son 3 ildə rayonun mərkəzi hissələrində minlərlə ağac soyqırıma məruz qalıb. Buna baxmayaraq, aidiyyəti dövlət qurumları səviyyəsində bu məsələyə heç bir münasibət bildirilməyib. Çünki eşitdiyimizə görə, icra başçısının arxasında yüksək rütbəli şəxslərdən biri durub və o rayon rəhbərinin çətin vəziyyətə düşməsinə imkan vermir". Deyilənə görə, bəzi hallarda vətəndaşların hüquqları icra başçısı tərəfindən qorunmur. Əlbəttə, bu kimi halların qeydə alınması onlarda inamsızlıq yaradır. Odur ki, Qazaxın icra başçısı qanuna sığmayan əməllərinə birdəfəlik son qoymalıdır. Əks halda ölkə rəhbərliyi onun barəsində sərt tədbirlərə imza ata bilər. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |