Əsas Səhifə > Ölkə, Manşet > Fizuli Ələkbərovun kadrı Səlim Müslümova necə problem yaradır...
Fizuli Ələkbərovun kadrı Səlim Müslümova necə problem yaradır...22-10-2014, 11:39 |
Heç kimə sirr deyil ki, keçmiş nazir Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəhbərlik etdiyi illərdə qurumun fəaliyyət istiqamətlərinə daxil olan bir çox sahələri iflic vəziyyətə saldı. Vəzifəsində müxtəlif nöqsanlara yol verən, vətəndaşları yuxarılardan incik salan və digər qanunsuz əməllərə qol qoyan Füzuli Ələkbərov nəhayət, ötən ilin oktyabr ayında tutduğu vəzifə ilə vidalaşdı. Cənab prezidentin sərəncamı ilə onun yerinə Səlim Müslümov nazir postuna təyin edildi. İnsaf naminə qeyd etmək lazımdır ki, Səlim müəllim nazir təyin ediləndən bu sahədə mövcud olan rüşvət və korrupsiya halları əvvəlki illərə nisbətən xeyli səngidi. ƏƏSMN rəhbərinin daha çox diqqət ayırdığı sahələrdən biri də əlillik dərəcələrinin verilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, nazir vəzifəsinin icrasına başlayandan bir müddət sonra bir neçə tibbi-sosial ekspert komissiyalarının (TSEK) rəhbər şəxslərini vəzifədən azad etdi. Nazir onların yerinə təyin etdiyi şəxslərə rüşvətdən və korrupsiyadan uzaq olmağı tapşırdı. Həyata keçirilən bu qədər tədbirlərə baxmayaraq, bəzi TSEK-lər hələ də müxtəlif problemlərin məngənəsində sıxılır. Ki, bunlardan biri də Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasıdır. Xatırlayırsınızsa, qəzetimizin ötən saylarından bir neçəsində komissiyada üzə çıxan neqativ məqamlar, o cümlədən sədr Kamil Məmmədovun qeyri-qanuni işlərə baş qoşması barədə faktları dərc etmişdik. Dərin təəssüf hissi ilə demək istəyirik ki, ƏƏSMN rəhbərliyi və əlaqədar dövlət qurumlarının rəsmiləri qanunvericiliyin tələblərinə məhəl qoymayan TSEK sədrinin barəsində aidiyyəti üzrə tədbir görmədilər. Cəzasızlıqdan arxayınlaşan Kamil Məmmədov isə qanunsuz işlərinin sayını vaxt keçdikcə daha da artırır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Nizami TSEK-in sədri Səlim Müslümovun bu sahədə həyata keçirdiyi müsbət işləri yerə vurur. Belə ki, o şəxsi maraqlarını təmin etmək məqsədilə əlillik dərəcələrini qanunda göstərilən şəkildə yox, özünə sərf edən, yəni xeyir gətirən formada verir: "Nizami rayonunda qeydiyyatda olan gənclərin bir hissəsi hərbi xidmətdən yayınmağın rahat yolunu tapıblar. Onlar əsgərliyə getməməkdən ötrü saxta yollarla əlillik vəsiqələri əldə edirlər. Bu məsələdə onların köməyinə Kamil Məmmədov çatır. Komissiya sədri nəyinsə qarşılığında bəzi gənclərə saxta əlillik dərəcəsi düzəldərək onların hərbi xidmətdən yayınmasına yardımçı olur. Azərbaycanın Ermənistanla müharibə şəraitində yaşadığı, orduya əsgərin lazım olduğu bir vaxtda, komissiya rəhbəri sağlam gəncləri "əlil" edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Kamil Məmmədovun TSEK-ə rəhbərlik etdiyi dövr ərzində əlillik dərəcəsi alan şəxslərin siyahısını yoxlasalar, bütün qaranlıq məqamlara aydınlıq gəlmiş olar. Lakin hansısa səbəblərə görə nazirliyin səlahiyyətli şəxsləri adıçəkilən məmurun fəaliyyətini araşdırmırlar. Sabiq nazir Füzuli Ələkbərovun kadrı olan Kamil müəllim qanunları saymır. Vətəndaşlar komissiyaya düşmək üçün həftələrlə, bəzən aylarla gözləyirlər. Sədr onun "şərtlərini" qəbul etməyən insanların sənədlərini araşdırmadan rədd cavabı verir. Məmura nəysə verənlərin işi tez düzəlir, amma imkanı olmayanlar qapıdan qovulur. Nizami Tibbi-Sosial Ekspert Komissiyasında elə işlər cərəyan edir ki, adam buranın bazar, yoxsa dövlət qurumu olmasına şübhə ilə yanaşır. Sağlamlığında həqiqətən qüsurlar olan insanlar əlillik dərəcəsi ala bilmir". Məlumatda bildirilir ki, tam sağlam olan şəxslər saxta yollarla əlillik vəsiqələrinə sahib çıxırlar: "Nizami TSEK-də əlillik qruplarının təyinatında şəffaflıq prinsipləri gözlənilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri bəyan edir ki, əlillik dərəcəsini almaq üçün TSEK-lərə 88 saylı forma və şəxsiyyət vəsiqəsinin sürətini təqdim etmək kifayətdir. Kamil Məmmədov isə əlillik dərəcəsi almaq ümidi ilə bura gələn vətəndaşları sənəd bəhanəsi ilə get-gələ salır, süründürür". Mənbəmiz deyir ki, Nizami TSEK-in sədri açıq-aşkar şəkildə Səlim Müslümovun həyata keçirdiyi işlərin əksinə addımlar atır: "O sabiq nazir Füzuli Ələkbərovun kadrı olduğuna görə yeni nazirlə işləmək ona sərf etmir. Çünki Səlim Müslümov rüşvət və korrupsiyadan uzaq bir mühit yaratmaq istəyir. Bu isə Nizami Tibbi-Sosial Ekspert Komissiyasının sədrinə, eləcə də digər işçilərinə qətiyyən sərf etmir. Kamil Məmmədov əksər vaxt "Heyf deyildi Füzuli Ələkbərovun dövrü, hər istədiyimi rahatlıqla edirdim" deyir. Halbuki, nazirin dəyişməsi sədrin fəaliyyətinə hər hansı təsir göstərməyib. Komissiya rəhbəri yenə də köhnə əməllərini davam etdirir". TSEK rəhbəri ilə bağlı əldə etdiyimiz məlumatların bir hissəsi araşdırma tələb etdiyindən həmin məsələləri növbəti saylarımızda diqqətinizə çatdıracağıq. Biz mətbuat orqanı olaraq Səlim Müslümova bu sahədə gördüyü işlərdə kömək etmək istəyirik. Əminik ki, cənab nazir "Gündəlik Bakı"nın qabartdığı məsələyə tezliklə reaksiya verəcək və Kamil Məmmədovun vəzifədən çıxarılması istiqamətində konkret addımlar atacaq. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... \\ gundelik-bakı Geri qayıt |