Əsas Səhifə > Ölkə, Manşet > Nizaminin icra başçısı Zəngilan köçkününün qəsdinə durub

Nizaminin icra başçısı Zəngilan köçkününün qəsdinə durub


20-11-2014, 11:47
Nizaminin icra başçısı Zəngilan köçkününün qəsdinə durub
Ölkə rəhbərliyi tərəfindən qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin, sosial durumunun yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Məhz ölkə başçısının göstərdiyi diqqət nəticəsində erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin salınmış insanların yaşayış səviyyəsi xeyli yüksəlib. Onu da qeyd etmək lazımdır ki, cənab prezident dəfələrlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə bu kateqoriyadan olan insanlara əlavə problem yaratmamağı tapşırıb.

Lakin buna baxmayaraq, bəzi məmurlar öz bildikləri kimi hərəkət edirlər. Ki, nəticədə məcburi köçkünlər ciddi problemlərlə üzləşmək məcburiyyətində qalırlar. Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Zəngilan rayonundan məcburi köçkün düşmüş Məhərrəmov Oqtay Ərşad oğlu da məmur özbaşınalığına məruz qalıb. O, Nizami Rayon İcra Hakimiyyətinin və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinin qanunsuz əməllərindən şikayətçidir. Oqtay Məhərrəmov deyir ki, məcburi köçkün düşdükdən sonra Nizami rayonu ərazisində, konkret olaraq "Azərsutikinti" xəstəxanasının balansında olan tikilidə məskunlaşıb: "Ailə vəziyyətim çox ağırdır. Bir gün çörək tapanda, bir gün tapmıram. Güc-bəla ilə bir daxma tapıb ailəmlə yaşayıram. Əgər buna yaşamaq demək olarsa. Evin dam örtüyü sıradan çıxıb. Yağış suları evin içinə axır. İki azyaşlı uşağım var. Qohum-əqrəbadan borc-xərc edib evin dam örtüyünü dəyişmək qərarına gəldim. İşə başlamaq istəyəndə isə Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları, o cümlədən əraziyə məsul olan polis işçiləri gəlib işi dayandırdılar. Mən həmin ərazidə ev tikmirdim, sadəcə dam örtüyünü dəyişmək istəyirdim. Birliyin işçiləri dedilər ki, damı dəyişsən evi başına yıxacağıq. Onlar ailə üzvlərimin, qonşularımın gözü qarşısında mənə təzyiq göstərdilər. Və bildirdilər ki, tapşırığı icra başçısı Tahir Budaqovdan alıblar. Həmin insanlara məcburi köçkün olduğumu deyəndə qayıtdılar ki, bunun bizə dəxli yoxdur, ürəyin hara istəyir get şikayət elə. Çox böyük sarsıntı keçirdim. 1993-cü ildə ermənilər bizi yaşadığımz yerdən didərgin saldı, indi isə bəzi məmurlar uçuq-sökük daxmanı bizə çox görürlər. Belə də haqsızlıq olar? "Azərsutikinti" xəstəxanasının yaxınlığında dəbdəbəli villalar var və hər gün yenisi tikilir. Niyə gedib bu villaları tikən şəxslərə ilişmirlər? Gücləri kimsəsiz məcburi köçkün ailəsinə çatır? Mənim arxamda adamım yoxdur, amma cənab prezident İlham Əliyevə güvənirəm. Çünki o bütün xalqın qarantıdır. Bəzi məmurlardan fərqli olaraq ölkə başçısı vətəndaşların hər birinə eyni gözlə baxır. Biz onun yürütdüyü siyasətdən, həmçinin gördüyü işlərdən çox razıyıq". Zəngilan köçkünü üzləşdiyi haqsızlıqlarla bağlı ölkə başçısına müraciət edib ondan yardım istədi: "Mənim və ailəmin yeganə ümid yeri cənab prezidentdir. Biz bilirik ki, ölkə rəhbəri vətəndaşını heç vaxt çətin durumda qoymayıb. Qəzet vasitəsilə İlham Əliyev cənablarından kömək istəyirəm. Ondan xahiş edirəm ki, evimi başıma yıxmaq istəyən şəxslərin cəzalandırılması üçün göstəriş versin". Şikayəti araşdırmaq üçün Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 323-33-29 nömrəli əlaqə telefonuna zəng vurduq. Dəstəyi qaldıran xanım birliyin rəisi Həsən Sadıxovun Nizami Rayon İcra Hakimiyyətində tədbirdə olduğunu, işə nə vaxt qayıdacağını bilmədiyini dedi. Bundan sonra Nizami Rayon İcra Hakimiyyətinə zəng vurduq. Amma zənglərimizə cavab verən olmadı. Yəqin ki, əlaqədar dövlət qurumları məcburi köçkün ailəsinin düşdüyü durumla maraqlanıb onlara lazımi köməkliyi göstərəcəklər. \\ gundelik-baku.com \\

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt