Əsas Səhifə > Ölkə, Manşet > "İslahatçı" kimi özünü tanıtdıran Səlim Müslümov öz işçisinin öhdəsindən gələ bilmir?
"İslahatçı" kimi özünü tanıtdıran Səlim Müslümov öz işçisinin öhdəsindən gələ bilmir?21-11-2014, 10:59 |
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifəyə yeni təyin olunandan sonra tabeliyində olan məmurlara qarşı sərt hərəkətləri ilə gündəmdə qaldı. Onun nazirlik sistemində baş verən rüşvətxorluğa, korrupsiyaya qarşı başlatdığı mübarizə effekt versə də, islahatların sona qədər aparıldığını söyləmək hələ tezdir. Bu qurumda kök salmış rüşvətxor məmur toplusunu birdən-birə məhv etmək görünür, təzə nazirin gücü xaricindədir. Hələ Əli Nağıyevin dövründən işləyən və özü üçün bir sistem quran bu məmurlarla mübarizə çox təəssüf ki, hələlik yalnız qəzet səhifələrində və internet resurslarda gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kök salmış rüşvət yuvalarından olan qurumlar sırasında TSEK-lər öndə gedir. Bir müddət öncə isə nazir Səlim Müslümov TSEK sədrlərini bir yerə toplayaraq onlara tapşırıq vermişdi ki, rəhbəri olduğu nazirliyə rüşvət daxil olmayacaq. Təbii ki, bu sözlər vətəndaşların ürəyincə olmuşdu. Amma TSEK-lərdə bu gün baş verənlər göstərir ki, nazirin tapşırıqları qulaqardına vurularaq müdirlər bildikləri üsulla işləməkdə davam edirlər. Mətbuatın gündəmindən düşməyən TSEK müdirlərindən olan Kamil Məmmədovun bu sahədəki fəaliyyəti uzun illərin təcrübəsinə söykənir. Vaxtilə nazir olan Əli Nağıyevin kadrı kimi müdir olan Kamil Məmmədov sonradan Füzuli Ələkbərovun sevimlisinə çevrildi və TSEK müdiri postunda yerdəyişmələr edərək Bakıya təşrif buyurdu. Və hazırda Nizami rayon TSEK-ində ciddi "fəaliyyət" göstərir. Hətta Səlim Müslümov kimi islahatçı nazir onu yerindən tərpədə bilmədi. Səbəbini aydınlaşdırmaq üçün nazirin özünə müraciət etmək daha düzgün olardı. Amma müraciətdən əvvəl Nizami TSEK-ində baş verən bəzi neqativ halları nazirin diqqətinə çatdırmaq istəyirik. Bu hallar əksər fərqli mətbu orqanlarda fərqli tarixlərdə işıqlandırılıb. Beləliklə, Nizami rayon TSEK-ində nələr baş verir. Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin təxminən, 4,5 faizi əlildir. Qeyd edək ki, hazırda əlilliyin təyin olunması meyarları Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərarla müəyyənləşdirilir. Əlillik vətəndaşın xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Ölkəmizdə əlillər BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Başqa sözlə desək, əlillərin hüquqları lazımi dövlət səviyyəsində qorunur. Lakin son illər sağlamlığını itirmiş əlil insanlar bir sıra çətinliklərlə üzləşmək məcburiyyətində qalıblar. Belə ki, onların yetərli hissəsi əlillik dərəcəsi ala bilmirlər. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) aidiyyəti qurumlarında mövcud olan məmur özbaşınalıqları ciddi fəsadlar yaradır. Belə özbaşınalığın qeydə alındığı qurumlardan biri də dediyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasıdır (TSEK). Bu qurumda sağlam şəxslərin nələrinsə müqabilində əlillik dərəcəsi alması adi hala çevrilib. Baxmayaraq ki, iş qabiliyyətini itirmiş xeyli sayda insan var ki, hələ də əlillik dərəcəsi ala bilmirlər. Və bu hüquqlarından məhrum olublar. Bu isə birbaşa qanun pozuntusuna dair şübhələrdən xəbər verir. Halbuki nələrinsə muqabilində sağlam şəxslər özlərinə istədikləri əlillik qrupunu ala bilirlər. Sözügedən TSEK-də hər sənədin öz "məsələ"si var. Xəstəlik və əlilliyə görə, təqaüdə çıxmaq üçün sadəcə, əllərini "tərpətməlisən". Tələb olunanlar verildikdən sonra müdir tez bir zamanda məsələni həll edir. Nizami Rayon Tibbi Sosial Ekspert Komissiyasında müayinələrdən keçdikdən sonra ayrı-ayrı vətəndaşlara 2-ci qrup əlillik dərəcəsinin verilməsi müşkülə dönüb. TSEK-in sədri hansısa səbəblər üzündən bəzi vətəndaşlara 2-ci qrup əlillik dərəcəsi verməkdən imtina edir. Bir sıra vətəndaşlara 2-ci qrup əlillik dərəcəsi ilə ömürlük pensiya kəsilməlidir. Lakin onu hər il çağırıb ayrı-ayrı həkim komissiyasından keçməklə beləcə get-gələ salırlar. Halbuki qanuna əsasən əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək xəsarəti və peşə xəstəliyi, "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl qəzasının ləğvi ilə əlaqədar" təyin olunur. Əlilliyin ağırlıq dərəcəsindən asılı olaraq birinci, ikinci və üçüncü qrup əlillik təyin edilir. Əlillik statusu əldə etməyin qaydası şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Amma təəssüf ki, Nizami Rayon Tibbi Sosial Ekspert Komissiyasından bu sənədləri almaq mümkün deyil. Nizami rayonunda qeydiyyatda olan gənclərin bir hissəsi hərbi xidmətdən yayınmağın rahat yolunu tapıblar. Onlar əsgərliyə getməməkdən ötrü saxta yollarla əlillik vəsiqələri əldə edirlər. Bu məsələdə onların köməyinə Nizami Rayon Tibbi Sosial Ekspert Komissiyası çatır. Komissiya sədri nəyinsə qarşılığında bəzi gənclərə saxta əlillik dərəcəsi düzəldərək onların hərbi xidmətdən yayınmasına yardımçı olur. Azərbaycanın Ermənistanla müharibə şəraitində yaşadığı, orduya əsgərin lazım olduğu bir vaxtda, komissiya rəhbəri sağlam gəncləri "əlil" edir. Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri bəyan edir ki, əlillik dərəcəsini almaq üçün TSEK-lərə 88 saylı forma və şəxsiyyət vəsiqəsinin sürətini təqdim etmək kifayətdir. Kamil Məmmədov isə əlillik dərəcəsi almaq ümidi ilə bura gələn vətəndaşları sənəd bəhanəsi ilə get-gələ salır, süründürür. Dediyimiz bu faktlar hələ aysberqin üzdə olan xırda bir hissəsidir. Əgər hörmətli nazir Səlim Müslümov tabeliyində olan bu şöbəyə daha ciddi nəzarət etsə və araşdırma aparsa, daha nələrin ortaya çıxacağına şübhə yoxdur. Bu baxımdan öz işində həmişə peşəkar olan hazır ki, iqtidar komandasında islahatçı bir şəxs kimi ad çıxarmış Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Nizami rayon TSEK-ndə baş verənlərə öz diqqətini yönəltsə, çox minli əlillər ordusuna böyük bir yaxşılıq etmiş olar. Biz ümidvarıq ki, mətbuatla daimi çıkişmədə olan Nizami rayon TSEK-nin rəhbəri haqqında Səlim Müslümov lazimi addımlar atacaq. Çünki nazirin indiyə kimi atdığı addımların əksəriyyəti məmurdan yana yox cəmiyyətin xeyrinə olub. Bu halda da istisnanın olacağını düşünmürük. \\ gundelik-baku.com \\ Yazıda adı çəkilən hər bir şəxsin münasibətini işıqlandıra bilərik. Geri qayıt |