Əsas Səhifə > Ölkə, Manşet > Səhiyyənin üz qarası: Dövlət xəstəxanalarının pulsuz müalicə fırıldağı
Səhiyyənin üz qarası: Dövlət xəstəxanalarının pulsuz müalicə fırıldağı16-01-2015, 10:50 |
2008-ci ilin fevralından Azərbaycanda dövlət xəstəxanaları pulsuz tibbi müalicə və müayinəyə keçib. Amma hamı bilir ki, dövlət xəstəxanalarında tibbi müalicə və müayinənin, o cümlədən cərrahi əməliyyatların havayı olması yalnız sözdədir. Xəstəxanalarda yatan xəstələr lazım olan dərmanları da özləri almalı olurlar. Həmçinin dövlət xəstəxanalarında cərrahiyyə əməliyyatlarının qiymətlərinin özəl xəstəxanalardakından fərqlənmədiyi kimsəyə sirr deyil. Fərq ondadır ki, özəl və təsərrüfat hesabına işləyən xəstəxanalarda hər bir əməliyyatın neçəyə başa gəldiyi xəstəyə, yaxud da onun yaxınlarına bildirilir. Dövlət xəstəxanalarında isə bu məsələ gizli şəkilə həyata keçirilir. Dünən belə bir dövlət xəstəxanasında yatan tanışımın dedikləri bunları söyləməyə əsas verir. Düzdür, hələlik xəstəxanadan çıxmadığına görə, harda yatdığını yazmayacağam. Amma dediyim kimi hələlik. Qoy çıxsın xəstəxananın ünvanınıda deyəcəm. Deməli, dövlət xəstəxanasında infarktdan yatan Arzu adlı həmin tanışım söhbətində bildirdi ki, 10 gün bundan əvvəl ölümcül vəziyyətdə bura gətiriblər: "Gələn gündən xəstəxananın reanimasiya şöbəsində yatıram. Vəziyyətim ağır olduğundan tək adamlıq palatada qalıram. Amma sən demə, tək adamlıq palatada qalmaq üçün pul vermək lazımdır. Ona görə hər gün 50 manat palata pulu verirəm. Üstəlik, xəstəliyim ağır olduğundan mənə bahalı dərmanlar vururlar. (Arzu infarkt olmazdan əvvəl insulit keçirib və şəkəri var) Həmin dərmanları da özüm almağa məcburam. Gündəlik dərman və palata xərci ümumilikdə 130 manata başa gəlir. Təsəvvür edin 10 gündür burdayam 1300 manat palata və dərmana pulum çıxıb, 500 manata yaxın da ona-buna vermişəm. Deyiblər ki, hələ 15 gün də burda qalmalıyan. Borca götürdüyüm pul isə qurtarıb. Bilmirəm neyləyəcəyəm". Onu da deyim ki, bu şikayət tək adını hələ çəkmədiyim xəstəxanada baş vermir. Əksər xəstəxanlarda bu cür haqsızlıqlarla rastlaşmaq mümkündür. Ən çox şikayət isə dərman preparatlarının satılması ilə bağlı olur. Baxmayaraq ki, prezdent İlham Əliyev dərmana ayrılan pul vəsaitini hər il artırır. Bununla belə xəstələrin dərman təminatı acınacaqlı vəziyyətdədir. Qeyri-rəsmi məlumata görə, dərmana ayrılan pulların əvvəl 40, hazırda isə 60-70 faizi mənimsənilir. Dərmanlar xəstələrin epiqrizinə depo, firmalar vasitəsilə yazılır. Səhiyyə Nazirliyində bəzi məmurlar baş həkimləri məcbur edirlər ki, onların göstərdiyi depo və firmalara işləsinlər. Pullar isə onların bank hesabına köçürülür. Hətta narkotik dərmanlar belə nəzarətdən kənardadır. Baxmayaraq ki, Səhiyyə Nazirliyinin mətbuat xidməti, o cümlədən rəsmi nümayəndələri dövlət xəstəxanlarında bütün əməliyyatlarin pulsuz həyata keçirildiyini və dərmanların xəstələrə pulsuz verildiyini deyir. Baş verənlər isə Səhiyyə Nazirliyi rəsmilərinin dediklərinin əksini göstərir. Vaxtilə "Respublikanski" deyilən xəstəxanada yatan bir qonşum varıydı. O mənə demişdi ki, həkimlər qəsdən xəstələri bir-birinə ötürərək lazım oldu-olmadı müayinə edir və onlara xəstəxananın daxilində fəaliyyət göstərən apteklərdən olduqca baha qiymətlərə satılan dərmanları almağın vacib olduğunu deyirlər: "Bir həftə orda yatdım. Əlimdə olan bütün pulları xərclədim. Hələ üstəlik, nə qədər də borc eləmişdim. Adı pulsuz olsa da, adamı soğan kimi soyub buraxırlar. Hər addımda pul tələb edirlər. Pulun olmasa, sənə baxan olmaz. Ailən gəlib meyitini aparar". Qonşunun dediyinə görə, təzə gələndə xəstəxana daxilində vurulan elan lövhələrində burada vətəndaşlara pulsuz tibbi xidmət göstərildiyi və lazımi dərmanların pulsuz verildiyini oxumuşdum: "Amma burda 5 qəpiklik şprisi də xəstəyə aldırırlar. Deyəndə ki, hər şey pulsuz olmalıdı, adama elə sifət göstərirlər ki, gəl görəsən. Bunlar cəllad kimi bir şeydilər. Canımın xatirinə nə istəyirlər verirəm". O, tibb bacılarından da şikayətləndi: "Əgər adamın yoxdursa, ölsən də sənə kömək edən olmayacaq. Buradakı həkimlər xəstədən halını soruşmaq əvəzinə onu görüb-görməyəcəyini soruşur. Tibb bacıları isə elə bil faşistdilər. Pul verməsən adamın yaxınına da gəlməzlər. Üstəlik, guya deyirlər ki, dövlət xəstəxanalarında UZİ pulsuzdur. Amma hamısı boş söhbətdir. Səhiyyə Nazirliyi özü yaxşı bilir ki, xəstəxanalarda hansı alver gedir. Görünür, onlara belə sərf edir. Ona görə də səslərini çıxarmırlar". Bundan əlavə rüşvət bir yana qalsın vay o günə ki, xəstə savadsız həkim əlinə düşə və müalicə səhv aparıla. Etiraf olunmalıdır ki, Azərbaycanda belə "həkimlər" az deyil. Bu tendensiyanın da kökündə yenə korrupsiya amili durur. Heç şübhəsiz ki, Səhiyyə Nazirliyi vəziyyətdən xəbərdardır. Amma nədənsə problemin həllində maraqlı görünmür. Nazirlik guya rüşvətin və həkim acgözlüyünün qarşısını almaq üçün onların maaşlarını artırsa da, xəstəxana ab-havası yaratmaq, əhalinin yaşamını nəzərə alaraq pulsuz xidmətə keçidə start versə də, sanki bu tədbirlər səhiyyə işçilərini pula daha da hərisləndirib. Müşahidələrdən də görürük ki, bütün bu dəyişikliklər əslində, heç nəyi dəyişməyib. Yəni səhiyyənin başlıca problemi olan rüşvətə son qoyulmayıb. (Ardı var) \\ GünBakı \\ Geri qayıt |