Əsas Səhifə > Ölkə, Manşet > Gədəbəy camaatının bu qışı yola verməsi meşələrimizə baha başa oturacaq...

Gədəbəy camaatının bu qışı yola verməsi meşələrimizə baha başa oturacaq...


22-01-2015, 11:46
Gədəbəy camaatının bu qışı yola verməsi meşələrimizə baha başa oturacaq...
Ölkə rəhbərliyi rayonlarımızın sosial-iqtisadi inkişafına eyni səviyyədə diqqət və qayğı göstərir. Yəni bölgələr arasında heç bir ayrıseçkilik salınmır. Bildiyiniz kimi, son illər ərzində dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə külli miqdarda vəsait ayrılıb.

Təbii ki, həyata keçirilən bu kimi tədbirlər həm bölgələrimizin abadlaşmasına, həm də yerli əhalinin sosial durumunun yaxşılaşdırılmasına hesablanıb. Təəssüf ki, bir sıra hallarda yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinin qanundan kənar hərəkətləri müxtəlif fəsadların yaranmasına gətirib çıxarır. Belə ki, bəzi məmurlar dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini mənimsəyirlər ki, nəticədə görülən işlərin keyfiyyəti aşağı olur. Bu baxımdan ölkəmizin ən qədim yaşayış məskənlərindən biri olan Gədəbəy rayonunda da ciddi problemlər mövcuddur. Rayonda hökm sürən məmur özbaşınalıqları və vətəndaşların yaşayış səviyyəsinin normal olmaması barədə ötən saylarımızda yetərincə məlumat vermişdik. Buna baxmayaraq, Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov, eləcə də digər məmurlar qanunsuz əməllərindən əl çəkmirlər. Heç kimə sirr deyil ki, Gədəbəy rayonunda qış fəsli hər il çox sərt keçir. Bu isə əhalinin qış aylarında istiliklə bağlı problemlərini gündəmə gətirir. Demək olar ki, hər qış rayonda istiliklə bağlı problemlər üzə çıxır. Xatırladaq ki, "Azəriqaz" İstehsalat Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin rəsmiləri hələ qış başlamamışdan müxtəlif KİV-lərə rayon əhalisinin böyük hissəsinin tam qazlaşdırılması barədə açıqlama vermişdilər. Əslində isə vəziyyət heç də rəsmi qurumların açıqladığı kimi deyil. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə, Gədəbəyin mərkəzi yaşayış massivləri istisna olmaqla, ucqar kəndlərin bir çoxunda mavi yanacaq problemi var. Sakinlər deyir ki, Ermənistanla sərhəd bölgədə yerləşən kəndlərdə vəziyyət daha acınacaqlıdır: "Məsələn, Mor-Mor, Arabaçı, Zamanlı, Fərzalı kəndlərinin sakinləri hələ də mavi yanacağın nə olduğunu bilmirlər. Bu kəndlər Şınıx mahalına aiddir. Düşmənə mərdliklə müqavimət göstərən kəndlərin sakinləri yanacaq problemi üzündən evlərini tərk etmək məcburiyyəti ilə üz-üzədir. Uzun illərdir yeganə yanacaq mənbəyi kimi odundan istifadə olunması nəticəsində bölgənin meşə ehtiyatları, demək olar ki, tükənib, təbiətə yüz illər boyu sağalması mümkün olmayan zərər dəyib. Cənab prezidentin tapşırığı ilə 2009-cu ildən düşmənlə üzbəüz mövqedə yerləşən kəndlərə qaz xəttinin çəkilişinin başlaması bizdə böyük ümid yaratmışdı. Lakin hansısa səbəblərə görə, qazlaşdırma prosesi 2010-cu ildə bölgənin cəmi bir kəndində - Düzrəsulluda 26 evə qaz verilməsi ilə yekunlaşdı. O vaxtdan indiyə kimi ucqar kəndlərə qaz xətləri çəkilmir. Yerli qaz istismar idarəsinə dəfələrlə müraciət etmişik. Onların verdiyi cavab isə bəhanədən başqa bir şey deyil. Biz heç nədən qorxmadan, çəkinmədən düşmənlə üz-üzə yaşayırıq. Düşmənə bir qarış da olsa torpaq vermərik. Amma Gədəbəyin aidiyyəti dövlət qurumlarının nümayəndələri bizim qeydimizə qalmır. Yeganə istilik mənbəyimiz odundur. Məcburiyyət qarşısında meşələri məhv edirik. Nə vaxta qədər belə olacaq? Qışda qızınmaq üçün hər ailəyə 8 kub odun lazım olur. Başqa mənbə olmadığı üçün odun meşələrdən tədarük olunur. Bu səbəbdən meşələr artıq tükənmək üzrədir. Nəticədə ekoloji problem yaranır". Şikayətçilərin dediyinə görə, rayonun Qarıkənd, Dəyirmandağı və Şəkərbəy kəndlərinə də qaz xətti çəkilməyib: "Camaat soyuqdan donur. Kəndlilər isti aylarda yanacağa olan tələbatlarını qaz balonu ilə birtəhər ödəsələr də, qarlı-boranlı qış günlərində məcbur qalıb meşəliklərdən odun qırmağa gedirlər. Meşədən odun gətirəndə isə meşəbəyi ağacları kəsdikləri üçün sakinləri cərimə edir. Gədəbəyin 109 yaşayış məntəqəsindən 26-sı qazlaşdırılıb. Əksəriyyəti yanacaqsızdır. Bu isə dəhşətdir. Təhsil müəssisələrində də istilik yoxdur. Bunun dərdindən şagirdlər məktəbə getmək istəmir. Soyuq sinif otaqlarında oturan şagirdlər tez-tez xəstələnirlər. Bunu nəzərə alan valideynlər övladlarını məktəbə getməyə qoymur. Yerli qaz istismar sahəsinin rəhbərliyi isə hər il deyir ki, bu il qaz olacaq. Artıq bu sözləri eşitməkdən qulağımız "mazol" olub. Qaz idarəsinin rəisi verdiyi vədə əməl etmir. İcra başçısı Ramiz Yediyarov yaşadığımz durumla maraqlanmır. O isti kabinetində oturur və elə düşünür ki, hamının yeri istidir. Başçı Gədəbəyin ucqar kəndlərində yaşayan sakinlərin vəziyyətindən xəbərdardır. Sadəcə, heç bir tədbir görmək istəmir. Rayonda təkcə mavi yanacaq yox, həmçinin digər sahələrdə də acınacaqlı durum yaşanır. Bir sözlə, Gədəbəy və gədəbəylilər problem içində itib-batır. Ramiz müəllim, müavinləri və digər yerli idarələrin rəhbərləri isə şəxsi maraqları üçün çalışırlar. Sizin vasitənizlə yuxarılardan kömək istəyirik". Növbəti saylarımızda dövlət büdcəsindən Gədəbəyin abadlaşması, müxtəlif təmir-tikinti layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan milyonların aqibəti və Ramiz Yediyarovun biznes şəbəkəsi barədə şok faktları açıqlayacağıq. Bizi izləyin.
\\ GünBakı \\
Geri qayıt