Əsas Səhifə > Ölkə, Manşet > Zakir Fərəcovun adamı Qobu sakinlərinin canlarını boğaza yığıb

Zakir Fərəcovun adamı Qobu sakinlərinin canlarını boğaza yığıb


23-01-2015, 12:03
Zakir Fərəcovun adamı Qobu sakinlərinin canlarını boğaza yığıb
Redaksiyamıza yeni daxil olan məlumatda Abşeron rayonu Qobu qəsəbəsində müşahidə olunan neqativ hallara dair açıqlamalar təqdim olunur. Yerli sakinlərdən aldığımız şikayət məktublarında bildirilir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Siyavuş Rəcəbəliyevin törətdiyi qanunsuzluqlar sakinləri bir çox sosial və məişət problemləri ilə üz-üzə qoymuş olur. Məlumat üçün qeyd edək ki, bu gün Qobu qəsəbəsində 3027 təsərrüfat olmaqla, 15411 nəfər əhali yaşayır. Sakinlərin əsas məşğuliyyət növünü maldarlıq təşkil edir. Əhalinin bir qismi qəsəbənin, Abşeron və Qaradağ rayonlarının idarə və müəssisələrində çalışırlar. Əldə etdiyimiz məlumata görə Siyavuş Rəcəbəliyev bir müddət bundan əvvəl Qobu qəsəbə bələdiyyəsinin sədr müavini vəzifəsində işləyib. Mənbələr belə bir məqamı da diqqət mərkəzinə çəkirlər ki, Siyavuş Rəcəbəliyevin həmin vəzifədə fəaliyyəti də bir çox qanun pozuntuları ilə müşahidə olunurdu və bu vəziyyət bu gün də davam etməkdədir. İlk növbədə aldığımız şikayət məktublarında bildirilir ki, qəsəbədə torpaq sahələri yerli icra nümayəndəsi tərəfindən sözün əsil mənasında zəbt edilir. Bundan sonra isə həmin ərazilər sakinlərin xəbəri olmadan satışa çıxarılır və tamamilə qeyri-qanuni olaraq hərracdan kənar satılır. Mənbələr tərəfindən xüsusi olaraq vurğulanır ki, Qobuda böyük səlahiyyətlərə sahib olan icra nümayəndəsinin razılığı olmadan qəsəbədə bircə qarış belə olsun torpaq alqı-satqısı həyata keçirilə bilməz. Bildirilir ki, yerli sakinlər pay torpaqlarının alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayət olunmur. Təbii ki, əgər həmin şəxslər də öz növbələrində Siyavuş Rəcəbəliyevin tələb etdiyi məbləği ödəməyə razı olsalar. Bundan başqa məlumatlarda xüsusi olaraq vurğulanır ki, Siyavuş Rəcəbəliyevin fəaliyyəti Qobu qəsəbəsində görülən abadlıq və quruculuq işlərinin həm sürətini zəiflədən, həm də bu işlərin miqyasını kiçildən amil kimi çıxış edir. Əlbəttə ki, bütünlükdə Abşeron rayonunda olduğu kimi Qobu qəsəbəsində də sakinlərin maddi rifah hallarının yaxşılaşdırılması, sosial-məişət problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qəsəbədə sosial-iqtisadi inkişafın təmin olunmasında, eləcə də əhalinin problemlərinin öyrənilməsi və aradan qaldırılması işlərində bələdiyyə orqanlarının və icra nümayəndəliyinin də fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Lakin məlumatları təqdim edən mənbələr iddia edirlər ki, bir çox məqamlarda məhz Siyavuş Rəcəbəliyev tərəfindən resurs və vəsaitlərin düzgün bölüşdürülməsi təmin olunsaydı, bu zaman ayrılan dövlət vəsaitləri hesabına bu günədək görülmüş işlərin həcmi daha artıq olardı. Lakin yol verilən müxtəlif maxinasiyalar və bu əsasla baş verən mənimsəmələr mövcud imkanları xeyli məhdudlaşdırmışdır. Şəxsi mənafeylərin təmin olunması naminə, işləri icra edəcək müəssisələrin seçimi obyektiv aparılmır, bir çox hallarda isə əslində heç bir maddi texniki bazaya malik olmayan şirkətlərlə saxta müqavilələr bağlanılır. Bundan sonra isə görülən işlər muzdlu fəhlələr tərəfindən və olduqca ucuz qiymətə həyata keçirilir. Nəticədə işlərin smeta dəyəri ilə real maya dəyəri arasında kifayət qədər böyük fərq yaranır ki, həmin vəsaitlər də Siyavuş Rəcəbəliyev tərəfindən mənimsənilir. Təbii ki, bu maxinasiyalar işlərin keyfiyyətinə olduqca mənfi təsir göstərir. Lakin bu kimi mənimsəmələrdən əldə olunan gəlirlər bir çox məqamlara göz yumulmasını təmin edir...

Geri qayıt