Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > İcra başçısı bankirin qardaşının şadlıq sarayını niyə sökdürə bilmədi?
İcra başçısı bankirin qardaşının şadlıq sarayını niyə sökdürə bilmədi?5-02-2015, 11:40 |
Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun qardaşına məxsus olan "Planet" şadlıq sarayının başının üzərini alan buludlar yavaş-yavaş çəkilir. Bu barədə məlumatı etibarlı mənbələrdən almışıq. Xatırladaq ki, ötən ilin ortalarında Nizami Rayon İcra Hakimiyyətinin paytaxtın məşhur şadlıq saraylarından biri olan "Planet"in sökülməsi ilə bağlı tapşırıq verməsi barədə məlumat getmişdi. Xəbərdə icra hakimiyyətinin şadlıq sarayının gəlin maşınının zala daxil olan hissəsinin sökülməsi haqqında göstəriş verdiyi qeyd olunurdu. Hətta xəbərdə bildirilirdi ki, söküntü işinin başa çatdırılması üçün obyekt sahibinə oktyabr ayına qədər vaxt verilib. "Planet"in rəhbərliyi isə deyilənləri təkzib etdi: "Şadlıq sarayı sökülmür. Sadəcə, təmir işləri gedir. Məlumat tam yalandır və həqiqətə uyğun deyil. Bu cür xəbərləri yaymaq düzgün deyil. İşlərimiz tam qaydasında gedir. Şadlıq evlərinin yığışdırılması ilə bağlı xəbərlərin ortaya çıxmasının bizim şadlıq sarayına heç bir təsiri olmayıb. Əksinə, toy sifarişlərimizin sayında artım var". Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev isə yayılan xəbər haqda ilk dəfə mətbuatdan oxuduqlarını bildirib: "Biz bu məsələni ilk dəfədir eşidirik. Birincisi, rayon icra hakimiyyəti olaraq heç bir təsərrüfat subyektinin, özəl obyektin sökülməsi haqda göstəriş verməyə ixtiyarımız yoxdur. Bu bizim funksiyamıza aid deyil. Belə bir şey etmirik. Hansı məntiqlə özəl obyektin işinə qarışıb, onu sökdürə bilərik? Belə bir şey olsa, bizi məhkəməyə verə bilərlər. Sahibkarların buna tam hüquqları çatır. Ümumiyyətlə, oranın sökülməsindən xəbərimiz yoxdur". Halbuki, şadlıq sarayının maşın daxil olan hissəsinin söküləcəyi barədə xəbərlər yayılmağa başlayanda Nizami Rayon İcra Hakimiyyətinin rəsmiləri bunu təsdiqləmişdi. Bəs nə baş verdi? Nəyə görə söküntü işləri aparılmadı? Özəl mənbələrdən aldığımız məlumatlara görə, "Planet" şadlıq sarayının fəaliyyəti üçün yaranmış müdaxilənin aradan qaldırılmasında Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun böyük rolu olub: "Şadlıq sarayı əslində, Mərkəzi Bankın rəhbərinə məxsusdur. O məmur olduğundan burdakı işlərinə qardaşı nəzarət edir. Ümumiyyətlə, Elman Rüstəmovun biznesinin böyük hissəsini qardaşı idarə edir. Eşitdiyimə görə, "Planet"in bir hissəsinin sökülməsi barədə göstəriş Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tərəfindən verilmişdi. Amma bank rəhbərinin məsələyə qarışması icra başçısının geriyə addım atması ilə nəticələnib. Şadlıq evinin qarşısındakı əraziyə hansısa məmurlardan biri göz dikibmiş. İcra hakimi ilə münasibətləri yüksək səviyyədə olan həmin məmur qeyd olunan sahəni ələ keçirmək üçün bəzi addımlar da atıb. Yekunda Nizami rayonunun rəhbəri şadlıq sarayının maşın daxil olan hissəsinin sökülməsi qərarına gəlib. Lakin bu məsələdə Tahir Budaqov uğursuzluğa düçar oldu. Belə ki, Elman Rüstəmov bu xəbəri eşidər-eşitməz dərhal reaksiya verdi. Elə buna görə də "Planet"in bir hissəsinin sökülməsi məsələsi gündəmdən çıxdı. Mərkəzi Bankın idarə heyətinin sədri Tahir Budaqovla müqayisədə çox möhkəm dayaqlara sahibdir. Bu baxımdan onun atdığı addımı icra başçısının üzərində qələbə kimi də təqdim etmək olar. Bununla kifayətlənməyən məmur icra hakiminin yuxarılarla əlaqələrindən istifadə edərək Tahir Budaqovun cəzalandırılmasına çalışır". \\ GünBakı \\ Geri qayıt |