Əsas Səhifə > Ölkə, Manşet > Belə getsə, Sumqayıt Azərbaycanın Las-Veqasına çevriləcək...
Belə getsə, Sumqayıt Azərbaycanın Las-Veqasına çevriləcək...19-03-2015, 12:34 |
Etiraf etmək lazımdır ki, son vaxtlar ölkəmizdə, xüsusən də paytaxt Bakıda qeyri qanuni fəaliyyət göstərən totalizator və digər qumarxanalara qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir. Lakin təəssüflər olsun ki, bu tədbirlər hələ də gözlənilən nəticələri vermir. Qəzetimizin ötən saylarında biz bir neçə dəfə Bakı və Sumqayıtın müxtəlif rayonlarında kafe və çayxana adı altında qanunsuz fəaliyyət göstərən totalizator və digər qumarxanalar barədə materiallar dərc etmişik. Məlum olduğu kimi bu tip obyektlərdə futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir. Bəzi hallarda isə obyekt sahibləri bununla da kifayətlənməyərək müxtəlif kompüter proqramları vasitəsilə əsil qumar oyunlarını da təşkil edirlər. Dərc olunan materiallarda biz xüsusilə belə bir məqamı vurğulamışdıq ki, əvvələr aşkar olunmuş bir sıra qanunsuz totalizatorların sahiblərinə qarşı cinayət işləri başlansa da onların yerini tez bir zamanda yeniləri tuturlar. Belə təəssürat yaranır ki, aşkar olunan qumarxanaların sahibi kimi məsuliyyətə cəlb edilən şəxslər əslində heç də bu işin başında duran adamlar deyillər. Dərc etdiyimiz materiallarda biz hər dəfə belə bir fikri də xüsusi vurğulamışdıq ki, istənilən ictimai-iaşə obyekti yerləşdiyi rayonun müvafiq polis orqanlarının tam nəzarətində fəaliyyət göstərir. Deməli, əksər hallarda qeyri-qanuni totalizator və qumarxanalara da məhz həmin rayonun vəzifəli polis məmurlarının himayədarlıq etmələrini düşünmək məntiqə uyğundur. Yeri gəlmişkən bəzi qumarxana sahibləri bilavasitə himayəsində olduqları vəzifəli şəxslərin adını açıq-aşkar bəyan etməkdən belə çəkinmirlər. Buna misal olaraq Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində, Koroğlu prospektində yerləşən “Samovar” çay evinin sahibi Vüqar müəllimin dediklərini də nümunə göstərmək olar. Bu xüsusda məlumatları təqdim edən mənbə iddia edir ki, Vüqar müəllim hətta bir deyil, üç belə havadara malik olduğunu dəfələrlə bəyan edib. Onun sözlərinə görə “Samovar” çay evinin problemsiz işləməsi üçün Vüqar müəllim guya ki, hər ay Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Sahib Mirzəyevə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışan daha bir nəfərə “haqq” verir. Qeyd etmək lazımdır ki, “Samovar” çay evi nəinki gizlin fəaliyyət göstərən obyekt kimi təqdim oluna bilməz, əksinə onun reklam çağırışları açıq-aşkar yeni müştərilər cəlb etməkdədir. Belə ki, ““Samovar” çay evi” sözlərinin yazıldığı reklam lövhəsinin üzərində əlavə olaraq ““Çelsi” idman klubu” yazısının da mövcudluğu, burada qeyri-qanuni futbol totalizatorunun fəaliyyət göstərməsinə işarə edir. Qəribədir ki, əvvələr aşkar olunmuş bir sıra qanunsuz totalizatorların sahiblərinə qarşı cinayət işləri başlansa da onların yerini tez bir zamanda yeniləri tuturlar. Belə təəssürat yaranır ki, aşkar olunan qumarxanaların sahibi kimi məsuliyyətə cəlb edilən şəxslər əslində heç də bu işin başında duran adamlar deyillər. Necə deyərlər, kölgə iqtisadiyyatının əsil rəhbərləri elə kölgədəcə qalaraq və hər dəfə əlləri altında hazır saxladıqları növbəti qurbanlarını irəli verərək öz sərvətlərini artırmaqda davam edirlər. Bəs görəsən şəhərin hakimiyyət orqanları bu qanunsuzluğa niyə göz yumurlar? Ən azından Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizovdan bu məsələyə qarşı sərt tədbirlər gözləmək olardı. Lakin qumarxana hələ də fəaliyyətdədir. Görəsən nə vaxta qədər..? \\ bizimdovr.az \\ Geri qayıt |