Əsas Səhifə > Ölkə, Manşet > “Əmlak komitəsinin məmuru oğlumun həbsini sifariş edib”

“Əmlak komitəsinin məmuru oğlumun həbsini sifariş edib”


20-03-2015, 12:13
“Əmlak komitəsinin məmuru oğlumun həbsini sifariş edib”
5 martda saytımızda “Bakı prokurorluğunun müstəntiqi 8 aydan sonra zərərçəkənləri müttəhimə necə çevirdi?” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalə Elçin Baxşıyevin xuliqanlıqda ittiham olunmasından bəhs edirdi. Elçin Baxşıyevin atası Qılıncxan Baxşıyev bizə bildirib ki: “ 15 oktyabr 2013-cü il tarixdə mənim oğlum Elçin, onun dostları Seymur Fərzəliyev və Əli Məlikov hücuma məruz qalıblar. Nəticədə Elçin və Seymur yaralanıblar, Əli Məlikov isə ölüb. Cinayət işi qaldırılıb. Hücum edənlər Tural Əliyev, Ramin Rzayev və Səbuhi Məmmədov saxlanılıblar. Mənim oğlum və Seymur Fərzəliyev zərərçəkən kimi tanınıblar. Ancaq 8 aydan sonra onlar Bakı şəhər prokurorluğunun müstəntiqi Vaqif Süleymanovun səyi nəticəsində zərərçəkəndən müttəhimə çevriliblər”.

Qafqaznews.org-un müxbirinin “Hücuma səbəb nə olub?” sualına Baxşıyev belə cavab verib: “ Mənim oğlum görüşdüyü qızı aparırmış. Yolda o, öz avtomobilini saxlayıb ona nəsə demək istəyirmiş. Ordan keçən və bizim binadan yaxın məsafədə yaşayan Tural Əliyev tələb edib ki, oğlum tez keçsin. Oğlum isə soruşub ki, “ Nə üçün tez keçməliyəm?”. Tural ondan əl çəkməyib. O Elçinə görüşməyi və məsələni həll etməyi təklif edib. Elçin razılaşmalı olub. Tural isə oğluma mobil telefonunun nömrəsini verib”. Baxşıyevin sözlərinə görə, Turalla mübahisədən sonra oğlu dostları Əli Məlikov və Seymur Fərzəliyevlə görüşə gedib: “ Görüş bizim evin yaxınlığındakı dükanın yanında olub. Dostları ilə söhbət edən oğlum Turala zəng edərək görüşməyə razılaşıb. Tural isə görüşə dostları Ramin Rzayev və Səbuhi Məmmədovla birgə gəlib. Elçin istəyib ki, mübahisə sülh yolu ilə həll olunsun. Ancaq Tural, Ramin və Səbuhi oğlumu döyməyə başlayıblar. Ordan keçən Əli Məlikov və Seymur Fərzəliyev onları sakitləşdirməyə çalışıb. Ancaq Tural Əliyev oğlumu bıçaqla vurub. Elçin yıxılanda dostu Seymur onu ayağa qaldırmaq istəyib.Bu zaman Tural onu da yaralayıb.
Əli köməyə gələndə Tural bıçaqla düz onun ürəyindən vurub”. Qılıncxan Baxşıyev bizə bildirdi ki, hücum faktı ilə bağlı cinayət işi açılıb: “ Cinayət işi müstəntiq Vaqif Süleymanova həvalə olunub. Mənim oğlum və dostları zərərçəkən kimi tanınıb. Ancaq 8 aydan sonra oğlum və dostu Seymur zərərçəkəndən müttəhimə çevriliblər. Mənim oğlumu və dostunu ittiham edirlər ki, onlar ətrafdakılara qarşı laqeydlik nümayiş etdirərək özləri Tural Əliyev,Sabuhi Məmmədov və Ramin Rzayevlə mubahisə ediblər.Onları xuliqanlıq hərəkətləri etməkdə və Tural, Səbuhi və Raminlə dalaşmaqda ittiham ediblər”.
Baxşıyevin sözlərinə görə, müstəntiq Vaqif Süleymanov onun oğlunu və dostu Seymuru AR Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ( xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən ictimai asayişi kobud şəkildə pozulması, vətəndaşa güc tətbiq edilməsi, cəmiyyətə açıq şəkildə hörmətsizlik numayiş etdirilməsi, vətəndaşlara qarşı zor tətbiq edilməsi, taxud zor tətbiq etməklə təhdid edilməsi, başqasının mülkiyyətinə zərər yetirməklə və yaxud məhv etməklə müşahidə olunan qəsdən törədilən hərəkətlər) ilə ittiham edib: “ İttihamın əsasında isə bizim evin yaxınlığında yerləşən dükanın sahibi Rüstəm Maqsudovun izahatı olub. Rüstəm bildirib ki, Elçinin rəhmətlik Əli Məlikov və Seymur Fərzəliyevlə söhbətinin şahidi olub. Rüstəmin sözünə görə, Elçin dostlarına bildirib ki, mən Turalla məsələni həll eləmək istəyirəm. Ancaq Rüstəm yalan deyir. Onu müstəntiq məcbur edib. Əvvəlcə müstəntiq Elçini məcbur eləmək istəyib ki, guya davanın təşəbbüskarı oğlum olub. Bu mümkün olmayanda müstəntiq Rüstəmi məcbur edib. Bu barədə Rüstəm özü dedi ki, müstəntiq məni oğlunla bağlı yalan izahat verməyə məcbur edir və mən ondan qorxuram”.
Baxşıyev bildirib ki, 11 avqust 2014-cü il tarixdə Əli Məlikovun ölüm işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi olub: “ Məhkəmənin qərarı ilə Elçin və Seymur 5 il müddətində cəza alaraq məhkəmə zalında həbs olunub. Biz və Seymurun ailəsi apellyasiya şikayəti verdik. Bu ilin fevral ayının 24-də Bakı Apellyasiya Məhkəməsi işə baxaraq oğlum Elçinin həbs müddətini 6 ay, Seymur Fərzəliyevin həbs müddətini isə 1 il azaltdı”.

Qılıncxan Baxşıyev dediklərini təsdiq edən bütün sənədləri, məhkəmə qərarlarını bizə təqdim elədi.
Baxşıyev eyni zamanda Rüstəm Maqsudovla olan audioyazını da bizə təqdim elədi. Bu aidioyazıda Rüstəm müstəntiqin ona təzyiq elədiyini deyərək, bildirir ki, mən razılaşmağa məcbur oldum, başqa yolum yox idi.
Biz bütün bunlarla bağlı müstəntiq Vaqif Süleymanovun fikirlərini öyrənmək istəsək də o, sullarımıza cavab verməkdən imtina elədi. Qılıncxan Baxşıyevin fikrincə, onun oğlunun və Seymur Fərzəliyevin həbs olunmasını mərhum Əli Məlikovun atası, Əmlak Komitəsinin Kadrlar İdarəsinin rəisi Natiq Məlikov sifariş edib: “ Bu sifariş keçmiş icra başçısı Aslan Aslanovun Lamiyə Quliyevanın başına açdığı oyunları xatırladır”.
Müxbirimizin “Siz nə üçün belə hesab edirsiniz” sualına Qılıncxan Baxşıyev belə cavab verib: “ Ona görə ki, birinci məhkəmə instansiyasında Natiq Məlikovun nümayəndəsi mənim oğluma və onun dostuna ən ağır cəza tələb elədi. Onun fikrincə, davanı qızışdıran mənim oğlum olub və nəticədə onun oğlu öldürülüb”.
Baxşıyevin qafqaznews.org-a dediklərinə görə: “ Məhkəmə prosesinədək Natiq Məlikov işin obyektiv aparılmasına kömək edib. Hətta o, istintaqın obyektiv aparılması üçün Baş prokurora məktub göndərib. Natiq Məlikov mənə hərraclar üzrə Auksion Mərkəzin direktoru Əli Abdullayevin telefonunu verdi ki, oğlunuzun işi ilə bağlı hər hansı problem olarsa onunla əlaqə saxlayın, o sizə hər cürə dəstək verəcək”.
Baxşıyevin sözlərinə görə, cinayət işi qaldırılandan 5 ay sonra müstəntiq Vaqif Süleymanov mənim oğlumdan tələb elədi ki, davada səbəbkar olduğunu etiraf eləsin: “ Mən bu barədə Əli Abdullayeva məlumat verdim. O, mənə dedi ki, məni bir daha narahat eləmə”.
Biz Əli Abdullayevin fikrini öyrənməık istəsək də, o bizim suallarımıza cavab verməkdən imtina elədi.
Qafqaznews.org-un müxbiri Natiq Məlikovun fikirlərini öyrənmək istəsə də onunla əlaqə saxlamaq mümkün olmayıb.

Geri qayıt