Əsas Səhifə > Ölkə, Manşet > Ağsuda səfərbərlik idarəsi hansı ölkənin qanunları ilə işləyir
Ağsuda səfərbərlik idarəsi hansı ölkənin qanunları ilə işləyir15-04-2015, 12:04 |
Qəzetimizin 08 aprel 2015-ci il tarixli sayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Ağsu rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair aldığımız məlumatlar əsasında hazırladığımız tənqidi material dərc olunmuşdu. Bu xüsusda redaksiyamıza yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda qeyd olunmuşdu ki, əvvəllər Ağsu rayon Hərbi Komissarlığının fəaliyyətində də müşahidə olunan bütün neqativ hallar, bu gün Elməddin Cəfərovun rəhbərlik etdiyi şöbə üçün də xarakterikdir. Başqa sözlə, mənbələr iddia edirlər ki, qurumun tabeçilik strukturunun və adının dəyişdirilməsi ilə xidmətin keyfiyyətində müsbətə doğru heç bir irəliləyiş olmayıb. Mövzuya dair ötən yazılarımızda da biz qeyd etmişdik ki, Səfərbərlik xidmətinin bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. Halbuki vətəndaşların orduya çağırışı və konkret ordu hissələrinə göndərişi ilə bağlı bütün səlahiyyətlərin Səfərbərlik xidmətinə verilməsindən sonra ümid etmək olardı ki, artıq bu proseslər bəzi rüşvətxor hərbçi məmurlar üçün qeyri-leqal gəlir mənbəyi kimi öz əhəmiyyətini itirəcəkdir. Lakin yerli mənbələrin iddialarına görə, son nəticədə bütün bu islahatlar bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. Hətta əvvəllər komissarlıqlarda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib. Səfərbərlik xidmətinin Ağsu rayon şöbəsinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, bəzi korrupsioner səlahiyyət sahibləri bu strukturlardan öz qanunsuz əməlləri üçün bir şirma kimi istifadə etmək planlarından hələ də əl çəkmək fikrində deyillər. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, hazırda Ağsu rayonunun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Məlumdur ki, bu sahədə qanun pozuntularına daha çox məhz hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Daxil olan məlumatlarda da bildirilir ki, Ağsuda hərbi xidmətdən yayınmağa çalışan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin “razılığı” ilə yarana bilər. Bu xüsusda mənbələrin təqdim etdikləri məlumatlarda Elməddin Cəfərov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi də iddia olunur. Qeyd etməliyik ki, sözügedən materialın sonunda biz Səfərbərlik xidmətinin Ağsu rayon şöbəsinin rəhbərliyinin də məsələyə dair mövqeyini dərc etməyə hazır olduğumuzu bildirmişdik. Məqalənin dərcindən sonra Elməddin Cəfərovun redaksiyamıza açdığı telefon zəngini də biz məhz məsələyə münasibət bildirmək istəyi kimi qiymətləndirmişdik. Lakin Elməddin müəllim aldığımız məlumatlarda irəli sürülən ittihamlar barədə deyil, özünün keçmiş xidmətləri barədə danışmağa başladı. Belə ki, özünün Qarabağ müharibəsinin iştirakçısı olması faktını vurğulayan Elməddin müəllim, məhz bu əsasla onun rəhbərlik etdiyi şöbənin fəaliyyətinə dair tənqidi yazılara son qoymalı olduğumuzu bildirdi. Əlbəttə ki, Qarabağ uğrunda gedən döyüşlərdə özünün və ən əsası da düşmənin qanını tökmüş hər bir Vətən oğlu qarşısında biz baş əyirik. Lakin keçmiş xidmətlər gələcək nöqsanları ört-basdır eləmək üçün deyil. Əksinə, bizim fikrimizcə məhz Qarabağ müharibəsinin iştirakçısı kimi, Elməddin müəllim gənclərimizin Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirmələrinin vacibliyini digərlərindən daha yaxşı başa düşməlidir. Belə olan təqdirdə isə səfərbərlik şöbəsinin rəisi kimi, Elməddin Cəfərovun vəzifəsi hərbi xidmətdən yayınmağa meyilli olan bəzi gənclərimizə onların səhv mövqeydə olduqlarını və ordu sıralarında xidmətin sadəcə borc deyil, həm də ilk növbədə şərəf və namus məsələsi olduğunu onlara anlatmaqdan ibarət olmalıdır. Geri qayıt |