Əsas Səhifə > Ölkə, Manşet > Elmar Vəliyev oğlunu deputat etmək üçün «Kəpəz»dən yararlanacaq?

Elmar Vəliyev oğlunu deputat etmək üçün «Kəpəz»dən yararlanacaq?


29-05-2015, 11:06
Elmar Vəliyev oğlunu deputat etmək üçün «Kəpəz»dən yararlanacaq?
Xəbər verildiyi kimi, Gəncənin «Kəpəz» klubuna yeni rəhbər təyin olunub. JAM.AZ xəbər verir ki, klubu bundan sonra Müşahidə Şurası idarə edəcək və həmin şuraya da Gəncənin icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev rəhbər təyin olunub.

Qeyd edək ki, Elmar Vəliyev oğlu Elmir Vəliyevi xeyli müddətdir ictimai fiqur olaraq cəmiyyətə təqdim etməyə çalışır. Bunun üçün ilk olaraq oğlunu «Gəncə Avropa Paytaxtı 2016» İctimai Birliyinin sədri təyin etdirmişdi. Hətta bu məqsədlə Avropa mətbuatına çıxış taparaq, Fransada nəşr olunan jurnalların birində oğlunun müsahibəsini yayımlamaq üçün 300 min avro xərclədiyi də iddia olunur.

Elmar Vəliyev oğlunu deputat etmək üçün «Kəpəz»dən yararlanacaq?

Amma bunca işin içində Elmir Vəliyevin «Kəpəz» futbol klubunun rəhbəri təyin edilməsi heç də sıradan bir hadisə deyil. JAM.AZ xəbər verir ki, idman sahəsinə oğul Vəliyevin transfer olunması birbaşa FHN şefi Kəmaləddin Heydərovun atdığı addımlardan sonraya təsadüf edir. Belə ki, «fövqəlnazir»in oğlu Taleh Heydərovun «Qəbələ» futbol klubuna prezidentlik etməsi Elmar Vəliyevi də analoji addım atmağa sövq edib. Daha doğrusu, Gəncənin icra başçısı ilə Heydərovlar arasında baş qaldırmış rəqabət onu bu addımı atmağa vadar edib. Sadəcə, əlverişli məqam olmadığı üçün proses yubanıb.

Ancaq bəzi məlumatlarda olduqca maraqlı bir planın işə düşdüyündən də bəhs olunur. Verilən xəbərlərdə vurğulanır ki, bir zamanlar oğlunu diplomat olaraq görmək istəyən Elmar Vəliyev Elmir Vəliyevi bundan sonrakı mərhələdə siyasi arenaya çəkməyə çalışır. İddialara görə, Gəncənin icra başçısı «Kəpəz» klubundan tramplin kimi istifadə etmək fikrindədir. Hətta o da vurğulanır ki, icra başçısı qarşıdan gələn parlament seçkilərində oğlunu deputat etdirmək üçün bütün gücünü səfərbərliyə alıb.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt