Əsas Səhifə > Ölkə, Manşet > Sumqayıtda köhnə sovet ab-havası...

Sumqayıtda köhnə sovet ab-havası...


3-08-2015, 10:32
Sumqayıtda köhnə sovet ab-havası...
24 apreldə Qafqaz Xəbər Agentliyində “Narazısansa, zorla dəlixanaya…” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə Sumqayıt sakini Anar Süleymanovun agentliyimizə müraciətindən bəhs edirdi. Xatırlatma üçün bildirək ki, Anar Süleymanov Sumqayıt Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. İddiaçı icra hakimiyyətinin ağacları qanunsuz kəsdiyini iddia edib.
Anar Süleymanovun sözlərinə görə, o, onurğa sütununda olan problemlə bağlı hərbi xidmətdən azad olunub: “ Yaxınlarda məni tibbi baxışdan keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ( SHXÇDX ) Sumqayıt şöbəsinə dəvət etdilər. Tibbi baxışdan sonra məni Xidmətin Sumqayıt şöbəsinin rəisi Natiq Qarayev öz kabinetinə çağırdı. Kabinetdə Natiq Qarayevdən başqa qurumun baş həkimi Eldar İsgəndərov da var idi. Onların hər ikisi mənə bildirdi ki, mənim psixi durumumda problem var və müayinə üçün psixo-nevroloji dispanserə göndərilməliyəm. Əminəm ki, dispanserdə məni dəli elan edib dəlixanaya yerləşdirəcəklər.
Süleymanovun Qafqaz Xəbər Agentliyinə dediklərinə görə, Sumqayıt icra hakimiyyəti bu yolla onu susdurmaq istəyir: “ Mən SHXÇDX-nin Sumqayıt şöbəsinin qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Elmira Süleymanovaya, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə məlumat vermişəm. Mən Natiq Qarayevlə Eldar İsgəndərovu da məhkəməyə verməyə hazırlaşıram”.
SHXÇDX-nin Sumqayıt şöbəsinin baş həkimi Eldar İsgəndərov isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki, Anar Süleymanovun dedikləri yalandır: “ Heç kim Anar Süleymanovu psixi cəhətdən xəstə elan etməyib. O özü şikayətləndi ki, əsəbləri pozulub. Və müayinə edən həkimdə onun psixi durumu ilə bağlı şübhə yarandığı üçün onu psixo-nevroloji dispanserə göndərmək qərarına gəlib. Ola bilər ki, həkim-psixiatr səhv edib”.
Bizə məlum oldu ki, bu olayın davamı olub. Anar Süleymanov bizə bildirdi ki, sizin saytlarda mənimlə bağlı məqalələrin dərcindən sonra Sumqayıt ŞİH məni cəzalandırmaq qərarına gəldi: “ Onlar səs operatoru işlədiyim Sumqayıt teatrından məni uzaqlaşdırmaq istədilər. Ancaq bacarmadılar. Onda Sumqayıt prokurorunun böyük köməkçisi Sərxan Bəxtiyarov Sumqayıt məhkəməsinə məktub göndərdi ki, məni məcburi müalicəyə göndərsinlər. Mən başa düşmürəm məni niyə məcburi müalicəyə göndərməlidirlər? Axı, mənə qarşı cinayət işi açılmayıb. 15 mayda Sumqayıt məhkəməsi prokuror köməkçisinin xahişini təmin elədi, həm də mənim iştirakım olmadan”.
Süleymanovun sözlərinə görə, 18 mayda polislər onu saxlayıb: “ Məni zorla avtomobilə basaraq dedilər ki, Sumqayıt psixo-nevriloji xəstəxanasına aparırlar. Ancaq məni Maştağa ruhi xəstəxanasına apardılar. Maştağa xəstəxanasının həkimləri məni normal hesab edib azadlığa buraxdılar. Oradan çıxandan sonra Sumqayıt şəhər məhkəməsinin qərarından apellyasiya şikayəti verdim. 30 mayda Sumqayıt Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin qərarını qüvvədə saxladı”.

Sumqayıtda köhnə sovet ab-havası...
Geri qayıt