Əsas Səhifə > Ölkə, Manşet > Eldar Əzizovun adamı torpaq maxinasiyasında...

Eldar Əzizovun adamı torpaq maxinasiyasında...


5-08-2015, 11:18
Eldar Əzizovun adamı torpaq maxinasiyasında...
Redaksiyamıza yeni daxil olan məlumatlarda Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının H.Z.Tağıyev qəsəbəsi inzibati ərazi vahidi üzrə nümayəndəsi Nasir Rzayevin yarıtmaz fəaliyyətindən doğan narazılıqlar öz əksini tapıb. Məlum olduğu kimi, ölkənin əsas şimal magistral yolunun üstündə yerləşən Tağıyev qəsəbəsinin ətraf ərazilərində hələ sovet dövründə bir neçə kimya sənayesi müəssisəsi və hərbi hissələr yerləşirdi. Təbii ki, bu qonşuluq yerli əhali kontingentinin də formalaşmasına təsirsiz ötüşməyib. Buranın sakinləri daha çox zəhmətə alışqan, qayda-qanunlara riayət etməyə üstünlük verən, səliqə-sahmanı sevən insanlardan ibarətdir.Amma təəssüflər olsun ki, bu gün bu insanlara rəhbərlik etmək daha çox qanunları pozması ilə diqqəti cəlb edən bir məmura həvalə olunub. Təbii ki, bu ziddiyyət problemlərsiz ötüşə bilməz. Yaranan problemlər isə, ilk növbədə yenə də sakinlərin rahatlığını pozur, qəsəbənin sosial tərəqqisinə əngəllər törədir. Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda ilk növbədə Nasir Rzayevin qəsəbədə və ətraf ərazilərdə davamlı olaraq həyata keçirdiyi torpaq maxinasiyalarından bəhs edilir. Tağıyev qəsəbəsi bir tərəfdən dənizlə, digər tərəfdən sənaye müəssisələriylə əhatələnib. Dəniz sahilinə paralel, qəsəbədən hər iki istiqamətə isə, geniş torpaq sahələri uzanıb gedir. Mənbələr bildirirlər ki, icra nümayəndəsi həmin o geniş ərazilərdən 100 hektardan artıq torpaq sahələrini uzun müddətə istifadəyə götürüb. Faktiki olaraq zəbt etdiyi həmin torpaqların bir hissəsində Nasir Rzayev mövsümdən asılı olaraq, bostan və tərəvəz bitkiləri, göyərti əkdirir, bir hissəsində balıqçılıq təsərrüfatı yaradıb, qalanını da icarəyə verib. Bütün bu fəaliyyətindən gələn gəlirdən isə təbii ki, nə dövlət büdcəsinə vergi ödənilmir, nə də qəsəbənin ehtiyaclarına bir qara qəpik olsun xərclənmir. Daha sonra daxil olan məlumatlarda iddia olunur ki, bu gün qəsəbə torpaqlarının kənar şəxslərə qanunsuz satışı və burada eynilə qanunsuz evlərin tikintisi geniş vüsət alıb. Halbuki, yerli sakinlər ailə-məişət şəraitlərini yaxşılaşdırmaq üçün özlərinə məxsus torpaq sahəsində ev tikmək istədikdə, onlardan 5-8 min manat civarında rüşvət tələb olunur. Tələbə əməl olunmadıqda isə, Nasir Rzayev həmin vətəndaşa qarşı “xüsusi tədbir” görür. Məsələ bundadır ki, bu xüsusda icra nümayəndəsinin özünəməxsus taktikası var. Belə ki, ev tikmək niyyətinə düşmüş qəsəbə sakininə qarşı əvvəlcədən heç bir tələb irəli sürülmür. Nasir Rzayev sözün əsil mənasında gözləmə mövqeyi tutur. Yalnız evin divarlarının çox hissəsi qaldırıldıqdan sonra, icra nümayəndəsi “səhnəyə çıxaraq”, özünə məlum meyarlar əsasında müəyyən etdiyi məbləği tələb edir. Bu zaman sakin iki seçim arasında qalır. Ya tələb olunan pul ödəniləcək, ya da evin inşa olunmuş divarları uçurulacaq. Təbii ki, bu zaman vətəndaşa külli-miqdarda ziyan dəyəcək. Amma bunun Nasir Rzayev heç bir əhəmiyyəti yoxdur. Həmçinin aldığımız məlumatlarda bu da bildirilir ki, torpaq maxinasiyalarından əldə edilən gəlirlər və qanunsuz tikilən evlərdən yığılan “rüsumlar”, heç də Nasir Rzayevin şəxsi büdcəsini formalaşdıran yeganə qaynaqlar deyil. Belə ki, iddialara görə, bu gün Sumqayıt ŞİH-nin Tağıyev qəsəbə nümayəndəliyində dövlət satınalmaları ilə bağlı da kifayət qədər maxinasiyalar həyata keçirilir. Bu vasitə ilə qəsəbədə görülən, daha doğrusu görülməli olan abadlıq-quruculuq işlərinə ayrılan dövlət vəsaitlərinin də böyük bir hissəsi icra nümayəndəsi tərəfindən mənimsənilir. Mənbələr bildirirlər ki, əldə etdiyi bütün bu vəsaitlər hesabına Nasir Rzayev bu gün Sumqayıt şəhərində xidmət sahəsində ixtisaslaşmış bir çox kommersiya obyektinin sahibinə çevrilmişdir...

Geri qayıt