Əsas Səhifə > Ölkə, Manşet > General polkovniki intihar həddinə çatdırıb...
General polkovniki intihar həddinə çatdırıb...20-08-2015, 11:41 |
"Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun qanunsuz əməllərilə bağlı mətbuat konfransı keçirmək istədim. Amma imkan vermədilər". Bu sözləri ölkə başçısı İlham Əliyevə müraciətində istefada olan polkovnik-leytenant Ağa Fəttahov yazıb. O, müraciətin bir surətini də Istiqlal.az-a ünvanlayıb. Məlumat üçün deyək ki, Ağa Fəttahov 1963-cü ildə Bakı Hərbi Ali Məktəbini bitirib. SSRİ ordusunda, Ukrayna, Əfqanıstan, Leninakan və Lənkəranda hərbi qulluq keçib. Əfqanıstanda hərbi xidmətinə görə "Qırmızı ulduz" ordeni ilə təltif olunub. 1991-ci ildən Azərbaycan Ordusunda xidmət edib. Azərbaycanın bütövlüyü uğrunda döyüşlərin fəal iştirakçısı olub. 1992-ci ilin mart ayında müdafiə nazirinin əmrilə vaxtından əvvəl mayor rütbəsi alıb. 1995-ci ildən 2012-ci ilə qədər Şuşa, Xocalı, Lerik və Tovuz rayonlarının hərbi komissarı vəzifəsində çalışıb. Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunandan sonra polkovnik-leytenant işdən azad edilərək təqaüdə göndərilib. Ağa Fəttahov Arzu Rəhimovun bu addımını qanunsuz hesab edir. Polkovnik-leytenant bir neçə dəfə bu barədə ölkə başçısına müraciət edib. Lakin nəticəsi olmayıb. Ağa Fəttahov hesab edir ki, onun müraciətlərinin ölkə başçısına çatmasına imkan vermirlər. Bu baxımdan Ağa Fəttahov mətbuat konfransı keçirmək qərarı gəlib. "Bu məqsədlə Beynəlxalq Mətbuat Mərkəzinə getdim. Vaxt təyin etdim. Lakin sonradan mənə zəng vuraraq dedilər ki, sentyabr ayına kimi bütün günlər tədbir olacaq. Fikrimcə, bu mənə mane olmaq üçün Arzu Rəhimovun göstərişilərin tərkib hissəsidir. Yəni, tapşırıblar ki, mənə mətbuat konfransı üçün yer ayırmasınlar", - deyə polkovnik-leytenant yazır. O, həmçinin bildirir ki, Arzu Rəhimovun qanunsuz əməlləri barədə mətbuatda çıxışlar etməsinə baxmayaraq müvafiq qurumlar tərəfindən heç bir reaksiya olmayıb: "Bu ilin may ayının 19-da Arzu Rəhimovun qəbuluna getdim. Bundan əvvəl mən mətbuat vasitəsilə Arzu Rəhimovun qanunsuz əməllərini ictimailəşdirmişdim. O, məndən soruşdu ki, sən nə istəyirsən? Cavab verdim ki, bizi qeyri-qanuni olaraq təqaüdə göndərmisiniz. O isə iddia etdi ki, atdığı addım tam qanunidir və bildirdi ki, guya mən ona və rəhbərlik etdiyi quruma böhtan atıram. Mənim isə cavabım bu oldu ki, əgər böhtan atıramsa, o zaman məhkəməyə müraciət etsin və dediklərimin fakt yoxsa böhtan olduğu hüquqi müstəvidə araşdırılsın. Hərbi Hizamnaməyə görə əgər bir zabit polkovnik vəzifəsindədirsə və polkovnik rütbəsini çoxdan almalıdırsa, ona həmin rütbə verilməlidir. Zabit o zaman yaşla əlaqədar ehtiyata göndərilir ki, o, tutduğu vəzifəni layiqincə icra edə bilmir. Bu halda da onunla əvvəlcə söhbət aparılır və ona izah olunur ki, siz bu vəzifəyə layiq deyilsiniz və ehtiyata göndərilirsiniz. Amma Arzu Rəhimov heç bir əsas olmadan peşəkar zabitləri təqaüdə göndərib. Arzu Rəhimov bizdən sonra bir 49, 50, 51 yaşı tamam olmuş bir neçə zabitə polkovnik rütbəsi verib. Bəs bizə niyə polkovnik rütbəsi verilmir? Arzu Rəhimov bizdən sonra quruma başqa dövlət orqanlarında çalışan və təqaüdə çıxanları xidmətə götürür. Məgər bu Hərbi Hizamnayə uyğundur? Məsələn, xidməti uyğunsuzluğa görə Müdafiə Hazirliyindən qovulan öz qohumu mayor Kazımov Rəşadı, Abbasquliyev Mədəti və bir çoxlarını rəhbərlik etdiyi quruma qəbul edib. Hətta bizimlə bir yerdə tərxis olunan bir neçə zabiti yenidən işə qaytarıb. Mən ona bu barədə sual verəndə, dedi ki, onların təqaüdə çıxmaqlarına 1-2 il qalıb. Halbuki onlar hamısı təqaüd alır. Cənab prezident, indi özünüz baxın ki, bu qanunsuzluqla dövlətə nə qədər ziyan vurulub". Ağa Fəttahov daha sonra yazır ki, ona ev verilməli olduğu halda Arzu Rəhimov bunu da etmir: "Cənab prezident, Sizin 28.12.2011-ci il tarixli 569 saylı Fərmanınızın 1-ci hissəsində göstərilir ki, Azərbaycanın Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi yulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. Mən bununla bağlı əvvəlcə Müdafiə Hazirliyinə müraciət etdim. Lakin oradan mənə bildirildi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməliyəm. Dəfələrlə müraciət etmişəm nəticəsi yoxdur. Bundan başqa mən Müdafiə Hazirliyinə hətta ön cəbhədə olsa belə xidmət etməyə hazır olduğum barədə müraciət etmişəm. 30.10.2014-cü ildə mənim sənədlərim nazirliyə göndərilib. Lakin bununla bağlı da hələ bir cavab yoxdur". Ağa Fəttahov bildirib ki, canının bahasına olsa belə hüquqlarının bərpasına çalışacaq: "Mən səfərbərlik xidmətinin kadrlar idarəsinin rəisi Aydın Əliyevə də demişəm ki, özümü yandıraraq intihar etmək bahasına, özü olsa hüquqlarımın bərpasına çalışacam. Hətta o mənə sual verdi ki, belə iş tutarsanmı? Bildirdim ki, əgər heç bir çıxış yolum olmasa, bu barədə düşünməyə məcbur olacam". Belə görünür ki, Ağa Fəttahov geri çəkilmək niyyətindədir. Onun intihar kimi radikal üsula əl atması isə parlament seçkiləri ilində nəinki Arzu Rəhimov, bütövlükdə hakimiyyət üçün başağrasına çevrilə bilər. Ağa Fəttahovun ittihamları ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |