Əsas Səhifə > Ölkə, Manşet > Yasamal icra hakimiyyətində ötür-ötür oyunu...

Yasamal icra hakimiyyətində ötür-ötür oyunu...


29-08-2015, 11:27
Yasamal icra hakimiyyətində ötür-ötür oyunu...
Bakının daha bir ərazsində “yaşıl soyqırım” törədilib – Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində çoxillik ağaclar kəsilib. Bu barədə virtualaz.org saytına həmin küçənin sakinləri məlumat verib. Onların sözlərinə görə, ağaclar yerli məmurlarla əl-ələ verən, onların “xeyir-duasını” alan iş adamlarının harınlığının, qanunlara məhəl qoymamasının güdazına gedib. Belə ki, Zərdabi küçəsində üçmərtəbəli ofis binası tikdirən iş adamı yolun kənarındakı yaşıllığı məhv etməkdən belə çəkinməyib. Görünür, o və ona belə icazə vermiş məmurlar ağacları kəsməyi cinayət sayan prezidentin bu xəbərdarlığını da “unudublar”.

“Qələbə” dairəsinin yaxınlığında yerləşən bu binanın tikintisi başa çatar-çatmaz 20-25 illik şam ağacları kəsilib. Maraqlıdır ki, həmin sahibkar bir qədər fəndgirlik edib. Belə ki, tikinti işləri gedəndə həmin ağaclara əl dəyilməmişdi (bunu fotodan da görmək olar). Amma elə ki tikinti başa çatıb, ağaclar da kəsilib. Hazırda onlar həmin yerdə yoxdur.

Biz də Qafqaznews.az olaraq bu məsələ ilə əlaqədar Yasamal rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. İlk öncə Yasamal rayon icra hakimiyyətində ictimai siyasi şöbəsinin baş məsləhətçi vəzifəsində işləyən Vaqif Məmmədovun fikirlərini öyrənmək istədik. Vaqif Məmmədov: “bu işlə mən məşğul olmuram” deyərək şöbə müdüri ilə əlaqə saxlamağımızı məsləhət gördü.

Biz Yasamal rayon icra hakimiyətinin ictimai siyasi şöbənin müdiri Zöhrab Cəfərov ilə əlaqə saxladıq.

“Bizim şöbəyə aid məsələlərlə bizə müraciət edin, bizə aid olmayan məsələlərlə yox” ,–deyə Zöhrab Cəfərov qeyd etdi. Müxbirimizin “Bu məsələ ilə kim məşğul olur bəs” sualına Zöhrab Cəfərov “Mən bilmirəm” deyərək dəstəyi asdı. Biz bu məslə ilə bağlı Yasamal rayon icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev ilə əlaqə saxladıq.

“Bu haqda məlumatım yoxdu araşdırarıq görək nə məslədir”,- deyə Xaliq Möhbalıyev qeyd etdi.

Biz dəfələrlə Bakı şəhər icra hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq , ancaq təəssüf ki, iş vaxtı olmasına baxmayaraq telefonlarımıza cavab verən olmadı. Sonra isə İcra hakimiyyətinin Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov ilə əlaqə saxladıq.

“Bu haqda məlumatım yoxdu araşdırıb sizə məlumat verərik”,- deyərək Zülfəli İsmayılov dəstəyi asdı. Nə qədər gözləsək də təəssüf ki, bizə bu araşdırma barədə heç bir məlumat verilmədi. Biz bu məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikirlərini öyrəndik.

“Ola bilməz ki, məlumatları yoxdur. Çünki, rayon ərazisində olan bütün hadisələrdən icra hakimiyyətinin xəbəri olur. Necə olur ki, hansısa vətəndaş həyətinin qabağına daş töksə ,ya başqa nəsə eləmək istəsə həmin dəqiqə xəbər tuturlar. İcazəsiz rayonda küçədə heç kim adi bir kolu belə qıra bilməz. Bakıda ağacların kəsilməsi hadisələri çox baş verir. Burda ancaq belə demək olur ki ,bundan daha yüksək məmurun xəbəri var.Əgər xəbəri yoxdursa deməli icra hakimiyyəti rəhbərliyi iş yerində oturmur.Onların məlumatı var ,sadəcə olaraq ən yaxşı üsul özünü xəbərsiz kimi aparır. Çünki yuxarı səviyyədə icazə verilib” ,-deyə Mirvari Qəhrəmanlı cavab verdi.

Yasamal icra hakimiyyətində ötür-ötür oyunu...

Geri qayıt