Əsas Səhifə > Ölkə, Manşet > 22 il orduda xidmət etmiş zabit kompensasiya tələb edir...
22 il orduda xidmət etmiş zabit kompensasiya tələb edir...24-10-2015, 12:16 |
Xırdalan şəhəri sakini, ehtiyatda olan kapitan Tərlan Qurbanov Moderator.az vasitəsilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət edib. Müraciəti təqdim edirik: "Cənab Prezident, son günlərdə respublikamızda korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsi istiqamətində ciddi qərarlar qəbul etdiniz. Sizin bu qərarlarınızı mən də daxil olmaqla bütün sadə vətəndaşlarımız alqışlayır! Cənab Prezident, Sizə olan bu müraciətimdə qaldıracağım problemlə əlaqədar olaraq Müdafiə və Maliyyə nazirliklərinin rəhbərliyinə müraciət etmişəm. Müraciətimə qısa cavab aldım: maliyyələşmə olan kimi istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanı alacaqsınız! Cənab Prezident, ordunun zabit gizir heyyətinin böyük hissəsinə istifadə olunmamiş məzuniyyət günlərinə görə kompensasiya 2 il əvvəl artıq paylanılıb. Hazırda şəxsən mənə düşəcək məbləğ 2 il əvvəlki dollar ekvivalentinə görə 2000 dollar fərq edir. Bununla belə, dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda bu fərq bir qədər də böyüyə bilər! Cənab Prezident, mən başa düşürəm ki, adlarını çəkdiyim o nazirliklərin rəhbərləri mənə və mənim kimi minlərlə hərbi qulluqçuya düşən kompensasiyanı gecikdirməklə heç nə itirmirlər. Ancaq ölkə daxilində ədalət prinsipinin işləməsinə olan inam itirilə bilər. Düşünürəm ki, vətəndaşın öz dövlətində ədalətə olan inamının itirilməsi milli təhlükəsizliyimiz üçün böyük bir zərbədir. Amma inanıram ki, bir gün gələcək və ordu sistemində gözlə görünməsi və sübut edilməsi mümkün olmayan bir çox problemlər son günlərdə həllini tapmış digər problemlər kimi həllini tapacaq. Cənab Prezident, 22 il ordumuzda qüsursuz xidmət etdim və kapitan rütbəsində təqaüdə çıxdım. Hazırda ailəmlə birlikdə Xırdalan şəhərində kirayə evdə yaşayıram. Əslində heç bir qüsur etmədən 22 il qulluq etmiş zabit baş zabit rütbəsində ehtiyata çıxmali idi ki, heç olmasa ağır şəraitlərdə 22 il etdiyi xidmət nəticəsində qazandığı çoxsaylı xəstəliklərdən hərbi hospitallarda güzəştli müalicə ala bilsin. Hazırda sağlamlığımda ciddi problemlər var – təcili müalicə almalıyam. Lakin təkcə təqaüdlə bunu edə bilmirəm. Nazirlik isə kompensasiyanın ayrılmasını ildən ilə gecikdirir. Cənab Prezident, Sizə olan bu müraciətimi rəsmi kanallarla da ünvanlaya bilərdim. Ancaq yaxşı başa düşürəm ki, müraciətimi şəxsən sizdən gizlədəcəklər və baxılması üçün istiqamətləndiriləcək ünvanlardan yaxşı halda eyni qısa cavabı alacam! Cənab Prezident, Sizdən xahiş edirəm ki, istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın verilməsi ilə əlaqədar yaranmış problemin qısa zamanda həll edilməsi məqsədi ilə müvafiq nazirliklərə tapşırıqlar verəsiniz!" Geri qayıt |