Əsas Səhifə > Ölkə, Manşet > Onun Siyəzəndə xudmani biznes imperiyası var idi...
Onun Siyəzəndə xudmani biznes imperiyası var idi...25-11-2015, 09:39 |
Məlum olduğu kimi bu ilin sentyabr ayında Arif Qasımov ölkə prezidentinin müvafiq sərəncamı ilə Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Təbii ki, aradan keçən bu qısa müddət yeni başçının fəaliyyəti barədə müəyyən bir fikir söyləmək üçün hələ yetərli deyil. Bununla belə etiraf etmək lazımdır ki, ölkə mətbuatına artıq Arif Qasımovun fəaliyyətindən doğan narazılıqların əks olunduğu məlumatlar daxil olmaqdadır. Belə qənaətə gəlmək olur ki, yeni başçı bu gün Nizami rayonunda da son dörd il ərzində rəhbərlik etdiyi Siyəzən rayonunda üstünlük verdiyi iş üsullarını tətbiq etmək niyyətindədir. Bu üsullar isə, məlum olduğu kimi hər zaman daha çox mənfi cəhətləri ilə diqqətləri cəlb etmiş olub. Məsələn, bu barədə danışarkən ilk növbədə Arif Qasımovun Siyəzəndə özü üçün yaratdığı heyvandarlıq təsərrüfatının yerli sakinlərin maraqlarına necə güclü zərbə vurduğunu qeyd etmək olar. Belə ki, daxil olan məlumata görə, Arif Qasımov rayona rəhbərlik etdiyi dövrdə burada bir neçə böyük ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün də təbii ki, əkin və otlaq sahələrinə ehtiyac yaranıb. Başçı isə, bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını sözün əsil mənasında zəbt edib. Mənbələr bildirirlər ki, həmin ərazilər indi Arif Qasımovun fermalarına хidmət edir. Əlbəttə, yeni başçının indi də Nizami rayonunda heyvandarlıq təsərrüfatı yaradacağını iddia etmirik. Amma məsələ bundadır ki, Arif müəllimin özü üçün yaratdığı biznes şəbəkəsi kifayət qədər çoxşaxəlidir. Məsələn, hazırda Siyəzəndə başçının bir neçə üzlük daşı istehsal edən sexləri də fəaliyyət göstərir. Həmin seхlər indiyədək rayonda görülən bütün təmir-tikinti işlərini inşaat materialları ilə təmin edib. Mənbələr iddia edirlər ki, Arif Qasımov bu sahəni tamamilə öz inhisarına alıb və onun göstərişilə əvvəllər eyni fəaliyyət sahəsində çalışmış sahibkarlar qısa müddət ərzində sıхışdırılaraq rayondan çıхarılıblar. Ümumiyyətlə, son illər Siyəzən rayonundan daxil olan məlumatlarda mütəmadi olaraq vurğulanırdı ki, icra başçısı yerli sahibkarlara hər zaman müxtəlif əngəllər yaratmaqla diqqəti cəlb edib. Qeyd olunurdu ki, Arif Qasımov Siyəzənin demək olar ki, bütün gəlirli sahələrini özünün və yaxın adamlarının nəzarətinə keçirib. Yerli iş adamlarına göstərilən təzyiqlərə nümunə kimi, Siyəzəndə həyata keçirilən abadlıq-quruculuq işlərinə sərf edilən vəsailərin də məhz sahibkarlardan alınması qeyd olunur. Bu xüsusda mətbuatda yayımlanan məlumatlardan birində oxuyuruq: “Dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafına, infstrukturun qurulmasına ayrılan pullar mənimsənildiyindən, bu işləri icra başçısının göstərişi ilə yerli sahibkarlar öz vəsaitləri hesabına görməli olub. Etiraz edənlər isə hədələnib, iş imkanları əllərindən alınıb. Siyəzəndə təmir-bərpa işlərinin görülməsi üçün keçirilən tenderlərin bir çoxunda icra başçısına yaxın olan şirkətlər qalib gəlib...” Digər tərəfdən isə, mənbələr iddia edirlər ki, Arif Qasımovun biznes şəbəkəsi sadəcə yalnız Siyəzən rayonunu əhatə etmir. Bildirilir ki, bu məmurun həmçinin əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə artıq RİH başçısı kimi rəhbərlik etdiyi Nizami rayonunda, eləcə də bir vaxtlar Binəqədi rayonu icra başçısının nümayəndəsi olduğu Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Bundan başqa isə, Arif Qasımovun sahibi olduğu inşaat şirkəti də hazırda Bakının müxtəlif ərazilərində tikinti işləri aparır... Geri qayıt |