Əsas Səhifə > Ölkə, Manşet > Saatlı mədəniyyət və turizm şöbəsində qalmaqal
Saatlı mədəniyyət və turizm şöbəsində qalmaqal7-01-2016, 13:03 |
DİA.AZ: - Neçə vaxtdır ki, Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsində qalmaqal yaranıb. İşçilər işə gələndə oğrun-oğrun gəlir, bir-biri ilə danışanda pıçıltı ilə danışırlar. Deyirlər ki, sakit danışın, birdən Rəsm Qalereyasının rəssamı Nazim Fərəcov eşidər və əsəbişər. Bəs bu Nazim Fərəcov kimdir ki, şöbənin işçiləri ondan belə ehtiyat edirlər. Nazim Fərəcov Saatlı Rəsm Qalereyasının rəssamıdır. Işə gəlməklə heç arası yoxdu. Deyir ki, mən əsəbiyəm. Kim mənə desə ki, niyə işə gəlmirsən, həmin adamın qulağını kəsərəm. Özünün deməsinə görə, o həm rəssamdı, həm də “qulaqkəsən”. Nazimə az qala yalvara-yalvara deyirlər ki, heç olmasa, hərdən bir iş yerinə baş çək. O isə üz-gözünü turşudaraq deyir ki, axı sizə demişəm ki, mənə belə söz deyənin qulağını kəsərəm. Deyirlər ki, ay Nazim, heç olmasa, hər ayın axırında gəl, tabelə qol çək ki, sənə əmək haqqı hesablansın. Nazim yenə də əsəbi halda deyir ki, mənə əmək haqqı hesablamayanın qulağını kəsərəm. Bu yaxınlarda “qulaqkəsən” rəssam rayon Mədəniyyət və Turizm Şöbəsinin mühasibi Əlikramın kabinetində ramkaya salınmış şəkillləri yerə çırparaq ayaları altında əzib və qışqıra-qışqıra deyib ki, bir də belə şəkilləri otağınıza qoysanız, qulağınızı kəsərəm. Şöbənin İxtiyar adlı işçisi qaça-qaça rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Şahpələngovaya deyib ki, bəs Nazim hirsləndi, otaqdakıə şəkilləri sındırdı. Şöbə müdiri bu “əsəbi”, “qulaqkəsən” rəssam haqqında tədbir görmək əvəzinə tez kabinetinin qapısını içəridən bağlayıb ki, birdən Nazim Fərəcov gəlib onun da qulağını “kəsər”. Sən demə, “qulaqkəsən” rəssamın ürəyindən müdir olmaq keçirmiş. Deyir ki, onsuz da Mədəniyyət və Turizm Nazirliyindəki Qalib adlı dostum mənə söz verib ki, yaxın vaxtlarda məni rayonda şöbələrin birinə müdir qoyduracaq. Ondan sonrasına baxarıq. İndi Saatlı rayon Mədəniyyət və Turizm Şöbəsində və Rəsm Qalereyasında işləyənlərin canına qorxu düşüb. Deyirlər ki, Nazim vəzifəyə gəlsə, bizim qulaqlarımızın taleyi necə olacaq? Çünki Nazim onu intizama dəvət edənlərə bir söz deyir: “Bir də mənə elə söz desən qulağını kəsərəm”. Akif Mehdiyev Saatlı rayonu (DİA.AZ) Geri qayıt |