Əsas Səhifə > Ölkə, Manşet > Heydər Əsədov camaatın torpağı ilə necə qərar verə bilər ki?

Heydər Əsədov camaatın torpağı ilə necə qərar verə bilər ki?


12-02-2016, 09:55
Heydər Əsədov camaatın torpağı ilə necə qərar verə bilər ki?
1954-cü ildə SSRİ KP MK-nın birinci katibi N.S.Xruşşovun təşəbbüsü ilə kənd təsərrüfatında qarğıdalı rayonlarını genişləndirmək üçün eksperimentlər başladı. Bu eskperiment şimal torpaqlarında da həyata keçirilirdi. Xruşşov qarğıdalı əkini və məhsuldarlığı baxımından SSRİ-ni geridə qoyan ABŞ-a səfər etdikdən sonra bu bitki ilə maraqlanmağa başlamışdı. “Hücüm” əhval-ruhiyyəsi ilə, kənd təsərrüfatında inzibati novasiyalar başladı. 1950-ci illərin sonunda kampaniya daha da vüsət aldı.

Qarğıdalı əkinlərinin genişlənməsi hesabına iribuynuzlu mal-qaranın artım tempini 1959-65-ci illərdə 3 dəfə artırmaq planlaşdırılırdı. 1960-cı illərin əvvəlində əkin torpaqlarının dörddə biri qarğıdalı ilə örtülmüşdü. Lakin məhsuldarlıq çox zəif oldu. 1960-cı illərin ortalarına doğru qarğıdalı zəmiləri azalmağa başladı. Xruşşovun özü isə çoxsaylı lətifələrin qəhrəmanına çevrildi. Fevralın 9-da Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov iribuynuzlu mal-qaranı 4 dəfə azaltmağı təklif etdi. Əsədovun dediyinə görə, ölkədə kənd təsərrüfatının inkişafını təmin etmək üçün tədbirlər həyata keçirilir. “Hazırda Azərbaycanda 2,2 milyon baş iribuynuzlu mal-qara var, onların çox az məhsuldardır. Bununla belə, otlaqlar sıradan çıxır.

Aparılan araşdırmalar göstərib ki, məhsuldarlığın artması üçün mal-qaranın sayını 400-500 minə qədər azaltmaq və onları qapalı məkanlarda saxlamaq mümkündür”, – deyə H.Əsədov vurğulayıb. Nazirin sözlərinə görə, boşaldılan otlaq sahələri əkin üçün istifadə edilə bilər. “On illər boyu otlaq kimi istifadə olunan torpaqları əkin sahəsinə çevirmək olmaz”, – deyə Qafqaznews.org saytına Fermerlər Birliyinin sədri Sadıq Murtuzayev bildirib. Murtuzayev qeyd edib ki, nazirliyin otlaqları əkinə çevirmək cəhdi otlaq sahələrinin məhvinə gətirib çıxaracaq:“Otlaqları əkin sahəsinə çevirmək üçün milyonlarla manat və onilliklər lazımdır. Bu gün Azərbaycanda belə vəsaitlər yoxdur”.

Məlumdur ki, 1998-ci il islahatlarından sonra Azərbaycanda otlaq sahələri özəl mülkiyyətə verilib. Nazirlik dövlətə məxsus olmayan otlaq sahələrini necə əkin sahəsinə çevirəcək? Bu suala cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdik. Nazirlik əməkdaşı Fərhad Eminov bildirdi ki, onun təmsil etdiyi qurum heyvandarlığı intensiv xarakterdə inkişaf etdirmək niyyətindədir: “Biz iri-buynuzlu mal-qara kəmiyyətinin sabitliyini və inkişafını təmin etməliyik”. Yuxarıda qeyd etdiyimiz sualı ünvanladıqda isə, Fərhad Eminov özəl mülkiyyətdə olan otlaq sahələrinin necə əkin sahəsinə çevriləcəyini açıqlaya bilmədi. “Bu sualla bağlı nazirliyin mətbuat xidmətinə müraciət edin”, – deyərək dəstəyi asdı.

Geri qayıt