RƏSUL QULİYEV DƏSTƏKLƏYİR, AMMA...
Tarix: 30-10-2013, 12:11 |
Çap et
“Əgər liderlərin imkanları ilə mütənasib olmayan ambisiyaları olmasaydı, Xalq Cəbhəsi və Müsavat partiyaları elə əvvəldən bir ad altında yaranmalı idi. Təəssüf ki, şəxsi maraqlar Elçibəyin yaratdığı qurumu parçaladı”.
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Şuranın üzvü, sabiq spiker Rəsul Quliyev deyib. O, “Yeni Müsavat” qəzetinin baş redaktoru və İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlunun AXCP və Müsavatın birləşməsi və Cəmil Həsənlinin yaradılacaq yeni superpartiyanın sədri seçilməsi barədə təklifinə münasibət bildirərkən belə deyib.
R.Quliyev bildirib ki, R.Arifoğlunun təklifi bu gün üçün ən düzgün təklifdir: “Aydın məsələdir ki, onlar nə təklikdə, nə də birləşmiş şəkildə bu hakimiyyətə qalib gəlmək şansına malikdir. Ancaq birləşmək pozitiv effekt verə bilər. Yaranacaq partiyanın sədrinin Cəmil müəllim və ya başqa birisinin olacağını demək çətindir, ancaq hər halda açıq seçki keçirilməlidir”.
Bununla belə, sabiq spiker hesab edir ki, bu təklifin baş tutacağına ümid demək olar ki, yox dərəcəsindədir. R.Quliyevin fikrincə, adıçəkilən partiyaların liderlərinin birinci olmaq ehtirası bu partiyaların birləşməsinə imkan verməyəcək.