DİA.AZ: - «Varlığa nə darlıq» deyib atalarımız. Elə bizim oliqarx-məmurlarımız da eynən bu şəkildə davranırlar. Yetərincə imkanlarının olması səbəbindən nə darlıqla işləri var, nə də özlərinə korluq verirlər. Məsələn, bir müddət əvvəl yerli mətbuatda oliqarxlarımızın təkcə bir aylıq əyləncə pulları ilə bağlı aparılan araşdırmalar ortaya bizlər üçün çox dəhşətli rəqəmləri çıxarmışdı. Məlum olmuşdu ki, onlar bir aylıq eyş-işrətə ən azından 200 min manat pul xərcləyirlər. Halbuki bu gün Mikayıl Cabbarovun nazirlik etdiyi orta məktəblərdə 35 manat maaş alan müəllimlərimiz minlərlədir.
Bu dəfə isə oliqarxlarımızdan biri ilə bağlı DİA.AZ redaksiyasına çox ilginc bir məlumat daxil olub. Bəri başdan bildirək ki, redaksiyamıza məlumat anonim qaydada ötürülüb və həmin oliqarx-məmurumuzun alnız əlamətləri barədə bilgi verilib. Xəbərdə qeyd olunur ki, nazir postunu tutan məmurumuz Azərbaycanın tanınmış xanım müğənnilərdən biri ilə çox sıcaq münasibətlərdədir.
Və bu münasibətlər o həddədir ki, bu yaxınlarda nazirimiz həmin xanım müğənniyə Türkiyənin məşhur Quş adası istirahət zonasında dəyəri 3 milyon avroya olan villa alıb. Mənbə bildirir ki, alqı-satqı işləri 4 noyabr tarixində həyata keçirilib: «Villanın ümumi yaşayış sahəsi 370 kvadratmetrədir. Bundan əlavə villanın böyük hovuzu, qarşısında isə təxminən 20 sota yaxın ərazisi var».
Nə deyirik ki… Bizə qalanı yalnız «xeyirli olsun» deməkdir.