“Qrin-kard” lotereyası vasitəsilə ABŞ-a “pislərin ən pisi” gəlir”
Tarix: 16-12-2017, 08:55 |
Çap et
“Qrin-kard” lotereyası vasitəsilə ABŞ-a “pislərin ən pisi” gəlir.
APA-nın "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Qrin-kard” lotereyası vasitəsilə ABŞ-a ““pislərin ən pisi” gəlir, sonra isə burada qanlı terror aktları törədirlər. Son aylarda Nyu-Yorkda iki terror hücumu olub. Hər iki halda bizim qeyri-effektiv immiqrasiya sistemimiz özünü büruzə verib”, deyə D.Tramp vurğulayıb.
O xatırladıb ki, bu günlərdə Manhettendə partlayış törədən Akayed Ullah Banqladeşdən "zəncirvari miqrasiya" sayəsində, ABŞ vətəndaşının ailə üzvü kimi ölkəyə gəlib. Oktyabrın 31-də Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktını isə “Qrin kard” vasitəsilə Özbəkistandan ABŞ-a mühacirət edən Seyfulla Sayipov törədib.
Bununla bağlı Tramp növbəti dəfə Konqresi "zəncirvari miqrasiya"ya son qoymağa, həmçinin viza lotereyasını dayandırmağa çağırıb.