Türkiyənin baş naziri Binəli Yıldırım Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər çərçivəsində o, vəliəhd şahzadə və müdafiə naziri Məhəmməd bin Salmanla görüşüb.
FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin hökumət rəhbəri görüşdən sonra bildirib ki, Səudiyyənin vəliəhd şahzadəsi də ölkəsinə səfər edəcək.
Binəli Yıldırımın Səudiyyə Ərəbistanına səfərlə bağlı təəssüratları belə olub: "Xüsusilə ikitərəfli ticarət əlaqələrimizin daha da inkişaf etdirilməsi və müdafiə sənayesində müştərək layihələrin həyata keçirilməsi kimi məsələləri müzakirə etdik. Onu deyə bilərəm ki, 90 faiz səviyyəsində məsələlərə baxışımız, həll yolları baxımından ortaq düşüncə tərzimiz var. Səudiyyə Ərəbistanı və Türkiyə regionda uzunmüddətli sülhün və sabitliyin hakim olması üçün iki açar ölkədir. Ona görə bu iki ölkənin hər bir məsələdə əməkdaşlıq etməsi, həm də Türkiyə, həm Səudiyyə Ərəbistanı baxımından deyil, eyni zamanda regional və qlobal sülh baxımından zəruridir".