Ərdoğan Roma papası ilə Qüds məsələsini müzakirə edib
Tarix: 6-02-2018, 08:45 |
Çap et
Vatikanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma papası Fransisklə görüşüb. Danışıqlarda əsasən Qüds məsələsi müzakirə olunub.
FaktXəbər-in "Anadolu" informasiya agentliyinə istinadən veriyi məlumata görə, təkbətək görüş bir saat davam edib. Ərdoğan və Roma papası ABŞ administrasiyasının Qüds qərarının fəsadları və həyata keçirilməməsi istiqamətində səylərin davam etdirilməsinin önəmini vurğulayıblar. Həmçinin Qüdsün BMT qərarları və beynəlxalq hüquq tərəfindən müəyyən edilmiş statusunun qorunmasının vacibliyi qeyd olunub. Görüşdə ksenofobiya və İslamofobiya ilə birgə mübarizə də müzakirə edilib, dinləri terrorla əlaqələndirməyin yanlış olduğu bildirilib.
Türkiyə Prezidenti son 59 ildə ilk dəfədir ki, Vatikana səfər edir. Buna görə də KİV-lər bunu tarixi səfər adlandırırlar. Roma-katolik kilsəsinin hazırkı rəhbəri isə 2014-cü ildə rəsmi Ankaranın dəvəti ilə Türkiyəyə apostol səfəri etmişdi.
Rəcəb Tayyib Ərdoğan Vatikandan sonra Romaya gedəcək. Burada onun İtaliya Prezidenti Sergio Mattarella və Baş nazir Paolo Centiloni ilə görüşləri nəzərdə tutulur.