KXDR ABŞ vitse-prezidenti ilə planlaşdırılmış görüşü son məqamda ləğv edib
Tarix: 21-02-2018, 08:15 |
Çap et
Şimali Koreyanın nümayəndə heyəti ABŞ vitse-prezidenti Mayk Penslə Pxençxan Qış Olimpiadası çərçivəsində planlaşdırılmış görüşü son məqamda ləğv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
“Vitse-prezidentin Cənubi Koreyaya son səfəri zamanı Şimali Koreyanın nümayəndə heyətinin rəhbərləri ilə qısa görüş keçirməyə imkan yaranıb. Vitse-prezident Şimali Koreyanın ballistik raket və nüvə silahı proqramlarından imtina etməsinin vacibliyini vurğulamaq məqsədilə bu imkandan yararlanmaq niyyətində olub. Lakin son məqamda KXDR-in rəsmi şəxsləri görüşməkdən imtina ediblər. Onların bu imkandan istifadə etməməsindən təəssüflənirik”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi qeyd edib.
Ağ Ev də öz növbəsində Mayk Pensin Şimali Koreyanın nümayəndə heyəti ilə görüşünün planlaşdırıldığını təsdiqləyib.
Qeyd edək ki, “Washington Post” bundan əvvəl bildirmişdi ki, Mayk Pens fevralın 10-da KXDR liderinin bacısı Kim Yo Çjon və Şimali Koreyanın formal rəhbəri, Ali Şurasının rəyasət heyətinin sədri Kim Yon Namla görüşməyi planlaşdırıbmış. Lakin təyin olunmuş vaxta iki saatdan az qalmış KXDR nümayəndə heyəti görüşməkdən imtina edib. Məlumata görə, Pxenyanın bu qərarına səbəb Mayk Pensin görüşə az qalmış Şimali Koreyaya qarşı ən sərt və aqressiv sanksiyalara dair bəyanat verməsi səbəb olub.