Rusiya son silahını işə saldı: Qərb geri çəkiləcək? - GƏLİŞMƏ
Tarix: 28-05-2022, 08:57 |
Çap et
Rusiyanın Ukrayna limanlarını açmaqla bağlı təklifi manipulyasiyaya oxşayır. Kreml istəyir ki, dünyada iqtisadi narahatlıq daha da dərinləşsin və bu narahatlıq, taxıl və ərzaq qıtlığının ona tətbiq olunan sanksiyalarla bağlı olduğunu demək fürsəti qazansın. DİA.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Rusiyanın Ukrayna limanlarından taxıl ixracı üçün irəli sürdüyü şərtə münasibət bildirərkən deyib.
“Rusiya iddia edir ki, onun üzərindən ixrac qadağası götürülsə, guya bütün problemlər həll olunacaq. Amma məsələ burasındadır ki, dünyada baş verən ərzaq qıtlığının əsas səbəbi Rusiyaya tətbiq edilən ixrac qadağası deyil, məhz Rusiyanın Ukrayna ilə müharibə etməsi və onu dənizdən blokadaya almasıdır”.
A.Nəsirlinin sözlərinə görə, Rusiya bu istiqamətdə müzakirələrə razı olduğunu bildirir və limanlar üçün “yaşıl dəhliz” aça biləcəyini qeyd edir:
“Amma Rusiya bunu qarşılıqsız etmək niyyətində deyil və sanksiyaların bir qisminin qaldırılmasını tələb edir. Ancaq inanmıram ki, Qərb 20 milyon ton civarında olduğu bildirilən taxıla görə Rusiya ilə bu razılaşmaya getsin. Məncə, Rusiyanın istədiyini dünya birliyi ona verməyəcək. Vəziyyətdən çıxış yolu üçün Rusiyanın şərtini qəbul etməyəcəklər, əksinə, alternativ istiqamətlərdə (məsələn, quru yolu ilə daşınma) addım atmağı üstün tutacaqlar”.