Ukraynadakı əsirlər Rusiya əsgəri olduqlarını ATƏT-ə etiraf ediblər
Tarix: 22-05-2015, 08:53 |
Çap et
ATƏT-in Ukraynadakı xüsusi monitorinq qrupunun üzvləri mayın 16-da Luqansk vilayətində əsir düşmüş iki rusiyalıya baş çəkiblər.
Əsirlərin hər ikisi Rusiya nizami ordusunun əsgərləri olduqlarını etiraf etmiş və Ukraynaya kəşfiyyat məqsədilə atıldıqlarını bildirmişlər.
Ukrayna tərəfi bildirib ki, Sçastye məntəqsdində əsir alınmış Aleksandr Aleksandrov Tolyattidəki xüsusi təyinatlı üçüncü briqadanın, Yevgeni Yerofeyev isə Kuybışevdəki Rusiya hərbi hissələrindən birinin əsgəridir.
Onlar döyüşdə yaralanıblar və hazırda Kiyevdə müalicə olunurlar.
Rusiya tərəfi hərbçilərin şəxsiyyətlərini təsdiq edib, lakin bildirib ki, onlar ordu sıralarından tərxis olunublar və Ukraynaya öz təşəbbüsləri ilə gediblər.
Luqanskdakı separatçılar isə bu iki nəfərin “LXR xalq milisinin” üzvləri olduğunu bildirirlər.
Ukrayna tərəfi həmçinin bu hərbçilərin üstündə olan silahları nümayiş etdirib. Bu snayper tüfəngləri yalnız Rusiya xüsusi təyinatlıları tərəfindən istifadə olunur.
ATƏT bildirib ki, iki şəxs Ukrayna nümayəndələrinin iştirak etmədiyi söhbətdə bu ölkəyə öz komandanlıqları tərəfindən göndərildiklərini bildiriblər.
Onlar deyiblər ki, kəşfiyyat missiyasında olublar, lakin onlara hücum etmək və döyüşə girmək əmri verilməyib.
Ukraynanın baş hərbi qərargahından bildiriblər ki, Rusiya xüsusi təyinatlıları Sçastye kəndindəki strateji körpünün ələ keçirilməsində iştirak etməli imişlər.
Əsirlərdən biri deyib ki, onu üç aydan sonra rotasiya qaydasında Rusiyadan göndəriləcək başqa əsgər əvəz etməliymiş.