Əsas Səhifə > Dünya > Amerika tankları Gürcüstana gəlir

Amerika tankları Gürcüstana gəlir


30-04-2016, 11:14
Amerika tankları Gürcüstana gəlir
ABŞ və NATO-nun birgə hərbi nümayəndə heyəti Gürcüstana səfərə gəlib. Birləşmiş Ştatların Avropadakı silahlı qüvvələrinin komandanı, general-leytenant Frederick Ben Hodges-in rəhbərlik etdiyi heyət Batumi limanının buraxılış qabiliyyətini və infrastruktur imkanlarını araşdıracaq. Yaxınlaşan Gürcüstan-NATO hərbi təlimlərində iştirak etmək üçün Amerikanın hərbi texnikaları məhz bu liman vasitəsilə gətirilməlidir.

«Layiqli Tərəfdaş» adlı irimiqyaslı təlimlər gələn ay keçiriləcək. Gürcüstanın NATO ilə hər il keçirdiyi bu təlimlər Vaziani poliqonundakı NATO Təlim Mərkəzinin ərazisində təşkil olunur. Doğrudur, ABŞ-ın hərbi texnikası əvvəlki təlimlərə də cəlb edilmişdi. Ancaq bu dəfə Amerika arsenalının tərkibini daha da genişləndirmək qərara alınıb. İlk dəfə olaraq birgə təlimlərdə Amerikanın «Abrams» tankları da iştirak edəcək.

«Biz bura Batumi limanının imkanlarını öyrənməyə gəlmişik. Bilmək istəyirik ki, görək limandan təlim meydanına texnikanı nə qədər tez çatdıra bilərik. Təlimlər üçün Bolqarıstandan bərə ilə yüzlərlə amerikan tankı gətiriləcək», - deyə Ben Hodges bildirib.

NATO mütəxəssisləri dəniz limanı ilə yanaşı, Batumi beynəlxalq hava limanına da baxış keçiriblər. Gürcüstanın Baş Qərargah rəisi Vakhtang Kapanadze qonaqların Batumidən sonra NATO üzvü olan Qara dəniz ölkələrinə də baş çəkəcəklərini söyləyib.

MAY TƏLİMLƏRİ SƏFƏRİN YEGANƏ MƏQSƏDİ DEYİL

«Belə mötəbər nümayəndə heyətinin Gürcüstandan sonra regionun digər ölkələrinə də ziyarət etmək planı onu göstərir ki, may təlimləri səfərin yeganə məqsədi deyil». Bunu «Arsenali» hərbi-analitik jurnalının baş redaktoru Irakli Aladashvili deyir.

Ekspertin fikrincə, NATO-nun bu aktivliyi Rusiyanın son zamanlar fəallaşması ilə bağlı ola bilər.

«Krımın ilhaqı Qərb üçün tamamilə gözlənilməz oldu. Hərçənd o, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra ayıq-sayıq olmalı idi. Çünki Rusiya öz təcavüzkarlığını Qara dəniz akvatoriyasında ilk dəfə məhz o vaxt göstərmişdi. Hər halda 90-cı və 2000-ci illərdə Qara dənizdə Türkiyə şəksiz üstünlüyə malik idi. Rusiya tədricən ona çatmağa çalışır. Krımın ilhaqı və Abxaziyanın işğalı bu baxımdan onun mövqelərini gücləndirib. NATO və ABŞ anlayır ki, Qara dənizdə əvvəlki nüfuzunu bərpa etmək üçün bloka üzv olan və üzv olmağa çalışan sahilboyu ölkələrin hərbi dəniz qüvvələrini və dəniz infrastrukturunu gücləndirməlidir», -- I.Aladashvili deyir.

Onun fikrincə, NATO-nun Qara dənizdə güclənməsinin bir yolu Gürcüstan və Ukraynanın iştirakı ilə birgə donanma yaratmaqdır. Artıq Rumıniya belə bir təkliflə çıxış edib. Ancaq məsələ bundadır ki, Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstanın ozamankı hərbi rəhbərliyi hərbi dəniz donanmasının ləğvinə qərar verib. Hazırkı hakimiyyət də həmin qərarı qüvvədə saxlayıb. Ona görə də, əgər Tbilisi Qara dəniz akvatoriyasında təhlükəsizlik sisteminin yaradılması prosesinə qoşulsa belə, bu, güman ki, sahilboyu infrastruktur səviyyəsində olacaq.

Geri qayıt