Əsas Səhifə > Dünya > Bu gün 3 prezident Soçidə Suriyanın taleyini həll edəcək
Bu gün 3 prezident Soçidə Suriyanın taleyini həll edəcək22-11-2017, 08:44 |
Suriya prezidenti Bəşər Əsəd Rusiyaya səfər edib. Bu, müharibə başlayandan sonra Suriya prezidentinin ikinci xarici səfəridir. Soçidə Əsəd Rusiya prezidenti Putinlə görüşüb. Əsədin Rusiyaya səfəri həm də İŞİD-in Suriya ərazisindəki sonuncu əsas istehkamı olan İraq-Suriya sərhədində yerləşən Əbu Kamal şəhərinin İŞİD-dən geri alınması ilə eyni günə təsadüf edib. Putin Bəşər Əsədlə generalların iştirakı ilə görüş keçirib və Suriya prezidentini terrorla mübarizəsinə görə təbrik edib. Putin eyni zamanda əlavə edib ki, Suriyada artıq terrora qarşı müharibə başa çatmaqdadır. Bəşər Əsəd isə bildirib ki, Rusiyanın Suriyada hərbi əməliyyatlara qoşulduğu son iki ildə həm cəbhədə, həm də siyasi baxımdan böyük nailiyyətlər əldə olunub. Qaçqın düşmüş bir çox suriyalı vətəninə geri dönə bilib. Əsəd bildirib ki, Suriya münaqişəsinin həlli ilə bağlı Rusiyanın dəstəyinə güvənirlər, eyni zamanda sülh və həll istəyən bütün tərəflərlə danışıqlarla işləməyə hazırdırlar. O, Rusiyaya minnətdarlığını da bildirib. Əsədin Soçi ziyarəti Türkiyə, İran və Rusiya prezidentlərinin birgə sammitindən bir gün öncəyə təsadüf edib. Noyabrın 22-də liderlər Soçidə bir araya gəlib Suriya münaqişəsini müzakirə edəcəklər. Rusiya, Türkiyə və İran Astana prosesini aparan, Suriyada atəşkəs bölgələrinin qurulması planını həyata keçirən ölkələrdir. Artıq Suriyada böyük müharibə başa çatır və indi liderlər bundan sonrakı proseslə bağlı “yol xəritəsi” müəyyən edəcəklər. Yeri gəlmişkən, bazar günü Antalyada 3 ölkənin xarici işlər nazirləri heyətlərin iştirakı ilə toplantı keçirilib. Və prezidentlərin görüşü ilə bağlı detallar razılaşdırılıb. Həmin görüşdən sonra Rusiya XİN rəhbəri Lavrov deyib ki, 3 ölkənin nazirləri mövqeləri uzlaşdırıblar. Bundan başqa, Suriyanın cənubunda İordaniya sərhədinin yenidən Suriya ordusunun nəzarətinə keçməsi ilə bağlı Rusiya, İordaniya və ABŞ arasında danışıqlar da yekunlaşıb. Artıq Suriya ordusu sərhədin böyük hissəsini nəzarət altına alır. Ötən gün Əbu Kamal şəhərinin azad edilməsindən sonra İŞİD məsələsi də böyük ölçüdə həll olunub. İndi qalır, cənubda İsrail sərhədindəki silahlıların taleyi və şimalda Suriya-Türkiyə sərhədi, daha dəqiqi İdlib vilayəti. İdlibin şimal hissəsini Türkiyə ordusu nəzarətə götürsə də, iç ərazilər hələ də silahlıların nəzarətindədir. Görünür, Soçi toplantısında həm də İdlibin taleyi ilə bağlı qərar veriləcək. Bundan sonrakı mərhələ isə Suriyanın şimalında böyük bir əraziyə nəzarət edən ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri alyansı, ya da başqa adla kürdlərlə Dəməşq arasında siyasi anlaşmanın əldə olunmasıdır. Yeri gəlmişkən, Rusiya noyabr ayında Soçidə Suriyada mövcud olan etnik- dini və siyasi qrupların hamısının iştirak etdiyi konfrans təşkil etməyi planlaşdırır. Doğrudur, konfransa kürdlərin dəvət olunmasına Rusiyanın müttəfiqi Türkiyənin razılaşması mümkün görünmür. Ancaq Moskva bununla bütün tərəflərin iştirak etdiyi vahid bir həll variantına ümid edir. Suriyada İŞİD problemi başa çatsa da, indi əsas ciddi mövzu kürdlərdir. Çünki kürdlər hazırda Suriya hökumətindən sonra ölkədə ən çox əraziyə nəzarət edən qüvvədir. Üstəlik, aprel ayından bu yana Pentaqon kürdləri davamlı olaraq silahlandırır. Raqqa əməliyyatı da artıq başa çatıb və kürdlər indi Suriyada ikinci əsas güc kimi çıxış edir. Ancaq kürdlər özləri də etiraf edir ki, Dəməşqlə anlaşmaya getməsələr, savaşın növbəti səbəbkarı olacaqlar. Hələlik Dəməşq kürdlərə ayrıca status verməyə həvəsli görünmür. Kürdlər isə artıq 3 ildən çoxdur ki, formal olaraq muxtariyyət elan ediblər, məclis formalaşdırıblar. Kürd liderlər Türkiyə ilə savaş riskini də gözə alırlar. Bu səbəbdən də indi kürdlərin yeganə ümidi ruslardır. Çünki ruslar kürdlərə Dəməşqdən status ala bilər, həm də onları Türkiyədən qoruya bilərlər. Bunun üçünsə ehtimal ki, Rusiya kürdlərin ələ keçirdikləri bölgələrdən çıxmasını tələb edəcək. Soçi prosesi məhz bu məsələlərə aydınlıq gətirməlidir. Bu baxımdan terror başa çatsa da, Suriyada savaşın bitdiyini düşünmək tez olardı. Hər şey həm də rusların kürd mövzusunda ortaya qoyacağı plandan və onun qəbul edilməsindən asılı olacaq. \\musavat.com\\ Geri qayıt |