Əsas Səhifə > Dünya > Baxçalının Ərdoğana açıq dəstəyinin sirri

Baxçalının Ərdoğana açıq dəstəyinin sirri


10-01-2018, 09:15
Baxçalının Ərdoğana açıq dəstəyinin sirri
Son iki gündür Türkiyə mətbuatı və sosial şəbəkələr Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının prezident Rəcəb Tayyib Ərdoğanla bağlı son açıqlamasını müzakirə edir. Söhbət Ərdoğanın prezident seçkilərində dəstəklənməsi ilə bağlı bəyanatından gedir. Baxçalı deyib ki, 2019-cu ildə keçiriləcək prezident seçkilərində özü namizəd olmayacaq və Ərdoğanın namizədliyini dəstəkləyəcək.

Partiya sədri media təmsilçiləri ilə söhbətində onu da deyib ki, MHP AKP ilə birlikdə başladılan prosesi, yəni konstitusiyanın dəyişməsi ilə yeni sistemə keçid prosesini davam etdirəcək. O, bunu 2016-cı il avqustun 7-də baş tutan İstanbul “Yenikapı” mitinqi ilə bağlayan “Yenikapı” prosesinin davamı adlandırıb. Əlavə edib ki, MHP bu prosesə sadiqdir.

Türkiyə prezidentinin Baxçalının açıqlamasına cavabı da gecikməyib. Ötən gün partiya heyəti qarşısında çıxış edən Ərdoğan MHP başqanının açıqlamasını “yerli və milli duruş” adlandırıb. Ərdoğan da bildirib ki, onlar da 7 avqust ruhunu yaşatmaqda qərarlıdır.

Ancaq təbii ki, Baxçalının bu açıqlaması birmənalı qarşılanmayıb. Xüsusən də müxalif camiədə ciddi tənqidlərə səbəb olub. Təbii ki, əksəriyyət onu bu qərarına görə tənqid edir. Hətta xəyanətdə ittiham edənlər var. Ölkənin əsas müxalifət partiyalarından birinin, parlamentdə fraksiyaya sahib olan MHP-nin seçkilərə il yarım qalmış Ərdoğanın namizədliyini müdafiə etməsi haqlı olaraq narazılıqla qarşılanıb.

Doğrudanmı, Türkiyənin ən təcrübəli siyasətçilərindən biri, uzun illər MHP-yə rəhbərlik edən Dövlət Baxçalı elementar siyasi praktikadan imtina edərək iqtidar namizədinə dəstək verməsinin karyerası və partiyası üçün zərərli olduğunu bilmir?

Əlbəttə, sualın cavabı aydındır. O zaman illərin təcrübəli siyasətçisi nədən buna gedir? Özünü, partiyasının gələcəyini riskə ataraq 16 illik AKP iqtidarına açıq dəstək verir?

Bu sualın bir cavabı var: dövlət maraqları. Dövlət Baxçalı məhz indiki siyasi şərtlərə əsasən bu addımı atır. Dövlət Baxçalı dövlətçilik maraqlarından çıxış edən təcrübəli siyasətçidir. Türkiyədə 15 iyul qiyamından sonra onun Ərdoğanın müttəfiqi kimi çıxış etməsi Türkiyə prezidentinin hakimiyyətdəki FETÖ nümayəndələrini təmizləməsi ilə bağlıdır. Baxçalı və onun kimi düşünən bir çox siyasətçilər və dövlət adamları (yeri gəlmişkən, belə düşünənlərin sayı az deyil - K.R.) hesab edir ki, FETÖ və digər təriqət-camaat qruplarını hakimiyyət içərisindən təmizləyəcək yeganə lider məhz Ərdoğandır. Çünki Ərdoğan bu prosesin əsas fiquru olub və indi Türkiyə prezidenti hər nə qədər tənqidlərə səbəb olsa da, təriqət qruplarını dövlət aparatından təmizləmək istəyən və bunu edə biləcək yeganə liderdir.

MHP sədri düşünür ki, əgər 2019-cu ildə başqa bir şəxs Türkiyənin prezidenti seçilərsə, FETÖ məsələsi ən yaxşı halda gündəmdən çıxa bilər və nəticə etibarı ilə Türkiyə dövləti daxilindəki gizli camaat şəbəkəsi mövcudluğunu qoruyub saxlayacaq. Hətta yenidən bərpa olub güclənə bilər. Bu da şərtlərə bağlıdır. Bu səbəbdən indiki situasiyada FETÖ və bənzər qrupların təmizlənməsi üçün Baxçalı və onun şəxsində Türkiyənin “dərin siyasətinin” yeganə variantı Ərdoğandır.

Bundan başqa, Ərdoğan-Baxçalı yaxınlaşması dövlət aparatına və xüsusən də hüquq-mühafizə və təhlükəsizlik orqanlarında milliyyətçi camiədən çıxan kadrların yerləşdirilməsi baş verir ki, bu da bir tərəfdən dövlət daxilində camaatların və islamçı ağırlığın azaldılmasına xidmət edir. Baxçalı özü də dəfələrlə bunu açıq şəkildə söyləyib və əsas məqsədinin dövlət maraqlarını qorumaq, gizli camaat qruplarını təmizləmək və xarici təsirin azaldılması olduğunu bildirib.
\\musavat.com\\
Geri qayıt