Əsas Səhifə > Dünya > Avropa “xalqdan oğurlanan” 11 milyardı necə yedi…
Avropa “xalqdan oğurlanan” 11 milyardı necə yedi…10-03-2018, 10:05 |
Günlər öncə Belçikanın “Eoruclear Bank” adlı bankında Müəmmər Qəzzafinin adına olan 16 milyard avro dəyərində pulun böyük bir hissəsinin oğurlandığı haqda məlumatlar yayıldı. Xəbərdə deyilirdi ki, həm qiymətli kağızlara yatırlmış vəsaitlərin, həm də nəğd şəkildə yerləşdirilmiş valyutanın 11 milyard avrosu harasa qeyb olub və yerində cəmi 5 milyard avro pul qalıb. Məlumatı heç də sarı media deyil, nüfuzlu “Le Vif” jurnalının yayması yağmalama əməliyyatının gerçəkliyinə şübhə yeri qoymurdu. 2011-ci ildə Liviyada bədəvi ərəbləri ayağa qaldıran NATO qırıcıları sonda demokratiya tanklarını Benqaziyə yeridəndə cümhuriyyətin lideri ölkəsində qaçıb zorla özünə gizli bir sığınacaq tapdı. Qərbin informasiya nəhəngləri, BBC və CNN də hər gün xalqdan oğurlanan pulların Avropa banklarına yatırılmasından, Sarkozinin seçki kampaniyasına göstərilən yardımlardan, xalqın səfil günündə yaşaması müqabilində özünü gənc qızlarla əhatə edən inqilab başçısının rok ulduzu kimi bəzənib səhnəyə çıxmasından bəhs edən çarxları təkrar-təkrar beyinlərə yeridirdi. Onlarla ölkədə sınaqdan çıxarılan “devrim planı” “Panaqavk” raketlərindən daha öldürücü gücə malik olduğundan, 42 illik xanimanı iki ay içərisində yerlə-yeksan etdilər. Tarixən qum krallarını qəbul etməyənlər qan karxanalarını sazlayıb təzədən tayfa davalarına çıxdılar. Dəvədən avtomobilə düşənlər üçün orta əsrin qaranlığına qayıtmaq toy-bayram idi. Neyləmək olar, hökm Allahındır! Quduzlaşmış kütlə səhra cənnətini ən azı 4 klan arasında əbədi davam edən qanlı müharibələrə dəyişməyə razılıq veribsə, bir kimsə onların qarşısını ala bilməz. Halbuki o vaxt milləti savaşdan xilas etmək üçün hərəkətə keçməli olan BMT sülh konvoyu göndərməkdənsə, qərar çıxarıb Liviyanın pullarını Belçika banklarında dondurdu. Pan Gi Munun aldığı məvacibin hardan gəldiyini bilən yox idi. Ona görə də bütün dünyada azadlıq carçılarının və ərəb müstəmləkəçiliyinə son qoyulacağını iddia edənlərin yalnız bir məşğuliyyəti vardı, o da xalqdan oğurlandığı iddia olunan, halbuki xaricə əlverişli investisiya kimi yönəldilən vəsaitlərin taleyi nə olacaq? Cavab göz qabağındadır - 11 milayrd avronu oğurlayıblar. Landormatın gücünə bir baxın. Amma Qərbin hərbi-siyasi mərkəzi Brüsseldəki fırıldağın miqyası heç kəsi təəccübləndirmir. Aman Tanrı, məzlum insanlara, Tripolidə can bazarında olum-ölüm mübarizəsinə çıxanlara çatmalı olan sərvətə qoca qitənin aristokratları, anqlo-saks dünyasının zənginləri necə göz tikə bilər? Yox, inanılmazdır, ədalət mücəssiməsi olan parlamentlər, media quruluşları və hakimlər adını “Qəzzafinin pulları” qoyduqları əmanətləri toxunulmaz olaraq saxlayacaqlar. Axı heç kəs onlardan əlavə faiz istəmir, hərçənd ki, ötən 7 ildə qiymətli kağızlar bazarında yetim ərəbin səhmləri qat-qat bahalanıb. Bəli-bəli, Strasburq və Berlin indi ayağa qalxıb diktatorun əzazilliyinə və sərvət düşkünlüyünə misal kimi böyütdükləri avro-dollar piramidasını dünyanın gözü qarşısında dəvələrə yükləyib “qara qitə”nin özünə göndərəcəklər. Yoxsa, elə çıxar ki, demokratiyanın qiyməti, yaxud bədəli, o da olmasa, bir ölkəni işğal etməyin qəniməti budur. Hə, göysatan afrikalını, asiyalını hökumətinin üstünə qaldırmağa 1 milyon xərcləyirsən, əvəzində gör nə qədər sərvətə yiyələnisən. Əcəb siyasi biznesdir. Hər sent əmanət bir bomba olub düşür liviyalıların öz başına. Amma nə olsun, diktatura cənnəti demokratiya cəhənnəmindən pisdirsə, qoy onda hər kəs xaosda yaşasın. Yaxşı-yaxşı baxın, bir vicdanlı televizya kanalı belə ərəblərin oğurlanan, itən pullarından danışmır. Bəlkə onları da Qəzzafinin pulları ilə susdurublar… Əvəzində siz zəngin lordların, konqresmenlərin yaxasında böyük dövlət qurucularının qızılı statuası ilə yüksək tribunalardan mənəvi təmizlik və siyasi bakirəlik haqda alovlu nitqləri dinləməli olursuz. Məgər, Obama inqilabın baş ideoloqu kimi xanım Klintonla birgə qələbə raportlarını verəndə əlifba sırası ilə A-dan Z-yədək hər yerə hürriyyət çələngi taxacaqlarını vəd etməmişdilər?! Cəmi 20 min dollar pulun üstündə bir ölkəyə az qala sanksiya tətbiq etməyə çalışırlar ki, amandır, qoyma, diktatura qalıqları gəlib onların ərazisində lobbi və ələalma fəaliyyəti aparır. Qəzzafi öləndən sonra isə ən azı 150 milyard avronu Strasburqun həndəvərində əridiblər, CNN-də isə qul kimi satılan bədəvi ərəbinə göz yaşı tökürlər ki, baxın, 21-ci əsrdə hələ də köləlik qalır. Çox əcaib mənzərədir. Azadlıq bəzən diktatura qədər ikrah doğurur... İndi əsas sual budur: daha neçə ərəb dövlətinin pulunu xərcləyib onlara gün ağlamaq olar? Səud krallarının tabutunun altına girən avroliderləri, məsələn, elə, Devid Kemeronu, görəsən, belə əyilməyə vadar edən nədir? Yoxsa, hamı bac-xərac verib inqilabdan canını qurtarır? Krallar ölüblər, cənablar… Lakin onların pullarını xərcləyən demokratlar hələ yaşayır… Axı, pulyuyan camaşırlar ərəb qanını avrolardan və dollarların üstündən necə təmizləməyi yaxşı bilir… Geri qayıt |