Əsas Səhifə > Dünya > Rusiya və İrana təzyiqlə güzəştə məcbur etmək istəyirlər

Rusiya və İrana təzyiqlə güzəştə məcbur etmək istəyirlər


17-03-2018, 11:24
Rusiya və İrana təzyiqlə güzəştə məcbur etmək istəyirlər
Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə əlaqədar rəsmi Tehrana qarşı yeni sanksiyalar tətbiq etməyi təklif ediblər.

FaktXəbərin RT-yə istinadən məlumatına görə, bu barədə Reuters xəbər verib. Yaxın gələcəkdə “qara siyahı”ya əlavə ediləcək şəxslər və təşkilatların adları açıqlanacaq.

Bildirilir ki, yeni sanksiyaların tətbiqi ABŞ administrasiyası ilə razılaşdırılıb.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “Altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

FaktXəbər Analitiklər Qrupu hesab edir ki, son zamanlar Rusiya və İrana qarşı beynəlxalq səviyyədə aparılan kampaniya Qərb dünyasının yeni təzyiq siyasətidir. Belə ki, Qərbin maliyyəsi və hərbi-texniki dəstəyi ilə terrorçuların Suriyada törətdiyi qətliamların və işğalçılığın qarşısı İran və Rusiyanın müdaxiləsindən sonra dayandı. Terrorçuların əlində olan ərazilər isə geri alınmağa başlandı. Rəsmi Dəməşqə təzyiq vasitəsi kimi illərlə ciddi cəhdlə müdafiə olunan Şərqi Quta da son zamanlar itirilməyə başlanılıb. Məhz Şərqi Quta Dəməşqə ən yaxın ərazi olduğu üçün terrorçular vaxtaşırı olaraq oradan paytaxtı raket atəşinə tuturlar. Son zamanlar isə orada yaşayan mülki vətəndaşlardan canlı qalxan kimi istifadə etməklə ərazinin müdafiəsinə çalışırlar. Bundan əlavə, mülki vətəndaşları da öldürüb Suriya ordusunun ayağına yazmaqla beynəlxalq təzyiq yaratmağa cəhd göstərirlər. Bu alınmayanda isə Qərbdəki dəstəkçiləri vasitəsi ilə atəşkəs rejimi yaratmağı hədəflədilər. Sözsüz ki, bu cür atəşkəs rejimlərinin arxasında duran maraqlar İran və Rusiya rəhbərliyi üçün tam aydın olduğuna görə qəbul edilmədi. Trampın İranla əldə olunan nüvə razılaşmasından çıxacaqları ilə bağlı açıqlaması, Rusiyaya qarşı Avropanın sanksiyaları, İngiltərədə keçmiş rus agentinin zəhərləməsinin Rusiya işi olması barədə iddialar, indi isə Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə əlaqədar rəsmi Tehrana qarşı yeni sanksiyalar tətbiq etmə təklifinin arxasında bir məqsəd var: Suriyanın heyfini çıxmaq və ya Suriyada güzəştə məcbur edilmə.

Geri qayıt