Əsas Səhifə > Dünya > Kosovo Serbiya rəsmisini deportasiya edir

Kosovo Serbiya rəsmisini deportasiya edir


27-03-2018, 08:49
Kosovo Serbiya rəsmisini deportasiya edir
Kosovo polisi qadağaya baxmayaraq ölkənin şimalına səfər etmiş Serbiya hökuməti rəsmisini qısa müddətə saxlayıb. Kosovonun xüsusi təyinatlı polisi Serbiya hökumət aparatının rəhbəri Marko Djuric-i martın 26-da etnik baxımdan bölünmüş Mitrovitsa şəhərində saxlayıb.

Rəsmilər bu həbsə etiraz edən etnik serbləri dağıtmaqdan ötrü gözyaşardıcı qazdan istifadə edib.

Djuric Priştinada məhkəməyə aparılıb, daha sonra ölkədən çıxarılıb.

Polis daha öncə bildirmişdi ki, Djuric və Serbiyanın digər rəsmilərinin ölkəyə girişini önləmək məqsədiylə Kosovonun şimalına xüsusi qüvvələr göndəriblər.

Serbiya prezidenti Aleksandar Vucic deyib ki, polisin gücündən istifadə və Djuric-in saxlanması “qəddar provokasiya” və “kriminal hərəkət”ə bərabərdir.

Kosovonun alban çoxluğu 2008-ci ildə Serbiyadan ayrıldığını elan edib, ancaq Belqrad onun müstəqilliyini tanımayıb.

İkitərəfli münasibətlərin normallaşmasnı hədəfləyən, Avropa Birliyinin vasitəçilik etdiyi danışıqlar da dalana dirənib.

Geri qayıt